
Sumqayıt şəhərində növbəti narazılıq doğuran hadisə gündəmə gəlib. Şəhərin təmizliyinə cavabdeh olan işçilərin bir neçə aydır əməkhaqqı ala bilməməsi ciddi narazılığa səbəb olub. Əməkhaqlarını tələb edən işçilər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Maraqlıdır ki, bir neçə gün sonra – noyabrın 22-də Sumqayıt şəhərinə status verilməsinin 77-ci ildönümü qeyd olunacaq. Belə bir əlamətdar tarix ərəfəsində şəhərin kommunal təsərrüfatında çalışan insanların aylardır əməkhaqqı ala bilməməsi xüsusilə düşündürücüdür. Görəsən, şəhərin küçələrinin təmizliyinə, abadlığına cavabdeh olan işçilərin öz sosial problemləri ilə baş-başa qalmasına kim cavabdehdir?
Söhbət Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən gedir. Məlumatlara görə, qurumun rəisi Hüseyn Həsənovun adı şəhərdə yalnız vəzifəli şəxs kimi deyil, həm də iş adamı kimi hallanır. Belə ki, Xırdalan dairəsi ərazisində yerləşən “Abşeron” restoranının da ona məxsus olduğu bildirilir.
Diqqət çəkən digər məqam isə Hüseyn Həsənovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla qohumluq əlaqəsidir. Belə ki, yayılan məlumatlara əsasən, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Hüseyn Həsənov şəhər icra başçısının bacısı oğludur.
Bu məqam istər-istəməz bir sıra suallar doğurur: Sumqayıtın kommunal təsərrüfatı kimi mühüm sahəsinə rəhbər təyinatı hansı meyarlar əsasında həyata keçirilib? İşçilərin aylardır əməkhaqqı ala bilməməsinin səbəbi nədir? Qurum rəhbərliyi bu vəziyyətlə bağlı hansı izahatı verəcək?
Əgər kommunal təsərrüfat işçilərinin əməkhaqlarının ödənilməsində problem yaranıbsa, bunun səbəbləri ictimaiyyətə açıqlanmalı, məsul şəxslər isə konkret cavab verməlidirlər. Şəhərin təmizliyini təmin edən insanların öz zəhmətlərinin qarşılığını ala bilməməsi nə idarəçilik prinsipləri, nə də sosial ədalət baxımından qəbuledilən vəziyyətdir.
Digər tərəfdən, dövlət qurumlarında kadr təyinatları zamanı qohumluq əlaqələrinin deyil, peşəkarlığın və idarəçilik bacarığının əsas götürülməsi vacibdir. Bu baxımdan, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi səslənən iddialara aydınlıq gətirməli, ictimaiyyəti maraqlandıran sualları cavablandırmalıdır.
Nyus.Az olaraq məsələni diqqətdə saxlayacaq, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mövqeyini öyrənməyə çalışacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Nyus.Az

























