
ABŞ prezidenti Donald Tramp İranla müharibənin yalnız raketlərin və hərbi obyektlərin məhv edilməsi ilə yekunlaşmaya biləcəyini göstərən sensasion açıqlama verib. Tramp Vaşinqtonun İranda qalaraq bu ölkənin zəngin neft ehtiyatlarına nəzarət edə biləcəyini istisna etməyib.
Nyus.Az xəbər verir ki, Donald Tramp İrlandiyaya səfəri zamanı jurnalistlərə deyib: “Nəticədə İrandan çıxacağıq. Yalnız Venesuelada olduğu kimi qalıb nefti götürmək qərarına gəlməsək”.
ABŞ prezidenti Venesuelanın neft ehtiyatları üzərində qurulan yeni nəzarət mexanizminin müharibəyə çəkilən xərcləri dəfələrlə ödədiyini də iddia edib. Trampın sözlərinə görə, İranla müharibə Vaşinqtonun şərtlərinə uyğun razılaşma əldə edilərsə, ilin sonlarına doğru başa çata bilər.
Bu, sadəcə Trampa xas sərt və kommersiya yönümlü ritorikadır, yoxsa ABŞ İranın neft sektoruna faktiki nəzarəti nəzərdə tutan real plan hazırlayır?
Hələlik Vaşinqtonun İran ərazilərini işğal etmək və neft yataqlarını hərbi nəzarətə götürmək barədə açıqlanmış rəsmi sənədi yoxdur. ABŞ Müdafiə Nazirliyinin elan etdiyi ilkin məqsədlər İranın raket və dron imkanlarının, hava hücumundan müdafiə sistemlərinin, hərbi aerodromlarının, donanmasının və SEPAH-a aid infrastrukturların sıradan çıxarılması ilə məhdudlaşdırılmışdı.
Lakin Trampın son açıqlaması göstərir ki, müharibənin məqsədləri genişlənə bilər. Əvvəl söhbət İranın nüvə və raket proqramından gedirdisə, indi masaya bu ölkənin əsas sərvəti – neft qoyulur.
ABŞ-nin İranda “qalması” üçün bir neçə mümkün ssenari mövcuddur.
Birinci ssenari İran ərazisinin işğalı deyil, onun neft ixracına dənizdən nəzarətin davam etdirilməsidir. ABŞ Hörmüz boğazında hərbi mövcudluğunu gücləndirə, İranın neft daşıyan gəmilərini və ixrac terminallarını daimi nəzarət altında saxlaya bilər. Vaşinqton artıq İran tankerlərinə qarşı birbaşa hərbi əməliyyatlara başlayıb. CENTCOM sentyabrın 8-də SEPAH-la əlaqələndirdiyi beş İran neft tankerinin məhv edildiyini açıqlayıb.
Belə olan halda ABŞ İran torpaqlarını tutmadan da onun əsas gəlir mənbəyini nəzarətdə saxlaya bilər. Hansı gəminin Hörmüzdən keçəcəyi, İranın kimə və nə qədər neft sata biləcəyi faktiki olaraq Vaşinqtonun qərarından asılı vəziyyətə düşər.
İkinci və Tramp üçün daha cəlbedici görünən variant Venesuela modelidir. ABŞ administrasiyasının öz açıqlamasına görə, Venesuela ilə əldə edilmiş razılaşma Vaşinqtona 65 milyard bareldən çox təsdiqlənmiş neft ehtiyatları üzərində üstün mövqe qazandırıb.
Bu model İranda da tətbiq oluna bilər. Tehran ağır hərbi və iqtisadi təzyiq altında neft satışının bərpası müqabilində ABŞ şirkətlərinə yataqların işlənməsi, ixracın idarə olunması və gəlirlərin bölüşdürülməsi ilə bağlı uzunmüddətli hüquqlar verə bilər. Razılaşma hazırkı İran hakimiyyəti, yaxud müharibədən sonra formalaşacaq keçid administrasiyası ilə bağlana bilər.
Bu halda məqsəd İran neftini birbaşa müsadirə etmək deyil, neft sektorunu Amerika şirkətlərinin və maliyyə sisteminin nəzarətinə keçirmək olar. İran nefti dünya bazarına qayıdar, qiymətlər aşağı düşər, əvəzində Tehran öz enerji müstəqilliyinin mühüm hissəsini itirər.
Üçüncü və ən təhlükəli ssenari İranın neftlə zəngin ərazilərinə birbaşa hərbi nəzarətdir. İranın əsas neft yataqları Azərbaycanla sərhəddə deyil, ölkənin cənub-qərbində, xüsusilə Xuzistan vilayətində cəmləşib. Əsas qaz ehtiyatları və terminallar isə Fars körfəzi sahillərində yerləşir.
Buna görə də ABŞ-nin nefti ələ keçirmək məqsədilə quracağı mümkün hərbi zona birbaşa Azərbaycan sərhədində deyil, Xuzistan–Fars körfəzi–Hörmüz xəttində formalaşmalıdır. Ancaq İranın parçalanması və ya mərkəzi hakimiyyətin süqutu prosesin nəticələrini sürətlə şimala, Azərbaycan sərhədlərinə daşıya bilər.
Beynəlxalq hüquq baxımından isə Trampın səsləndirdiyi “qalıb nefti götürmək” formulu son dərəcə mübahisəlidir. Hərbi işğal işğalçı dövlətə həmin ərazinin suverenliyini və təbii sərvətlərinə sahiblik hüququ vermir. 1907-ci il Haaqa Qaydalarının 55-ci maddəsinə görə, işğalçı dövlət ictimai əmlakın və təbii ehtiyatların sahibi deyil, yalnız müvəqqəti idarəçisi sayıla bilər. O, həmin sərvətlərin əsas dəyərini qorumağa borcludur.
İranın razılığı, BMT Təhlükəsizlik Şurasının mandatı və ya legitim sülh müqaviləsi olmadan neft gəlirlərinin ABŞ-nin hərbi xərclərini ödəmək üçün mənimsənilməsi beynəlxalq hüquqda işğal edilmiş ərazinin sərvətlərinin qanunsuz istismarı kimi qiymətləndirilə bilər.
Deməli, hüquqi cəhətdən ən mümkün yol hərbi işğal deyil, Tehranla və ya gələcək İran hakimiyyəti ilə ağır şərtlərlə imzalanacaq neft müqaviləsidir. Trampın Venesuelanı nümunə göstərməsi də məhz bunu düşündürür.
Bəs ABŞ-nin əsas məqsədi rejim dəyişikliyidirmi?
Rəsmi Vaşinqton uzun müddət əməliyyatın İranın hərbi imkanlarına qarşı yönəldiyini bildirsə də, mövcud hakimiyyət neft, limanlar və ixrac yolları üzərində ABŞ nəzarətini qəbul etməzsə, rejim dəyişikliyi neft planının şərtinə çevrilə bilər. Başqa sözlə, Tramp əvvəlcə Tehranı razılaşmaya məcbur etməyə, bu mümkün olmadıqda isə Vaşinqtonla əməkdaşlığa hazır yeni siyasi mərkəz formalaşdırmağa çalışa bilər.
Ancaq İran İraq deyil. Bu, böyük əraziyə, mürəkkəb etnik-dini quruluşa, güclü dövlətçilik ənənəsinə və milyonlarla silahlı, yaxud səfərbər edilə bilən insana malik ölkədir. İranın tam işğalı ABŞ üçün uzunmüddətli və çox baha başa gələn müharibəyə çevrilə bilər. Buna görə də Vaşinqtonun daha real məqsədi ölkənin tamamını tutmaq deyil, İranın neft ixrac arteriyalarına, limanlarına və satış mexanizmlərinə nəzarət etməkdir.
İranın zəifləməsi və ya parçalanması Azərbaycan üçün avtomatik üstünlük demək deyil. Əksinə, belə proses Azərbaycanın cənub sərhədlərində son dərəcə təhlükəli təhlükəsizlik boşluğu yarada bilər.
İlk risk qaçqın axınıdır. Müharibənin əvvəlki mərhələsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İran daxilində 3,2 milyonadək insanın müvəqqəti olaraq yaşayış yerini dəyişdirdiyini bildirmişdi. Genişmiqyaslı quru əməliyyatı və ya mərkəzi hakimiyyətin çökməsi bu insanların bir qismini Azərbaycan, Türkiyə, Pakistan və Türkmənistan sərhədlərinə yönəldə bilər.
İkinci risk İran ordusu, SEPAH və müxtəlif silahlı qruplaşmalar arasında nəzarətsiz qarşıdurmanın Azərbaycan sərhədinə çatmasıdır. Silah qaçaqmalçılığı, radikal qrupların hərəkəti, sərhəd insidentləri və təxribatlar Bakını əlavə hərbi və təhlükəsizlik tədbirləri görməyə məcbur edə bilər.
Üçüncü təhlükə xarici güclərin Güney Azərbaycan məsələsindən öz geosiyasi məqsədləri üçün istifadə etməsidir. İranın şimal-qərbində yaşayan milyonlarla azərbaycanlı arasında milli hüquqlar, ana dilində təhsil və yerli idarəçilik tələbləri güclənə bilər. Mərkəzi hakimiyyət zəifləsə, bu tələblər daha açıq siyasi hərəkata çevrilə bilər.
Lakin hadisələrin yalnız bir istiqamətdə inkişaf edəcəyini düşünmək doğru olmazdı. Güney Azərbaycanda vahid siyasi mərkəz və hamı tərəfindən qəbul edilən ortaq yol xəritəsi yoxdur. Bir qisim federalizm və geniş muxtariyyət, bir qisim müstəqillik, digərləri isə İranın ərazi bütövlüyü daxilində demokratik dəyişiklik tərəfdarı ola bilər. Xaricdən verilən silah və siyasi vədlər bu müxtəlifliyi daxili qarşıdurmaya da çevirə bilər.
İran hakimiyyətinin mümkün parçalanma təhlükəsinə cavabı isə Güney Azərbaycanda daha sərt repressiyalar, kütləvi həbslər və hərbi nəzarət ola bilər. Bu, Azərbaycan cəmiyyətində böyük emosional reaksiya doğurar və Bakının qarşısına həm humanitar, həm də siyasi seçimlər çıxarar.
Azərbaycan üçün ən rasional xətt sərhədlərin təhlükəsizliyini gücləndirmək, Güney Azərbaycandakı soydaşlarımızın hüquqlarını diqqətdə saxlamaq, eyni zamanda ölkəni İran daxilindəki silahlı qarşıdurmaya çəkmək istəyən xarici planlardan uzaq durmaqdır. Çünki İranın zəifləməsi bəzi taktiki imkanlar yaratsa da, 765 kilometrlik sərhəd boyunca idarəolunmaz xaos Azərbaycanın milli təhlükəsizliyi üçün daha böyük təhdid ola bilər.
Trampın açıqlaması hələlik İranı daha ağır sülh şərtlərinə məcbur etmək üçün söylənmiş siyasi təzyiq də sayıla bilər. Ancaq ABŞ tankerləri vurursa, Hörmüzdə hərbi nəzarət yaradırsa və İran neftinin gələcək taleyini açıq şəkildə müzakirəyə çıxarırsa, artıq söhbət təkcə ritorikadan getmir.
Müharibənin əvvəlində hədəf İranın raketləri idi. Sonra donanması və tankerləri hədəfə çevrildi. İndi isə neft yataqlarının gələcəyi müzakirə olunur. Bu ardıcıllıq göstərir ki, İran uğrunda savaş getdikcə onun sərvətləri uğrunda savaşa çevrilir.
Azərbaycan üçün əsas həqiqət isə budur: İranın neft xəritəsi ölkənin cənubunda yerləşsə də, İranın mümkün parçalanmasının siyasi və humanitar zəlzələsi ilk növbədə onun şimalında – Azərbaycan sərhədlərində hiss ediləcək.
Neft uğrunda savaş uzaqda başlaya bilər, amma onun ən ağır nəticələri sərhəd qonşularının qapısına gəlir. (Musavat.com)
Nyus.Az

























