
İddia: Neftçalanın icra başçısı Mirhəsən Seyidov Şirvanlı kəndində qanunsuz qum karxanası işlədir və həmin karxanada dövlətə aid texnika çalışıdırır
Neftçala rayonunun Şirvanlı kəndindən Poliqon-a daxil olan məliumata görə, İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov kəndin yaxınlığından qanunsuz qum daşımaları həyata keçirir.
Sakinlərin bildirdiyinə görə başçı dövlətin təbii sərvətlərini qanunsuz istismar etməklə yanaşı, dövlətə aid olan texnikanı da həmin ərazidə çalışdırır.
Şirvanlı kəndinin sakinləri bildirirlər ki, gün ərzində onlarla “Kamaz” markalı maşınlar qumla doldurulur və ərazini tərk edirlər.
Poliqon-un araşdırması zamanı məlum olub ki, həmin ərazidə işləyən texnika Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə məxsusdur. Qeyd edək ki, bundan əvvəl də sözü gedən idarənin rəisi Təbriz Eyyubovun icra başçısının qanunsuz işlərinə şərikli olması ilə bağlı məlumatlar yayılıb. O cümlədən Təbriz Eyyubovun qanunsuz fəaliyyətdə olan balıq nohurlarına növbədənkənar su verməsi də Neftçala rayon sakinlərinin narazılığı ilə qarşılanır.
İşin digər maraqlı tərəfi də odur ki, başçını qanunsuz biznesindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli əməkdaşlarının xəbəri var və hətta iddia olunur ki, dövlətin təbii sərvətinin qanunsuz istismar olunmasını elə ETSN əməkdaşları birbaşa həyata keşirirlər. Konkret olaraq söhbət 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Neftçala şöbəsinin əmaəkdaşlarından gedir. Yəni qanunla ölkənin təbii sərvətlərini qorumaqla vəzifəli olan dövlət məmurları karxananın qanunsuz istismarı ilə birbaşa məşğul olurlar.
Bu isə faktiki olaraq ciddi qanun pozuntusudur, eyni zamanda vəzifədən sui-istifadə halıdır. Qeyd edək ki, “Yerin təki haqqında” qanunun 46-cı maddəsi yerin təkindən özbaşına istifadə, istifadənin müəyyən olunmuş qaydalarının pozulması, ətraf mühitin mühafizəsi tələblərinin pozulması və digər hallarda hüquqi məsuliyyət nəzərdə tutur.
Həmçinin dövlət müəssisəsinin balansında olan texnikanın şəxsi və ya kommersiya xarakterli fəaliyyət üçün qanunsuz istifadəsi də hüquqi məsuliyyət yaradır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində vəzifəli şəxsin qulluq mövqeyindən istifadə etməklə qanunla qorunan mənafelərə mühüm zərər vurması halları vəzifə səlahiyyətlərindən sui-istifadə kontekstində qiymətləndirilir.
Azərbaycan prezidentinin “Yerin təki haqqında” qanunun icrasının təmin edilməsi ilə bağlı imzaladığı sənəddə də faydalı qazıntıların çıxarılması ilə məşğul olan şəxslərin fəaliyyətinin qanunvericiliyə uyğunluğunun müəyyənləşdirilməsi, qanunsuz fəaliyyətin qarşısının alınması, ətraf mühitə vurulan zərərin ödənilməsi və zəruri hallarda torpaqların rekultivasiyası ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulur.
İstər Neftçala rayon İcra Hakimiyyətinin, istərsdə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Neftçala şöbəsinin, həmçinin Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin qanun və prezidentin sərəncamından irəli gələn tələbləri pozması ilə bağlı bütün bu iddialar üzərinə əlaqədar qurumların araşdırma aparacağına ümid edirik.
Poliqon məsələ ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətinin, Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyini dərc etməyə hazırdır.
Xüsusilə Şirvanlı kəndində qum çıxarılması üçün hər hansı icazənin olub-olmaması, ərazinin hansı hüquqi şəxsə və ya sahibkara aid olması, dövlət texnikasının həmin ərazidə hansı əsasla işləməsi və dövlət qurumlarının bu fəaliyyət barədə məlumatlı olub-olmaması suallarına aydınlıq gətirilməlidir.
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Nyus.Az

























