Artıq bir neçə gündür ki, sosial şəbəkədə və bəzi media qurumlarında Gədəbəy RİH-nin başçısı İbrahim Mustafayevin iş otağında, rayonun Qaradağ kəndi üzrə icra nümayəndəsi Cahangir Qasımovun dünyasını dəyişməsi faktı ilə bağlı məlumatlar həm geniş ictimaiyyətin müzakirə etdiyi, həm də medianın gündəmini zəbt edən mövzulardan birinə çevrilib. Düzdür, 3 aprel 2019-cu il tarixdə belə bir faciə baş verir, amma ilk əvvəl müəyyən çevrələrdə faciənin baş verməsi haqda fərqli mülahizələr söylənildi.İlk yayılan xəbərlərdə bildirilirdi ki, Cahangir Qasımovun dünyasını dəyişməsinə icra başçısının onu daşıdığı vəzifəsindən uzaqlaşdırması və adı çəkilən şəxsin işə qayıtarılacağı təqdirdə, ondan 3 min manat pulun istənilməsi səbəb olur. Tərəfimizdən bu yöndə müəyyən araşdırmalar aparsaq da, baş verən olayın tam mahiyyəti haqda lazımi məlumatları əldə edə bilmədik. Əldə etdiyimiz dəqiq məlumat isə o oldu ki, mərhum Cahangir Qasımov RİH-nin inzibati binasında dünyasını dəyişdikdən sonra, onun pencəyi “qeybə çəkilir”. Bu da olduqca şübhəli məqamların varlığınan xəbər verir. O halda sual oluna bilər ki, görəsən icra nümayəndəsinin pencəyi hansı səbəbdən “qeyb çəkilir?” Görəsən belə bir addımın atılmasına səbəb nə olur? Gədəbəy rayonu dağlıq rayonlardan biri olduğundan və havaların bu rayonda soyuq keçdiyi bir vaxtda o hal heç cür ola bilməz ki, icra nümayəndəsi RİH başçısının qəbuluna pencəksiz gəlsin. Çünki, Gədəbəy rayonu ərazisində havaların isti keçməsi, ən azından may ayının 10-dan,15-dən sonraya təsadüf edir.
Baş verən ölüm faktı ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək üçün, hadisənin yaşandığı günün səhəri RİH başçısının 1-ci müavini Natıq Nağıyevlə əlaqə saxladıq. Məqsədimiz adı çəkilən vəzifə sahibindən yaşanan olayla bağlı müəyyən məsələlərə münasibətini öyrənmək idi. Bu şəxs ünvanladığımız suallara cavab vermək əvəzinə “mən hüzr yerindəyəm, söylənilənlərin də hamısı yalnışdır” deməklə, bir növ mətləbdən yayınmağı bacardı.
Gədəbəy rayon prokuroru Allahverdi Səfərova həm baş verən ölüm faktı, həm də mərhum Cahangir Qasımovun pencəyinin hansı səbəbdən ,,qeybə çəkilməsi» haqda suallar verdikdə, o, “prokurorluq əməkdaşları pencəyin itməsi ilə bağlı araşdırmalar aparacaq. Hazırda dünyasını dəyişən şəxsin pencəyinin olub-olmaması araşdırılır. Yəqin ki, hansısa nəticə olacaq və iş üzrə qanuni qərar da qəbul olunacaq” deyə cavab verdi.
Gədəbəy rayon polis şöbəsinin rəisi Mehman Həşimov isə, baş verən ölüm faktı, mərhum Cahangir Qasımovun pencəyinin yoxa çıxması ilə bağlı ünvanladığımız suallara “siz Nazirliyin mətbuat xidməti ilə əlaqə saxlayın, bütün suallarınız cavablandırılacaq. Pencəyin yoxa çıxması faktı tərəfimizdən araşdırılacaq. Mən hadisə baş verən gün Gəncə şəhərində olmuşam. Hadisə baş verdikdən sonra bir neçə əməkdaşımız orada olublar. Ona görə də bütün bunların araşdırılmasına çalışacağam” dedi.
Adları çəkilən vəzifə sahiblərindən fərqli olaraq, baş verən olaylar haqda məlumatlı olan şəxs isə bildirir ki, “heç də ora-bura getməyə ehtiyac yoxdur. Çünki, RİH-nin bütün mərtəbələrində, otaqlarında kameralar yerləşdirilib. Əgər ilk gündən kameralara baxış keçirilsəydi, o halda hadisənin hansı səbəbdən baş verməsi faktı, mərhum Cahangir Qasımovun pencəyinin kimlər tərəfindən “itbat edilməsi” və s. hər kəsə bəlli olardı. Hadisə baş verdikdən az sonra ilk qərar o olur ki, guya hadisə 1-ci müavinin iş otağında baş verir. Amma, həmin vaxtlarda 1-ci müavin RİH-də olmadığından, məhz belə bir planı həyata keçirmək mümkün olmur. İcra başçısı Cahangir Qasımovu daşıdığı vəzifəsindən çıxartmazdan öncə, ilk əvvəl onun yanına “emissarı”ını göndərir. O halda o, “mən niyə işimdən çıxmalıyam” deyə cavab verir. Çox keçmir ki, bir neçə kənd sakini Cahangir Qasımovun vəzifəsindən uzaqlaşdırılacağına etiraz əlaməti olaraq icra hakimiyyətinə gedirlər və atılacaq addıma kəskin narazılıqlarını da ifadə edirlər. Hadisə baş verən günün axşam saatlarında icra başçısı onu yanına çağırtdırır və ona ağızına gələn sözləri də deyir”.
Baş verən olaylar haqda məlumatlı olan şəxs onu da açıqlayır ki, “İbrahim Mustafayev vəzifəsinin icrasına başladıqdan az sonra bəzi imkansız vəzifə sahiblərini işdən çıxartdı və vaxtilə rüşvətxorluq əməllərinə görə daşıdığı vəzifəsindən uzaqlaşdırılmış şəxslərə yeni vəzifələr verdi. Məsələn, saxta diplomu olduğuna görə təhsil sahəsindən və mədəniyyət mərkəzindən işdən çıxarılmış şəxsi o, rayonun Soyuqbulaq kənd icra nümayəndəsinə müavin təyin etdi. Vaxtilə rüşvətxorluq səbəbindən işindən qovulmuş Paşa Musayev adlı bir şəxs var, o, əvvəllər RİH Aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsini daşıyırdı. Çox keçmədi ki, icra başçısı bu şəxsi rayonun Qaradağ kəndi üzrə icra nümayəndəliyinə mühasib təyin etdi və o, heç bir halda işə çəxmır. Hal-hazırda Paşa Musayev ştat cədvəli üzrə adı çəkilən kənd icra nümayəndəliyində mühasib olsa da, icra başçısı onu köhnə iş yerinə gətirib və o, qeyri-qanuni olaraq əvvəlki iş yerində oturur. Paşa Musayevin qardaşı oğlu Vüsal Musayev, bu gün RİH Aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini daşıyır. Bu şəxs qardaşı oğlu ilə əl-ələ verərək, hal-hazırda minbir hoqqalardan çıxır. Bu da icra başçısının yarıtmaz kadr siyasətinin varlığıdır ki, bundan da çoxları əziyyət çəkməkdədir. Məsələn, vaxtilə RİH Aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində Cəlal Xıdırov adlı şəxs işləyirdi. İbrahim Mustafayev vəzifəsinin icrasına başladıqdan bir qədər sonra onu gözümçıxdıya saldı, az sonra isə ərizəsini alıb işdən çıxartdı”.
P.S. Biz də bir redaksiya olaraq yaşanan olaylar haqda müəyyən məlumatları əldə edib belə qənaətə gəlmişik ki, istər baş verən ölüm faktı ilə, istərsə də digər olaylarla bağlı atılan addımlar zamanı hər bir vəzifə sahibi ,,şahı» qanun deyil, qanunu ,,şah» deyə qəbul etməlidirlər.
Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Bu yöndə araşdırmamız davam edəcək.(deryaz.az)
Nyus.Az