
Rusiya ilə Yaponiya arasında Kuril adaları ətrafında diplomatik gərginlik yenidən kəskinləşib. Yaponiyanın Moskvadakı səfiri Akira Muto avqustun 18-də Rusiya Xarici İşlər Nazirliyinə gedəcək.
Nyus.Az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.
Zaxarovanın sözlərinə görə, səfir Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamalarından sonra “özünü kəskin şəkildə daha yaxşı hiss edib”. Akira Muto bundan əvvəl avqustun 14-də və 17-də Rusiya XİN-ə gəlməyib.
Lavrov bildirib ki, Yaponiya tərəfi səfirin gəlməməsinin səbəblərini çox da aydın olmayan şəkildə izah edib. Rusiya XİN rəhbəri Tokionun son bəyanatlarını da sərt tənqid edərək Yaponiya hakimiyyətinin ədəb sərhədini keçdiyini söyləyib.
Diplomatik qarşıdurmanın səbəbi Rusiya Prezidenti Vladimir Putinin avqustun 13-də İturup adasına səfəri olub. Bu, Putinin prezidentliyi dövründə sözügedən adaya ilk səfəri kimi təqdim edilir.
Yaponiya XİN Putinin səfərinə etiraz edib, ölkənin Baş naziri Sanae Takaiti isə bunu tamamilə qəbuledilməz adlandırıb.
Tokio İturup da daxil olmaqla Cənubi Kuril adalarına iddia edir. Moskva isə həmin ərazilərin İkinci Dünya müharibəsinin nəticələrinə əsasən qanuni şəkildə Rusiyanın tərkibinə daxil olduğunu bildirir.
Kuril adaları ilə bağlı uzun illərdir davam edən ərazi mübahisəsi Rusiya və Yaponiya arasında İkinci Dünya müharibəsindən sonra sülh müqaviləsinin bağlanmasına mane olan əsas məsələlərdən biri olaraq qalır. (Musavat.com)
Nyus.Az

























