
ABŞ prezidenti Donald Tramp "könüllülər koalisiyası"nın liderləri ilə məsləhətləşmələr zamanı bildirib ki, milyardlarla dolları münaqişədə Ukraynanı dəstəkləməyə xərcləməkdənsə, öz iqtisadiyyatlarına investisiya qoymaq daha yaxşı olardı.
Nyus.Az xəbər verir ki, mətbuatın yaydığı bu məlumatı ABŞ prezidentinin xüsusi elçisi və kürəkəni Cared Kuşner X hesabında təsdiqləyib: "Prezident Trampın "könüllülər koalisiyası"nın liderləri ilə müzakirələri zamanı vurğuladığı kimi, hazırda bu müharibəyə xərclənən yüz milyardlarla dollarla iqtisadiyyatlarımıza iş yerləri yaratmaq, böyüməni stimullaşdırmaq, enerji xərclərini azaltmaq və infrastrukturu gücləndirmək üçün investisiya edilə bilər".
Qeyd edək ki, ötən həftənin əvvəlində The Washington Post mənbələrə istinadən xəbər verib ki, Tramp Berlində keçirilən "könüllülər koalisiyası"nın üzvləri ilə telefon danışığı zamanı "onları Ukraynaya ayırdıqları vəsaitləri öz ehtiyaclarına yönləndirə bilmələri üçün Kremllə razılaşma əldə etməyə çağırıb". Nəşr qeyd edib ki, Tramp Avropa liderlərinin Ukraynaya milyardlarla dollar xərclədiyini və bu pulları "öz gözəl ölkələrinə xərcləyə biləcəklərini" qeyd edib. "Politico" həmçinin mənbələrə istinadən xəbər verir ki, Tramp zəng zamanı "könüllülər koalisiyası"nın Ukraynaya milyardlarla dollar əlavə yardım göstərməsinə şübhə ilə yanaşıb.(Musavat.com)
Nyus.Az

























