
Almaniyanın avtomobil nəhəngi BMW ölkədə siyasi qalmaqala səbəb olan qərar qəbul edib.
Nyus.Az xəbər verir ki, şirkət sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının nümayəndəsinə xidməti avtomobil verilməsi ilə bağlı təklifini geri götürüb. Hadisədən sonra partiya ABŞ-li milyarder İlon Maska müraciət edib.
Qalmaqal Saksoniya-Anhalt federal torpağının parlament sədri seçilmiş 35 yaşlı Tobias Rauşla bağlıdır.
Oktyabrın 6-da Rauş parlament sədri seçilib. Elə həmin gün BMW rəhbərliyi onun istifadəsi üçün nəzərdə tutulan xidməti avtomobilin lizinq təklifini geri götürüb.
Rauş Almaniya tarixində AfD-dən regional parlamentin sədri seçilən ilk siyasətçidir.
BMW qərarının səbəbini açıqlamayıb. Şirkət nümayəndələri ayrı-ayrı müştərilərlə kommersiya münasibətlərini şərh etmədiklərini bildiriblər.
Lakin yeni parlament sədri qərarın siyasi motivli olduğunu düşünür. O, BMW rəhbərliyinə açıq məktub ünvanlayaraq partiya mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qaldığını bildirib.
Qalmaqalın ən diqqətçəkən tərəfi isə AfD-nin İlon Maskdan kömək istəməsidir.
Partiyanın Bundestaqdakı fraksiyasının sədr müavini Beatriks fon Ştorx sosial şəbəkədə “Tesla”nın rəhbəri İlon Maska müraciət edərək şirkətin Rauşa xidməti avtomobil təqdim etməyə hazır olub-olmadığını soruşub.
Bu müraciət təsadüfi deyil. İlon Mask əvvəllər AfD-ni açıq şəkildə dəstəkləyib, 2025-ci ildə Almaniyadakı seçki kampaniyası zamanı partiyanın lideri Alis Vaydellə birlikdə siyasi təbliğatda iştirak edib.
Maraqlıdır ki, BMW-nin baş direktoru Milan Nedelkoviç qalmaqaldan bir neçə gün əvvəl sağçı populizmi və millətçiliyi beynəlxalq ticarətdən asılı olan Almaniya iqtisadiyyatı üçün zəhər adlandırmışdı.
Almaniya mediasının məlumatına görə, Rauş hələlik sələfi Qunnar Şellenbergerin istifadə etdiyi BMW 7 Series avtomobilindən yararlanır. Həmin avtomobil cəmi doqquz ay ərzində 50 min kilometrdən artıq məsafə qət edib.
Lakin avtomobilin lizinq müqaviləsi noyabrda başa çatacaq. Parlament administrasiyası həmin vaxta qədər yeni xidməti avtomobil tapmalıdır.
Diqqətçəkən başqa məqam isə “Mercedes-Benz” və “Audi” kimi digər iri Almaniya istehsalçılarının da parlament sədrinin xidməti avtomobili üçün təklif təqdim etməməsidir. (Musavat.com)
Nyus.Az
























