
"Qeyri-rəsmi məlumatlara əsasən, noyabrın 5-dən etibarən Azəriqazda növbəti struktur dəyişikliklərinə start veriləcəyi bildirilir.
Deyəsən, bu dəfə qənaət rejimi elə bir səviyyəyə çatacaq ki, axırda idarədə işçidən çox boş kreslo qalacaq!" "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində sözügedən qurumun işçisi Daşqın Abbasov qeyd edib.
O daha sonra bildirir: "Deyilənlərə görə, bu dəfə «kapsent» də yüksək olacaq: imtahanda iştirak etməyənlərə 7,5 və yuxarı misli, imtahandan kəsilənlərə isə 5 misli pul veriləcəyi barədə söz-söhbətlər dolaşır. Yəni görünür, yeni islahat modelində biliyi nümayiş etdirməkdən daha çox, imtahanda iştirak edib-etməməyin iqtisadi əhəmiyyəti var. Hələlik bunlar qeyri-rəsmi söhbətlərdir, amma söhbətlərin özü artıq imtahan verməyə hazırlaşır!
«Kurilka» müzakirələrinə inansaq, bu dəfə hədəfdə regionların rəis müavinləri dayanır. Görünür, vəzifələr də qaz sayğacı kimi hesablanacaq: kim nə qədər az yer tutsa, sistem bir o qədər qənaətcil işləyəcək!
Regionların Kommersiya şöbələrində 10–12 mühəndisdən cəmi 4–7 nəfərin saxlanılacağı deyilir. Deməli, əvvəl 12 nəfərin gördüyü işi indi 4 nəfər görəcək. Qalan 8 nəfərin işi isə çox sadə olacaq: evdə oturub özlərinə sual verəcəklər — «Bəs biz gedəndən sonra bu qədər işin öhdəsindən kim gələcək?»
Qəza-bərpa xidmətlərində də qənaət küləyi əsəcəkmiş. Rayonlarda çalışan 10-cu dərəcəli ustaların dərəcələrinin 8-ci dərəcəyə endirilməsi, 8 usta olan rayonlarda isə sayın 4-ə salınması barədə məlumatlar dolaşır.
Burada ayrıca bir məntiq var: qəza eyni qəza, qaz eyni qaz, vətəndaşın şikayəti də əvvəlki şikayət… Amma usta az, dərəcə aşağı, məsuliyyət isə əvvəlki kimi — bəlkə bir az da artıq!
Sabah rayonun birində qəza baş versə, dörd usta səkkiz ustanın işini görəcək, qalan dörd ustanın yoxluğu isə yəqin ki, hesabatda «optimallaşdırma» adı ilə qeyd olunacaq. Əsas odur ki, cədvəldə rəqəmlər azalsın, sütunlar səliqəli görünsün, hesabatı oxuyan da desin: «Əla, nə gözəl qənaət etmişik!»
Ən maraqlısı isə budur ki, işçilərin sayı azaldıqca işlərin də azalacağına ümid edilir. Halbuki qəza əvvəlcədən xəbər alıb özünü ixtisar etmir, abonent də qazın kəsilməsinə görə şikayətini yarıya bölmür.
Görünən odur ki, yeni islahatın düsturu belə ola bilər:
İşçi azalsın — məhsuldarlıq artsın!
Dərəcə aşağı düşsün — məsuliyyət yuxarı qalxsın!
İş yükü çoxalsın — maaşın taleyinə isə komissiya qərar versin!
Hesabatda qənaət yazılsın — real həyatda qalanlar hər işi çatdırmağa çalışsın!
Əlbəttə, bütün bunlar hələlik qeyri-rəsmi məlumatlar və söz-söhbətlərdir. Rəsmi qərar açıqlanmadan deyilənləri təsdiqlənmiş fakt kimi qəbul etmək olmaz.
Amma bir həqiqət var: islahatın uğuru neçə nəfərin ixtisar olunması ilə yox, xidmətin keyfiyyətinin qorunması, işçinin əməyinin qiymətləndirilməsi və vətəndaşın probleminin vaxtında həll edilməsi ilə ölçülməlidir.
Yoxsa sabah hesabatda hər şey ideal olacaq, işçilər maksimum qənaətlə işləyəcək, rəhbərlik optimallaşdırmanın nəticəsini təqdim edəcək… Bircə qazın özündən xəbər almaq qalacaq: görəsən, o da bu yeni strukturda kimin növbəsində yanacaq?
Çünki işçini azaltmaq asandır, amma az işçi ilə bütün problemləri həll etmək artıq başqa ixtisasdır!"
Nyus.Az

























