
Bakı–Sumqayıt şosesinin Abşeron rayonu ərazisindən keçən hissəsində çoxillik zeytun və şam ağaclarının kəsilməsi ilə bağlı iddialar araşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən redaksiyamıza bildirilib ki, ağaclar Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən kəsilib.
Yaşıllıqların qorunması, ağacların qanunsuz kəsilməsinin qarşısının alınması və ətraf mühitin mühafizəsi bu gün cəmiyyətin diqqət mərkəzində olan mühüm məsələlərdəndir. Lakin təəssüf ki, Abşeron rayonunda ağacların kəsilməsi ilə bağlı narahatlıq doğuran məlumatlar yenidən gündəmə gəlib.
Prezident İlham Əliyevin “Yaşıllıqların mühafizəsi haqqında” qanunun tətbiqi barədə fərmanına baxmayaraq, yaşıllıqların qorunması ilə bağlı yaranan suallar ictimaiyyətin diqqətini cəlb edir. Bəs görəsən, yaşıllıqların mühafizəsinə cavabdeh olan qurumlar bu istiqamətdə üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirirlərmi?
Bu günlərdə Nyus.Az xəbər portalının redaksiyasına Bakı–Sumqayıt şosesinin Abşeron rayonu ərazisindən keçən hissəsində çoxillik zeytun və şam ağaclarının kəsilməsi ilə bağlı video görüntülər daxil olub.
Məlumatı dəqiqləşdirmək məqsədilə redaksiyanın əməkdaşları əraziyə baxış keçiriblər. Baxış zamanı həqiqətən də təxminən 10–12 ağacın kəsildiyinin şahidi olublar.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumunun mövqeyini öyrənmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlanılıb. Redaksiyaya bir gün sonra verilən cavabda ağacların Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən kəsildiyi bildirilib.
Bununla belə, ağacların hansı əsasla, hansı zərurətdən və müvafiq icazə əsasında kəsildiyi barədə əlavə suallar açıq qalır. Redaksiyamız Abşeron Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsa da, hələlik qurumdan münasibət almaq mümkün olmayıb.
Ərazidə hansı işlər aparılır?
Ağacların kəsilməsi ilə bağlı yaranan sualların cavablandırılması vacibdir. Ərazidə hansı işlərin həyata keçirilməsi planlaşdırılır? Ağacların kəsilməsi zəruri olubmu? Bu işlər üçün qanunvericiliyin tələblərinə uyğun müvafiq icazələr alınıbmı?
Ən əsası, kəsilən ağacların yerində hər hansı tikinti və ya başqa fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulurmu?
Hazırda ərazinin satılması və ya tikinti məqsədilə istifadəyə verilməsi barədə redaksiyamızın əlində təsdiqlənmiş məlumat yoxdur. Lakin ağacların kəsilməsi faktı və bu prosesin səbəbləri ilə bağlı yaranan suallar aidiyyəti qurumların aydın izahını zəruri edir.
Abşeronda şəhərsalma və yaşıllıqların qorunması məsələsi
Son dövrlər Abşeron rayonunda tikinti işləri ilə bağlı müxtəlif iddialar və vətəndaş narazılıqları gündəmə gəlir. Belə bir şəraitdə yaşıllıqların qorunması, torpaq sahələrinin təyinatı və tikinti işlərinin qanunvericiliyə uyğun aparılması məsələləri xüsusi diqqət tələb edir.
Ağacların kəsilməsi ilə bağlı hər bir fakt obyektiv araşdırılmalı, qanun pozuntusu müəyyən edilərsə, məsul şəxslər barəsində qanunauyğun tədbirlər görülməlidir. Əgər kəsinti zəruri olubsa, bunun səbəbləri, hüquqi əsasları və görülən tədbirlər ictimaiyyətə açıqlanmalıdır.
Unutmaq olmaz ki, yaşıllıqlar yalnız ərazinin görünüşünü yaxşılaşdırmır, həm də ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır. Çoxillik ağacların məhv edilməsi isə ətraf mühitə təsiri baxımından ciddi yanaşma tələb edən məsələdir.
İcra hakimiyyəti məsələyə aydınlıq gətirməlidir
Nyus.Az olaraq Abşeron Rayon İcra Hakimiyyətindən bir sıra suallara cavab gözləyirik: ağaclar hansı səbəbdən kəsilib, bu işlər üçün hansı hüquqi əsaslar mövcud olub və ərazidə gələcəkdə hansı fəaliyyətin həyata keçirilməsi planlaşdırılır?
Redaksiyamız məsələni diqqətdə saxlayır. Abşeron Rayon İcra Hakimiyyətinin və digər aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Araşdırmamız davam edir.
Nisa Şirvanlı
Nyus.Az

























