
Ukraynanın dron hücumları nəticəsində Rusiyanın Novoşaxtinsk şəhərində iki böyük müəssisədə yanğın qeydə alınıb.
Nyus.Az ASTRA Telegram kanalına istinadən xəbər verir ki, yanğın iki yanacaq müəssisəsinin, o cümlədən böyük bir neft emalı zavodunun yerləşdiyi ərazidə qeydə alınıb.
Bildirilir ki, Rostov vilayəti üç saatdan çoxdur ki, hücum altındadır. Yerli sakinlər partlayışlar və böyük yanğın barədə məlumat verirlər.
Yanğın baş verən birinci müəssisə Novoşaxtinsk Neft Emalı Zavodudur. Zavod Yuq Energo MMC-yə məxsusdur, Rusiyanın cənubunda ən böyük neft emalı zavodlarından biridir.
Neft emalı zavodu Suxodolnaya-Rodionovskaya neft kəmərinə qoşulub. Həmçinin Rostov-na-Donda öz neft yükləmə terminalı və neft məhsullarının daşınması üçün donanması var.
İkinci mümkün yanğın mərkəzi TATA-GAZ MMC-dir. Novoşaxtinskdən olan bu özəl şirkət yanacağın ticarəti, saxlanması və logistikası ilə məşğul olur.
Xatırladaq ki, 2025-ci ilin avqust ayında Novoşaxtinsk Neft Emalı Zavodu dron hücumundan sonra iki gün yanıb. Bu, Rostov vilayətində fəaliyyət göstərən yeganə neft emalı zavodudur və Rusiya ordusuna yanacaq tədarükündə iştirak edir.(Musavat.com)
Nyus.Az

























