
Vaşinqtondan hərbi xəbərdarlıq, İsraildə döyüş hazırlığı, Tehrandan sərt təhdidlər… Ən təhlükəli məqam isə budur: İran əvvəlki hücumlarda da zərbənin dəqiq nə vaxt endiriləcəyini bilmirdi. Danışıqlar gedirdi, diplomatiya işləyirdi, amma bombalar düşdü!
Yaxın Şərq yenidən böyük müharibənin astanasındadır. ABŞ və İsrail İran əleyhinə yeni hərbi əməliyyat variantlarını hazır saxlayır. Tehran isə mümkün hücuma raket zərbələri ilə cavab verəcəyini bildirir. Dünya mediasının son məlumatları göstərir ki, tərəflər arasında söz müharibəsi davam etsə də, hərbi qarşıdurmanın yenidən genişlənməsi təhlükəsi aradan qalxmayıb.
Nyus.Az xəbər verir ki, Reuters, Associated Press, İsrailin KAN telekanalı və The Times of Israel nəşri mümkün hücum planları və hərbi hazırlıqlarla bağlı diqqətçəkən məlumatlar yayıb.
ABŞ-dan İsrailə xəbərdarlıq: Müharibəyə hazır olun!
İsrailin KAN telekanalına istinadən yayılan xəbərlərə görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İsrail ordusuna İranla döyüşlərin yenidən başlanması ehtimalına hazır olmaq barədə xəbərdarlıq edib.
İsrailin təhlükəsizlik kabinetinin də orduya hazırlığı gücləndirmək tapşırığı verdiyi bildirilir.
ABŞ-ın regiondakı hərbi hazırlığı barədə başqa məlumatlar da var. Associated Press-in məlumatına görə, Vaşinqton regional müttəfiqlərini İrana mümkün yeni zərbələrə və Tehranın cavab hücumlarına hazır olmağa çağırıb.
ABŞ-ın regiona əlavə qüvvələr göndərdiyi, hərbi-dəniz donanmasını gücləndirdiyi bildirilir.
Reuters: Trampın əlində hücum planı var, amma qərar hələ verilməyib
Reuters-in noyabrın 14-də yaydığı məlumata görə, Donald Tramp İrana qarşı növbəti hərbi əməliyyatları təxirə salmaq imkanını nəzərdən keçirir. Lakin bu, hərbi hazırlıqların dayandırılması demək deyil.
ABŞ-ın üçüncü aviadaşıyıcısının Yaxın Şərqə istiqamətləndirildiyi, İsrail rəsmilərinin isə Vaşinqtonu yeni hərbi kampaniyaya razı salmağa çalışdığı bildirilir.
İsrail mediasında İranın nüvə obyektləri, raket bazaları, pilotsuz uçuş aparatları infrastrukturu və enerji təsərrüfatının mümkün hədəflər sırasında olduğu barədə məlumatlar yayılır.
Tehran da geri çəkilmir. İran rəhbərliyi ölkənin yeni hücuma hazır olduğunu, ABŞ və İsrailin hərbi əməliyyatlarına cavabsız qalmayacağını bəyan edir.
Beləliklə, tərəflər diplomatiyadan danışır, amma eyni zamanda növbəti döyüşün ssenarilərini hazırlayırlar.
Ən təhlükəli məqam: İran əvvəl də xəbərdarlıq edilmədən vurulub!
Burada son dərəcə mühüm tarixi məqamı xatırlatmaq lazımdır.
2025-ci ilin iyununda İranla ABŞ arasında nüvə danışıqları davam edirdi. Diplomatik proses hələ tam qırılmamışdı, növbəti danışıqlar raundu gözlənilirdi.
Amma iyunun 13-də İsrail qəfil hərbi əməliyyata başladı. İranın nüvə və hərbi obyektləri vuruldu, yüksək rütbəli komandirləri öldürüldü. İyunun 22-də isə ABŞ İranın nüvə obyektlərinə birbaşa zərbələr endirdi.
Hücumların dəqiq tarixi əvvəlcədən ictimaiyyətə elan edilməmişdi.
Sonrakı hərbi qarşıdurma da eyni dərsi ortaya qoydu: siyasi bəyanatlar, diplomatik təmaslar və hətta danışıqların davam etməsi hücum ehtimalını aradan qaldırmır.
İran təcrübəsi göstərir ki, müharibənin başlaması üçün mütləq danışıqların rəsmən bitməsi və ya Vaşinqtondan açıq ultimatum verilməsi lazım deyil.
Əksinə, diplomatiya davam etdiyi bir vaxtda hərbi zərbə endirilməsi artıq yaşanmış ssenaridir.
Ona görə də Trampın hücumu təxirə sala biləcəyi barədə son məlumatlar Tehranın təhlükədən qurtulduğu anlamına gəlmir.
Türkiyə və Səudiyyə Ərəbistanı müharibəni dayandırmağa çalışır
Reuters-in məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Trampı yeni hərbi əməliyyatlardan çəkindirməyə çalışırlar.
Ankara və Ər-Riyad genişmiqyaslı müharibənin bütün region üçün ağır nəticələr doğura biləcəyindən narahatdır.
Çünki İranın cavab zərbələri yalnız İsraili deyil, ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərini, enerji infrastrukturunu və strateji nəqliyyat marşrutlarını da təhlükə altına sala bilər.
Hörmüz boğazında mümkün hərbi qarşıdurma isə dünya neft bazarını silkələyə bilər.
Azərbaycan üçün də əsas risklər cənub sərhədlərində təhlükəsizlik, regional nəqliyyat əlaqələrinin pozulması və mümkün humanitar böhranla bağlıdır.
Müharibə sabah da başlaya bilər, bu gecə də…
Hazırda ABŞ-ın İrana yeni hücum əmri verdiyi təsdiqlənməyib. Lakin bunun əksi də — hərbi əməliyyat variantının gündəmdən çıxarıldığı da məlum deyil.
Üstəlik, əvvəlki hücumların təcrübəsi göstərir ki, zərbənin dəqiq vaxtının açıqlanmaması onun baş verməyəcəyi anlamına gəlmir.
Bu gün Tramp danışıqlardan danışa, sabah diplomatik təmaslar davam edə, eyni zamanda hərbi əməliyyat barədə qərar verilə bilər.
İranın qarşısındakı ən böyük təhlükə də məhz budur: hücumun nə vaxt başlayacağını bilməmək.
Vaşinqton hərbi variantı masada saxlayır. İsrail yeni qarşıdurmaya hazırlaşır. Tehran isə cavab zərbələri ilə hədələyir.
Bütün bunlar müharibənin qaçılmaz olduğunu sübut etmir. Amma onun qəfil başlanması ehtimalını da istisna etmir.(Musavat.com)
Nyus.Az

























