
Belə anlaşılır ki, yaxın həftələrdə ABŞ-ın hərbi addımları və beynəlxalq siyasi-diplomatik təmasların nəticələri Yaxın Şərq böhranın sonrakı inkişaf istiqamətləri baxımından, həlledici səviyyədə böyük əhəmiyyət daşıyacaq... Əsas təhlükə ondan ibarətdir ki, Yaxın Şərqdəki hərbi-siyasi böhran nəzarətdən çıxacağı təqdirdə, daha genişmiqyaslı və dağıdıcı savaş ssenarisinə çevrilərək, müasir dünyanı böyük fəlakətə doğru sürükləyə bilər...
Yaxın Şərqdə hərbi-siyasi böhranın yenidən kəskinləşməsi ehtimalı artmağa başlayıb. Belə ki, Ağ Evin son sərt bəyanatları, ABŞ hərbi qüvvələrinin yeni əməliyyatlara başlama ehtimalı və regionda təhlükəsizlik risklərinin artması Yaxın Şərqdə vəziyyətin daha da mürəkkəbləşdiyini göstərir. Çünki ABŞ prezidenti Donald Tramp rəsmi Tehranla razılaşma əldə olunmayacağı təqdirdə, İrana qarşı yenidən hərbi zərbələr endirilə biləcəyini vurğulayıb. Ağ Ev sahibinin fikrincə, İran razılaşmaqda maraqlıdır, ancaq rəsmi Tehranın mümkün sazişin şərtlərinə əməl edib-etməyəcəyi sual altındadır.
Belə anlaşılır ki, prezident Donald Tramp ABŞ-ın istənilən halda qalib gələcəyinə əminliyini ifadə etsə də, əslində, siyasi-diplomatik razılaşma ehtimalını da tamamilə istisna etmir. Yəni, Ağ Evdən verilən bu bəyanatlar ABŞ-ın İran üzərində təzyiqi artırmaqla yanaşı, siyasi danışıqlar imkanını da açıq saxladığını göstərir. Və bu baxımdan, Tramp administrasiyası İrana qarşı hərbi müdaxilə ehtimalını gündəmdə saxlamaqla, rəsmi Tehranı öz şərtlərinə uyğun razılaşmaya sövq etməyə çalışır.

Maraqlıdır ki, “The Wall Street Journal” nəşrinin məlumatına görə, ABŞ yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır. Nəşr iddia edir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington” aviadaşıyıcısı və onu müşayiət edən gəmilər Ərəbistan dənizində silah ehtiyatlarını yeniləyir. Həmin məlumata görə, yenilənən ehtiyatlara raketlər, möhkəmləndirilmiş beton bunkerləri dağıtmaq üçün nəzərdə tutulan bombalar və digər silahlar daxildir. Bu hazırlıqlar ABŞ silahlı qüvvələrinin mümkün hərbi əməliyyatlar zamanı zərbə imkanlarını daha da genişləndirə bilər.
Ancaq bununla belə, savaş gəmilərində hərbi ehtiyatların yenilənməsi İrana qarşı hücum qərarının artıq verildiyi anlamına da gəlmir. Belə ki, bu addımlar həm də qarşı tərəfə qarşı sərt təzyiq siyasətinin tərkib hissəsi və diplomatik masada ABŞ-ın mövqeyini daha da gücləndirmək cəhdi kimi də qəbul oluna bilər. Ancaq istənilən halda, ABŞ-ın hərbi hazırlıqları barədə məlumatların məhz prezident Donlad Trampın İrana qarşı sərt bəyanatları ilə eyni vaxtda yayılması Yaxın Şərqdə yeni eskalasiya ehtimalını ciddi şəkildə artırır.
Onu da qeyd etmək lazımdır ki, Yaxın Şərqdəki hərbi-siyasi qarşıdurmanın coğrafiyasının genişlənmə təhlükəsi də olmamış deyil. Belə ki, ABŞ-ın Ər-Riyaddakı səfirliyi husilərin raket və pilotsuz uçuş aparatları ilə hücumlarından sonra regiondakı amerikalılara Səudiyyə Ərəbistanının hava limanlarına mümkün hücumlar barədə xəbərdarlıq edib. Və ABŞ səfirliyi Yaxın Şərq regionda hərbi qarşıdurmanın sürətlə genişlənərək, digər bölgələrə yayıla biləcəyi ilə bağlı təhlükəyə də xüsusi diqqət çəkib.

Təbii ki, Ağ Evin bu xəbərdarlığı Yaxın Şərqdə təhlükəsizlik təhdidlərinin yalnız ABŞ-İran münasibətləri ilə məhdudlaşmadığını da göstərir. Belə ki, bu regionda fəaliyyət göstərən silahlı qrupların və müxtəlif dövlətlərin maraq toqquşmaları hərbi toqquşmaların daha geniş areala yayılma riskini ciddi şəkildə artırır. Üstəlik, belə situasiyada hava limanları, enerji infrastrukturu və strateji nəqliyyat marşrutları ən əsas hədəflərə çevrilə bilər. Və bu baxımdan, mümkün yeni hücumların yalnız hərbi deyil, həm də iqtisadi nəticələr doğuraraq, beynəlxalq ticarətə, aviasiya əlaqələrinə, eləcə də enerji bazarlarına təsir göstərə biləcəyi qətiyyən istisna deyil.
Məsələ ondadır ki, hazırda Yaxın Şərqdəki hərbi-siyasi böhranın əsas ağırlıq mərkəzinin məhz Hörmüz boğazı üzərində cəmləşdiyi inkaredilməz reallıqdır. Hətta ABŞ-ın keçmiş prezidenti Barak Obama da İranla qarşıdurmanın nəticələrini qiymətləndirərkən, Hörmüz boğazının strateji əhəmiyyətini xüsusi olaraq, vurğulayıb. Belə ki, onun fikrincə, Yaxın Şərqdə müharibənin başlanmasından yeddi ay sonra ABŞ-ın müttəfiqləri və hərbi bazaları hələ də hücumlara məruz qalır, amerikalılar həlak olur və yüzlərlə hərbçi yaralanır.
Digər tərəfədn, keçmiş prezident Barak Obamanın ABŞ-ın raket ehtiyatlarının tükəndiyini iddia etməsi də böyük maraq doğurur. Onun fikrincə, indi artıq İran dünya bazarlarına neft daşınması baxımından, böyük əhəmiyyət daşıyan Hörmüz boğazı üzərində faktiki olaraq, veto imkanları əldə etməyə başlayıb. Barak Obama hesab edir ki, məhz belə bir vəziyyət dünya bazarlarında enerji qiymətlərinin yüksəlməsinə səbəb olur. Və Barak Obamanın bu açıqlaması həm də Yaxın Şərqdəki hərbi qarşıdurmanın nəticələri ilə bağlı ABŞ daxilində də ciddi siyasi mübahisələrin mövcudluğunu göstərir.

Təbii ki, mövcud vəziyyət Yaxın Şərqəki hərbi-siyasi böhranla bağlı bir neçə mümkün ssenarini də gündəmə gətirir. Belə ki, qarşıduran tərəflər hərbi təzyiqlərdən sülh danışıqlarında üstünlük əldə etmək vasitəsi kimi yararlanmağa çalışa bilərlər. Digər önəmli ehtimal isə siyasi-diplomatik prosesin nəticəsiz qalması və ABŞ-ın yeni hərbi hücumlara məcbur ola biləcəyi ilə bağlıdır. Belə bir vəziyyətdə isə İranın verəcəyi cavab reaksiyasi bu hərbi qarşıdurmanın daha geniş regional münaqişəyə çevrilmə təhlükəsini ciddi şəkildə artıra bilər.
Belə anlaşılır ki, yaxın həftələrdə ABŞ-ın hərbi addımları, İranın verəcəyi reaksiya və beynəlxalq siyasi-diplomatik təmasların nəticələri Yaxın Şərq böhranın sonrakı inkişaf istiqamətləri baxımından, həlledici səviyyədə böyük əhəmiyyət daşıyacaq. Əsas təhlükə isə ondan ibarətdir ki, Yaxın Şərqdəki hərbi-siyasi böhran nəzarətdən çıxacağı təqdirdə, daha genişmiqyaslı və dağıdıcı savaş ssenarisinə də çevrilə bilər. Və bu baxımdan, Yaxın Şərq böhranının müasir dünyanı daha böyük fəlakətə doğru sürükləmə ehtimalı qətiyyən istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"

























