
Bu gün Bakının Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
"Azərişıq" ASC-dən Nyus.Az-a bildirilib ki, elektrik enerjisinin keyfiyyət göstəricilərinin yüksəldilməsi və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 10-da paytaxtın bir sıra transformator məntəqələrində təmir-təftiş işləri aparılacaq.
Belə ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən Dadaş Bünyadzadə, Arif Mehdiyev, Mirmövsüm Nəvvab və Elşən Müslümov küçələrinin bəzi hissələrində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Nərimanov RETSİ-nin xidmət ərazisinə daxil olan Yusif Vəzir Çəmənzəminli və Faiq Yusifov küçələrinin bəzi hissələrində isə saat 09:00-dan 12:00-dək elektrik enerjisinin verilişində fasilə olacaq.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
Nyus.Az

























