
ABŞ kəşfiyyat orqanları ölkənin hava nəqliyyatının kütləvi şəkildə pozulduğu gün Federal Aviasiya Administrasiyasının sisteminin haker hücumuna məruz qalmadığı qənaətinə gəliblər.
Nyus.Az xəbər verir ki, bunu ABŞ nəqliyyat naziri Şon Daffi Fox News-da deyib:
"ABŞ Prezidenti Donald Trampın göstərişi ilə bütün kəşfiyyat orqanları cümə axşamı müzakirə keçiriblər. Onların heç biri sistemimizə haker hücumu aşkar etməyib. Ona görə də inanıram ki, bu, ya şəbəkə problemi, ya da router və ya quraşdırma problemi idi.
ABŞ vitse-prezidenti J.D.Vens isə Fox News-a verdiyi müsahibədə ABŞ hava hərəkəti idarəetmə infrastrukturunun təkmilləşdirilməsinin əhəmiyyətli investisiya tələb etmədiyini bildirib. Onun sözlərinə görə, iki gün əvvəl ölkənin hava nəqliyyatında yaranan kollaps bu sahəyə az investisiya qoyuluşu ilə bağlıdır: "Bu, həqiqətən əhəmiyyətli resurslar tələb etmir; sadəcə infrastruktura kifayət qədər investisiya qoyulmayıb. Həftəsonu hadisəyə səbəb olan köhnə avadanlıqların təxminən 70 faizini dəyişdirdik. Konqresin bizə kifayət qədər resurslar ayırmamasına baxmayaraq, bunu etdik. Bu, bahalı problem deyil, amma infrastrukturun bərpasına investisiya qoymalıyıq".
Vens əlavə edib ki, mövcud sistem, yarım əsrlik texnologiyaya əsaslansa da, "əksər vaxt işləyir" və ABŞ Nəqliyyat naziri Şon Daffi "fantastik iş görüb". O, həmçinin əmin olduğunu bildirib ki, hava nəqliyyatının idarə edilməsi sisteminin təkmilləşdirilməsi üçün maliyyələşdirmə məsələsi Demokratlar Partiyasının Konqresə nəzarəti ələ keçirməsindən əvvəl qalan iki ay ərzində həll olunmalıdır.
Qeyd edək ki, ötən gün prezident Donald Tramp hava nəqliyyatının siqnal sisteminin çox köhnə olduğunu bildirərək, Bayden hakimiyyətini onu yeniləməyə investisiya qoymamaqda ittiham edib. (Musavat.com)
Nyus.Az

























