Kəlbəcərdə çalışdılar, zəhmətlərinin qarşılığını ala bilmədilər – 22 usta və fəhlənin 59 300 manatlıq əməkhaqqı iddiası - VİDEO
Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı quruculuq və abadlıq işlərinə başlanılıb. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr doğma yurdlarımızın yenidən qurulması ilə yanaşı, minlərlə insanın məşğulluğuna da şərait yaradıb.
Lakin təəssüf ki, bu böyük quruculuq prosesində bəzi vətəndaşların əmək hüquqlarının pozulması ilə bağlı iddialar da gündəmə gəlir. Belə ki, Kəlbəcər rayonunun Zər kəndində tikinti işlərində çalışdıqlarını bildirən bir qrup usta və fəhlə gördükləri işin müqabilində əməkhaqlarını ala bilmədiklərini iddia edirlər.
Bu barədə bir qrup vətəndaş Nyus.Az-ın elektron poçt ünvanına video və yazılı müraciət göndərərək redaksiyadan məsələnin ictimailəşdirilməsini və araşdırılmasına kömək göstərilməsini xahiş edib.
59 300 manatlıq əməkhaqqı iddiası
Redaksiyamıza təqdim olunan müraciətdə bildirilir ki, vətəndaşlar 1 iyul 2026-cı il tarixindən etibarən Kəlbəcər rayonunun Zər kəndində tikinti işlərinə cəlb olunublar. Ümumilikdə 22 usta və 1 fəhlədən ibarət kollektiv onlara həvalə edilən tikinti işlərinin böyük hissəsini yerinə yetirib. Lakin müraciət müəlliflərinin sözlərinə görə, gördükləri işlərin müqabilində ümumilikdə 59 300 manat məbləğində əməkhaqqı bu günədək ödənilməyib. Vətəndaşlar iddia edirlər ki, ödəniş məsələsi ilə bağlı dəfələrlə Hüseynov Məhərrəmlə əlaqə saxlasalar da, onlara əməkhaqlarının “Amazon” MMC tərəfindən ödənilməli olduğu bildirilib. Həmin şirkət tərəfindən ödənişin həyata keçirilmədiyi əsas gətirilərək məsuliyyətin digər tərəfin üzərinə yönəldildiyi qeyd olunur.
Şirkətlər arasında ödəniş mübahisəsi, bəs ustaların zəhmət haqqı necə olacaq?
Müraciətdə göstərilən digər məqamlara əsasən, “Amazon” MMC tikinti işlərinin həyata keçirilməsi üçün “HQ Təşəron” şirkətinə ödənişlərin edildiyini iddia edir. “HQ Təşəron” şirkətinin rəhbəri Hüseynov Məhərrəm isə, vətəndaşların bildirdiyinə görə, ödənişin həyata keçirilmədiyini söyləyir. Beləliklə, tərəflərin bir-birinə zidd açıqlamaları fonunda ortaya ciddi sual çıxır: Tikinti işləri görülüb, əmək sərf olunub, layihənin böyük hissəsi yekunlaşdırılıbsa, bəs 22 ustanın və bir fəhlənin zəhmət haqqı niyə ödənilmir? Vətəndaşlar bildirirlər ki, “Amazon” MMC-nin həmin dövrdə direktor vəzifəsində çalışmış Əbülfət adlı şəxslə, daha sonra bu vəzifəyə təyin olunan Elçin adlı şəxslə dəfələrlə görüşməyə çalışıblar. Lakin onların iddiasına görə, bütün müraciətlərə baxmayaraq, problem indiyədək həllini tapmayıb.
Aidiyyəti qurumlar məsələyə aydınlıq gətirməlidir
Qeyd edək ki, söhbət sadəcə şirkətlər arasında yaranmış maliyyə mübahisəsindən getmir. Burada bir neçə ay əmək sərf etmiş, ailələrinin dolanışığını təmin etmək üçün çalışmış insanların haqq etdiyi vəsaiti ala bilməməsi iddiası gündəmə gətirilir. Qarabağda aparılan quruculuq işləri dövlətimizin və xalqımızın böyük zəhməti və fədakarlığı hesabına həyata keçirilir. Bu prosesdə çalışan insanların əməkhaqlarının vaxtında və tam ödənilməsi isə hər bir işəgötürənin məsuliyyətidir.
Nyus.Az olaraq məsələ ilə bağlı “Amazon” MMC-nin, “HQ Təşəron” şirkətinin və adı çəkilən şəxslərin mövqeyini öyrənməyə, qarşı tərəfin açıqlamasını dərc etməyə hazırıq. Ümid edirik ki, aidiyyəti qurumlar vətəndaşların müraciətini araşdıracaq, 59 300 manatlıq əməkhaqqı iddiasına hüquqi qiymət veriləcək və zəhmətkeş insanların hüquqlarının təmin olunması istiqamətində müvafiq tədbirlər görüləcək.