
Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin baş müşaviri, İdarə Heyətinin üzvü Esma Özdaşlı Modern.az-a eksklüziv açıqlamasında partiya sədri Dövlət Bağçalının Azərbaycana dəvət olunduğunu bildirib.
O qeyd edib ki, Bağçalının hazırkı iş qrafiki sıxdır. Bununla belə, Azərbaycana yaxın günlərdə səfər müzakirə olunur. Səfərlə bağlı yekun qərar veriləcək.
Söhbət zamanı Esma Özdaşlı Dövlət Bağçalının Azərbaycana dəstəyini də xüsusi vurğulayıb. O, Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz və toxunulmaz olduğunu, heç kimin bu münasibətlərə zərər verə bilməyəcəyini bildirib.
Bundan öncə Türkiyənin hakim koalisiyasının (AKP-MHP) adını daşıyan “Cümhur İttifaqı” səhifəsi Feysbuk hesabında paylaşıb: “Ayıq-sayıq olaq! Bütün dünya xainləşib. İran, Rusiya və Ermənistanın agentləri açıq-açkar, İsrail casusları isə gizli şəkildə sayın İlham Əliyevə hücum edir. Demək ki, TÜRK-ün birlik və bərabərlik içində olmasından bütün dünya narahatdır”.
Qeyd edək ki, oktyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyevin Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) zirvəsində iştirak etməməsi Bakı ilə Ankara arasında münasibətlərin gərginləşməsi ilə bağlı ciddi müzakirələrə səbəb olub. Məsələ təkcə bir prezidentin sammitə qatılmaması deyil. Son həftələrdə iki ölkə arasında daxili siyasətə müdaxilə, dini məsələlər, İsraillə münasibətlər və diplomatik qarşılıqlılıq mövzularında fikir ayrılıqları üzə çıxıb. Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik davam edir, amma bu hadisələr göstərir ki, iki ölkənin siyasi maraqları bütün məsələlərdə üst-üstə düşmür.
Bağçalının Bakıya gəlişi “buzları əridəcək”?
Siyasi şərhçi Azər Həsrət Musavat.com-a bildirib ki, vəziyyət həqiqətən də ciddidir: “Nə Türkiyədə, nə də Azərbaycanda heç bir siyasətçinin haqqı yoxdur ki, münasibətləri bu həddə gərginləşdirsin. Ona görə də ağsaqqallar hərəkətə keçməli və gərginlik aradan qaldırılmalıdır. Biz Türkiyəyə baxanda ilk ağlımıza gələn MHP başqanı Dövlət Bağçalıdır. O, elə bir partiyaya başqanlıq edir ki, türk dünyasına açıqdır. Düzdür, o partiya yetərincə türk dünyasına açıla bilmir, amma ən azından Bağçalı başda olmaqla, MHP-də türk dünyasına könül vermiş insanlar var. Onlar türk dünyasında ixtilafların olmaması üçün hamıdan öndə hərəkət etməlidirlər. O baxımdan Dövlət bəyin Azərbaycana səfərini yubatmaq lazım deyil”.
Azər Həsrətin fikrincə, həm Türkiyədə, həm Azərbaycanda antitürk ovqatlı şəxslər vəziyyətdən sui-istifadə edir: “Düzdür, sağlam yanaşanlar milyonlarla insan var, ancaq Rusiyanın, İranın və digər antitürk dövlətlərin uzantılarının vəziyyətdən istifadə etdiyin görməmək mümkün deyil. Ona görə də böyüklər bir araya gəlməli, narazılıqlar danışılmalıdır”.
Nyus.Az

























