
Şahtaxtı gömrük postunda İrandan Almaniyaya aparılan tranzit yükdən 112 kiloqramdan çox heroin aşkarlanıb.
Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya "hazır qida məhsulları" daşıyan yük avtomobili yoxlanılıb.
Gömrük orqanının məlumatına görə, nəqliyyat vasitəsi əvvəlcə stasionar rentgen qurğusunda yoxlanılıb, daha sonra isə ətraflı gömrük baxışına cəlb edilib.
Yoxlama zamanı narkotik vasitə 1 218 ədəd plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində xüsusi üsulla gizlədilmiş vəziyyətdə aşkarlanıb.
Aparılan ölçü nəticəsində aşkar olunan heroinin xalis çəkisinin 112 kiloqram 761,757 qram olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Nyus.Az
























