
Yaxın Şərqdə gərginlik getdikcə genişlənir və yeni cəbhələrin açılması ehtimalı artır.
Nyus.Az xəbər verir ki, Yəməndə fəaliyyət göstərən Ənsərullah (husilər) hərəkatı ABŞ və İsrailə qarşı müharibəyə qoşula biləcəyini rəsmi şəkildə açıqlayıb.
Hərəkatın yaydığı bəyanatda bildirilir ki, İran, Fələstin, Livan və digər “müqavimət oxu” ölkələrinə qarşı hücumlar davam edərsə, Yəmən Silahlı Qüvvələri birbaşa hərbi müdaxilə edə bilər. Bu qərarın “dini və mənəvi məsuliyyət” əsasında verildiyi vurğulanır.
Ənsərullah xüsusilə Qırmızı dənizin strateji əhəmiyyətinə diqqət çəkərək bəyan edib ki, ABŞ və İsrailin bu marşrutdan İrana qarşı hərbi əməliyyatlar üçün istifadə etməsinə imkan verilməyəcək. Hərəkat eyni zamanda xəbərdarlıq edib ki, regionda eskalasiya davam edərsə, əməliyyatlar genişlənə bilər.
Açıqlamada qeyd olunur ki, Yəmənin mümkün hərbi addımları yalnız ABŞ və İsrailə qarşı yönələcək və digər müsəlman xalqları hədəf almayacaq. Bununla yanaşı, hərəkat region ölkələrini birgə hərəkət etməyə çağıraraq, “sionist planlarına” qarşı kollektiv müqavimətin vacibliyini vurğulayıb.//Musavat.com
Nyus.Az

























