
Xudu Məmmədov küçəsi, 78 ünvanında aparıldığı iddia edilən tikinti işləri ciddi suallar doğurur: aidiyyəti qurumlar bu prosesdən xəbərdardırmı?
Çoxmənzilli yaşayış binalarında qanunsuz artırmalar, əlavə mərtəbələrin inşası və mövcud tikililərin konstruksiyasına müdaxilə son illər paytaxtın ən ciddi şəhərsalma problemlərindən birinə çevrilib. Belə müdaxilələr yalnız şəhərin memarlıq görünüşünü dəyişmir, eyni zamanda binaların konstruktiv dayanıqlığına, sakinlərin təhlükəsizliyinə və ətraf mühitə də ciddi təsir göstərə bilər.
Təəssüf ki, Xətai rayonunda qanunsuz tikinti və artırma iddiaları ilə bağlı narahatlıq doğuran faktlar yenidən gündəmə gəlib.
Belə ki, son günlər Nyus.Az redaksiyasının elektron poçtuna Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 78 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasına əlavə bir mərtəbənin inşa edildiyini əks etdirən video görüntülər daxil olub.
Redaksiyamıza təqdim olunan görüntülərdən belə görünür ki, binanın üzərində əvvəlcə dam örtüyü təsiri bağışlayan hissə sonradan əlavə mərtəbənin inşası üçün nəzərdə tutulmuş ola bilər. Hazırda isə həmin hissədə mərtəbə artırılması ilə bağlı tikinti işlərinin aparıldığı müşahidə olunur.
Məsələni yerində araşdırmaq məqsədilə Nyus.Az əməkdaşları sözügedən ünvanda olublar. Ərazidə apardıqları müşahidələr zamanı tikinti işlərinin davam etdiyinin şahidi olublar. Bu mənzərə isə binada aparılan dəyişikliklərin qanuniliyi ilə bağlı ciddi suallar yaradır.
Sakinlər nə deyir?
Adının açıqlanmasını istəməyən sakinlərdən biri əməkdaşlarımıza bildirib ki, sözügedən bina vaxtilə altımərtəbəli inşa edilib, sonradan onun üç mərtəbəsi sökülərək yalnız üç mərtəbəsi saxlanılıb.
Sakinlərin sözlərinə görə, binanın yerləşdiyi ərazi Bakı şəhəri 245 nömrəli tam orta məktəbin yaxınlığında olduğundan burada aparılan tikinti işləri əlavə narahatlıq yaradır. Tikinti zamanı yaranan toz-torpaq, səs-küy və digər narahatlıqlar ətrafda yaşayan insanların gündəlik həyatına mənfi təsir göstərir.
Əgər binanın üzərinə həqiqətən də əlavə mərtəbə inşa edilirsə, bu zaman ən vacib məsələlərdən biri tikilinin konstruktiv dayanıqlığının və təhlükəsizlik tələblərinin necə təmin olunmasıdır. Çoxmənzilli yaşayış binasının layihəsinə müdaxilə və əlavə mərtəbənin inşası müvafiq texniki ekspertiza, şəhərsalma normaları və qanunvericiliyin tələbləri baxımından qiymətləndirilməlidir.
Aidiyyəti qurumlar niyə susur?
Ortaya bir sıra mühüm suallar çıxır: Xudu Məmmədov küçəsi, 78 ünvanında yerləşən binanın üzərinə əlavə mərtəbə inşa edilməsinə hansı əsasla başlanılıb? Tikinti üçün müvafiq icazə sənədləri mövcuddurmu? Binanın əvvəlki layihəsində belə bir artırma nəzərdə tutulubmu? Əlavə mərtəbənin inşasının binanın daşıyıcı konstruksiyalarına təsiri araşdırılıbmı?
Xətai Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti bu məsələ ilə bağlı hansı mövqedədir?
Əgər tikinti qanuni əsaslarla aparılırsa, aidiyyəti qurumlar bunu təsdiqləyən sənədləri ictimaiyyətə açıqlamalıdırlar. Əks halda, qanunsuz tikinti ehtimalı araşdırılmalı və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməlidir.
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında şəhərsalma sahəsində qanunçuluğun qorunmasının, qanunsuz tikintilərə qarşı mübarizənin və məmur məsuliyyətinin vacibliyini vurğulayıb. Buna baxmayaraq, paytaxtın ayrı-ayrı ərazilərində bu kimi iddiaların yenidən gündəmə gəlməsi nəzarət mexanizmlərinin effektivliyi ilə bağlı haqlı suallar doğurur.
Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərovun rəhbərlik etdiyi qurumun bu məsələyə münasibəti necə olacaq? Binanın texniki vəziyyəti və əlavə mərtəbənin təhlükəsizlik baxımından yaratdığı mümkün risklər araşdırılacaqmı?
Nyus.Az olaraq hesab edirik ki, insanların təhlükəsizliyi hər hansı tikinti marağından üstün tutulmalıdır. Şəhərsalma qaydalarına əməl olunması, yaşayış binalarının konstruktiv təhlükəsizliyinin qorunması və sakinlərin hüquqlarının müdafiəsi aidiyyəti qurumların əsas vəzifələrindən biridir.
Redaksiyamız Xudu Məmmədov küçəsi, 78 ünvanında aparılan tikinti işlərinin qanuniliyinin araşdırılmasını və aidiyyəti dövlət qurumlarının məsələyə rəsmi münasibət bildirməsini gözləyir.
Mövzu ilə bağlı araşdırmamız davam edir.
Nyus.Az

























