
“İlk oyunu nəzərə alsaq, bizi çətin sınaq gözləyir”.
Nyus.Az İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Sumqayıt”la qarşılaşacaq “Fehervar” baş məşqçisi Tamaş Pete deyib.
Macarıstanlı mütəxəssis Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu haqqında fikirlərini bölüşüb. Pete “Sumqayıt”la görüşdə ehtiyatlı davranmalı olduqlarını bildirib: “Səfər matçında qələbə qazansaq da, rəqib çox aqressiv oynadı. Onlar meydanda çox hərəkət edirdilər. Sabah bizim başqa məqsədimiz olacaq. Azarkeşlərimiz qarşısında ilk oyunda qələbə qazanmaq istəyirik. Azərbaycan klublarının ötən həftə 4 görüşün 3-də qələbə qazanması onların gücündən xəbər verir. Biz ehtiyatlı olmalıyıq. Rəqibə hörmət edirik, amma məqsədimiz qələbə qazanıb növbəti mərhələyə yüksəlməkdir”.
Qeyd edək ki, “Fehervar” ilk görüşdə “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəlib. Cavab matçı sabah saat 21:00-da start götürəcək.
Nyus.Az

























