
Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalının yeni korpuslarının tikintisi işlərinin satın alınması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “TVM İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 5.014.736,87 manat məbləğində müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 16.09.2026-cı ildə dərc edilib.
Qeyd edək ki, “Azərterminalkompleks” Birliyi ilə “TVM İNŞAAT” MMC arasında bağlanmış bu müqavilədə bir çox şübhəli məqamlar açıq-aydın görsənməkdədir.
Belə ki, “Azərterminalkompleks” Birliyi “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 15.1.-ci maddəsində göstərilir: Bu Qanunuun 3.12-ci və 15.3-cü maddələrinin (Məxfi məlumatlarla əlaqəli satınalmalar və bu satınalmalarla bağlı prosedurlar kağız daşıyıcılarında həyata keçirilir) tələbləri nəzərə alınmaqla, satınalma yalnız portal vasitəsilə həyata keçirilir.
Bundan əlavə, sözügedən qanunun 49-cu maddəsinə görə: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda.
Göründüyü kimi “Azərterminalkompleks” Birliyi xüsusi hüquqlara malik olsa belə, onlarca alternativi olan bir şirkət ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da əsaslı şübhələrə yol açır.
Belə ki, “TVM İNŞAAT” MMC-vin hazırda 13 797 571.69 manat vergi borcu var. Onlarca alternativi olduğu halda, milyonlarla manat vergi olan bir MMC ilə bir mənbədən satınalma metodu ilə müqavilə bağlanılması nə dərəcədə qanunauyğundur.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “TVM İNŞAAT” (VÖEN: 1101408601) Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 25.07.2016-cı il tarixdə dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, QARADAĞ RAYONU, MÜŞFİQABAD ŞTQ, MÜŞFİQABAD QƏSƏBƏSİ, ev.3D, m.8, qanuni təmsilçisinin isə Bayramlı Feyzulla Əbülfət oğlu olduğu qeyd edilib.
MMC-nin ilk qanuni təmsilçisi Nadirov Tofiq Həmid oğlu olub. Daha sonra Ağayev Musa Nizaməddin oğlu, müxtəlif vaxtlarda MMC-yə qanuni təmsilçilik ediblər. “TVM İNŞAAT” MMC-nin hazırda dövlətə 13 797 571.69 manat vergi borcu var.
Bəs bu qədər vergi borcu olan şirkətin satınalmalarda iştirakına yol verilirmi?
“Dövlət satınalmaları haqqında” qanunun 23.3.5.1. maddəsi (Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olması;) vergi borcu olan hər hansı bir təchizatçının satınalmalarda iştirakına yol vermir.
Bu vergi borcunun sonradan yaranmış olması ehtimalı yoxdur. Çünki, müqavilənin bağlandığı tarixdən daha əvvəllər də mediada “TVM İNŞAAT” MMC-nin küllüi miqdarda vergi borcu olması barədə məlumatlar yayılıb. Maraqlıdır, müqavilə bağlanan tarixdə MMC vergi borcu barədə rəsmi arayışı necə təqdim edib. Arayışda borcun olmadığı göstərilibsə bunu Vergilər Xidmətindən necə əldə edib?
Qeyd etdiyimiz kimi bu sonradan hesabatların təqdim edilməsi nəticəsində öhdəliyin yaranması deyil. Mediada yayılan araşdırma materialına görə bu ilin martında “TVM İnşaat” MMC-nin öhdəlikləri yerinə yetirmədiyinə dair iddialar yer alıb. Şirkətin adı konkret olaraq Ağdamın Xıdırlı kəndində tikilən evləri su basması hadisəsində hallanıb. Materialda qeyd olunub ki, şirkət bu iddiaları təkzib etməyib. Həmçinin iddialara görə, “TVM İnşaat” şirkətinin subpodratçılara 100 milyondan manatdan çox borcu olsa da, ödəməkdən yayınır. Bu, şirkətin maliyyə böhranı keçirməsi ilə əlaqələndirilir.
Açıq mənbələrdə “TVM İnşaat” MMC haqqında geniş məlumatlar yoxdur. Şirkətin nə əlaqə telefonlarına, nə də internet səhifəsinə rast gəlinmir. Bu baxımdan, “TVM İnşaat” MMC-nin maddi-texniki bazasının hansı səviyyədə olması bəlli deyil. Lakin şirkət haqqında dərc edilən araşdırma metrialındakı iddialara əsaslansaq “TVM İnşaat” MMC-nin sadəcə tender əməliyyatlarında istifadə edilməsi üçün təsis edilən şirkətlərdən biri olduğunu söyləmək mümkündür. Yeri gəlmişkən, həmin materialdakı iddiaların heç biri şirkət tərəfindən təkzib olunmayıb.
Yayılan məlumatlara əsasən, “TVM İnşaat” MMC və “İnnova İnşaat” MMC şirkətlərinin faktiki sahibi eyni adamdır. “TVM Anar” kimi məşhurlaşan bu şəxs hal-hazırda üzərinə götürdüyü yüz milyonlarla manatlıq öhdəliyi yerinə yetirə bilmədiyi də məlumatlarda bildirilir.
Buradan suallar yaranır. Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi milyonlarla manat vergi öhdəliyi olan “TVM İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətini hansı əsaslarlarla qalib seçib?
Milli Məclisin növbədənkənar iclasında “Dövlət satınalmaları haqqında” Qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, satınalma prosedurlarında iştirak edən malgöndərənlərin (podratçıların) vergi öhdəlikləri ilə bağlı tələblər sərtləşdirilib. Qüvvədə olan qanuna əsasən, satınalmada iştirak edənlərin vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəlikləri olmamalıdır. Təklif edilən dəyişikliyə əsasən, son 1 il ərzində vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması tələb ediləcək.
Bəs bu “TVM İNŞAAT” MMC-dən niyə tələb olunmur? Bu tələbi “Azərterminalkompleks” Birliyi niyə əməl etmir? Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi milyonlarla manat vergi öhdəliyi olan “TVM İNŞAAT” MMC-nin qalib seçilməsinə hansı əsalarla razılıq verib?
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin rəisi Kənan Aşurludur. Kənan Aşurlu uzun illər Fövqəlada Hallar Nazirliyində işləyib. O, 2019-cu ilin sonunadək Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb. 2022-ci ilin avqust ayında “Azərterminalkompleks” Birliyinə rəhbər təyin olunub. 2024-cü ilin yanvarında Prezident İlham Əliyevin Sərəncamına əsasən gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.(Aktualinfo.net)
Nyus.Az

























