
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Şirak vilayətinin qubernatorunun qalmaqallı açıqlamasına sərt reaksiya verib.
Nyus.Az xəbər verir ki, Zaxarova keçirdiyi brifinqdə erməni məmurun ilk növbədə öz xalqını alçaltdığını bildirib.
Rusiya XİN rəsmisi qubernatorun sovet əsgərləri barədə işlətdiyi ifadələri nasist Almaniyasında slavyan xalqlarına qarşı istifadə olunan təhqiramiz ritorikanın təkrarı adlandırıb.
Zaxarova bu cür ifadələrin qəbuledilməz olduğunu, xüsusilə dövlət vəzifəsi tutan şəxslərin belə açıqlamalar verməməli olduğunu vurğulayıb.
O xatırladıb ki, nasistlərin “İvanlar” və ya “qırmızı İvanlar” adlandırdıqları sovet hərbçiləri arasında təxminən yarım milyon etnik erməni də olub.
Zaxarova həmçinin sovet marşalı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş İvan Baqramyanın, eləcə də Ayvazovski, Tevosyan və İsakov kimi tanınmış ermənilərin adlarını çəkib.
“Həmin ‘İvanlara’ iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş marşal Ovanes Xaçaturoviç Baqramyan komandanlıq edirdi”, – deyə Zaxarova bildirib.
Rusiya XİN nümayəndəsi “İvan” adının erməni dilindəki “Ovanes” və “Ohanes” adları ilə eyni mənşədən gəldiyini də xatırladıb.
“Erməni dilində İohann adı Ovanes və ya Ohanes kimi səslənir. Bu ad İoann Krestiteldən (Vəftizçi Yəhya) gəlir. İvan adı da eyni kökə malikdir. Görünür, məhz bu ad erməni qubernatorun xoşuna gəlməyib”, – deyə diplomat bildirib.
Zaxarova erməni qubernatora xalqının tarixini xatırlatmaq niyyətində olduğunu da açıqlayıb.
“Mən ona xalqının və torpağının tarixini danışacağam. Dünyanın harasında yaşamasından asılı olmayaraq, erməni xalqından xahiş edəcəyəm ki, bu sözlərimi ona çatdırsınlar. Çünki biz bu məsələdə özümüzü bir-birimizdən ayırmırıq. Axı marşal Baqramyan özü də özünü İvan adlandırırdı”, – deyə Zaxarova vurğulayıb.
Xatırladaq ki, sovet marşalı İvan (Ovanes) Baqramyan 1897-ci il dekabrın 2-də, Azərbaycan ərazisinin Rusiya imperiyasının tərkibində olduğu dövrdə Yelizavetpol (Gəncə) dəmir yolu stansiyasında anadan olub. Onun valideynləri Şəmkir rayonunun Çənlibel (keçmiş Çardaqlı) kəndindən olublar.
Baqramyan uşaqlıq illərini Gəncədə keçirib, 1907–1912-ci illərdə burada dəmir yolu məktəbində təhsil alıb. 1915-ci ildə Yelizavetpol dəmir yolu stansiyasında texnik kimi işləyib, həmin ilin oktyabrında isə çar Rusiyasının ordusuna könüllü yazılıb.
Maraqlıdır ki, Baqramyan özünün “Mənim xatirələrim” kitabında azərbaycanlılarla münasibətlərindən də geniş bəhs edib. O, uşaqlıq illərində atasının yanında çalışan İran azərbaycanlıları ilə ünsiyyət nəticəsində Azərbaycan dilini öyrəndiyini yazıb.
Marşal xatirələrində Azərbaycan dilində sərbəst danışa bildiyini, azərbaycanlı dostları ilə onların ana dilində ünsiyyət saxladığını xüsusi qeyd edib.
Baqramyan atasının yanında işləyən Hüseynəli və Həsənəli adlı iki azərbaycanlı qardaşı da xatırlayıb. Onun sözlərinə görə, Həsənəli uşaqlara Molla Nəsrəddin haqqında Azərbaycan xalq nağılları danışırmış.
Baqramyan həmçinin Çardaqlı (indiki Çənlibel) kəndinin ətrafındakı erməni və azərbaycanlı kəndlərinin (ermənilər sonradan bütün Azərbaycan ərazilərinə köçürülüb) sakinləri arasında yaxın münasibətlərin olduğunu, ailələrin bir-birinə “dost” və “kirvə” dediklərini yazıb. (Musavat.com)
Nyus.Az

























