
Tanınmış aşıq, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva Moderator.az-ın suallarını cavablandırıb.
- Samirə xanım, hal-hazırda işləyirsiz yoxsa dincəlirsiz?
- Öncə sizləri və oxucularınızı salamlayıram. Tək bu yay deyil, mən hər yay işlə istirahətə paralel vaxt ayırmışam. Sırf bütün yayı istirahət etmirəm. Keçən il pandemiyaya görə toylar olmasa da efirlərə çox üstünlük verdim. Bəlkə də keçən ilki qədər heç vaxt efirlərə çox çıxmamışdım. Qaldı ki, toylara. Şükür Allaha toylar var, təki həmişə toy olsun! Çünki toyların olması tək musiqiçilərin dolanışığına deyil, bir çox sənət sahiblərinin qazancına təsir edir. Ən önəmlisi isə subayların ailə həyatı qurmalarıdır. Sakitcə gedib ailə qurmaq bir az bizim adət ən-ənələrimizə uyğun deyil. Çünki bir çox valideynlərin, gənc qızların, oğlanların arzuları toyla-büsatla ailə qurub, dost-tanışları ilə bu günü bayram etməkdir. Hər şeyə, ələxsus da toya qazanc kimi baxmaq düzgün deyil. Bu mənim heç təbiətimdə də yoxdur. Allah yetirər, min şükür deyərik. O ki, qaldı istirahətə. Düşünürəm ki, öz ölkəmizdə olacağıq, arada dənizə gedəcəyik, arada təbiət qoynuna, dağlara çəkiləcəyik. Hələ ki, qeyri-adi bir istirahət planımız yoxdur.
- Övladlarınıza kifayət qədər vaxt ayıra bilirsiniz?
- Övladlarım hər zaman ön plandadır. Böyüdükcə onlara daha çox zaman ayırmalı oluram. Anam demiş “uşaqlar böyüdükcə qayğıları da böyüyür”(gülür).
- Samirə xanım, bir sənətçi, bir insan sazı əlinə götürürsə təbii ki, onun borcudur ki, özünə hörmət etməsə də ən azından bu qədim musiqi alətinə hörmət etsin. Bu həm qadınlara, həm də kişi sənətçilərə aiddir. Amma bəzi hallarda qalmaqallarda, xoşagəlməyən hərəkətlərdə aşıqların adı da çəkilir. Təbii ki, yaxşılarından uzaq. Budur, Dədə Ələsgərin bizə miras qoyduğu aşıqlıq sənətinə “hörmət”?
-Bu problem tək aşıq sənətində deyil, bütün peşələrin sahiblərində hər zaman olub, hər zaman da var. Sadəcə olaraq indi daha çox gözə görünür. Çünki sosial şəbəkələrə maraq artıb, bu kimi hallar da sosial şəbəkələrdə yayılır. İnsanın şəxsi həyatında nəsə başına gəlirsə, yaxşı ya da pis, onu gəlin sənətlə bağlamayaq. Mən mövzunu bu cümlə ilə tamamlayıram. İnsanın şəxsi həyatını, şəxsiyyətini, başına gələnləri gəlin sənətə aid etməyək. Bəzi insanlar var ki, o sənəti sənət xatirinə yaşadır. Bəzi insanlar isə sənətə qazanc mənbəyi, əyləncə, xobbi kimi baxırlar. Bunlar ayrı-ayrı mövzulardır. Əgər sənətkar titulu qazanmış biri sənətə yaraşmayan hər hansısa addım atarsa və yaxud böyük səhv buraxarsa, bu səhv səsi ilə, ifası ilə bağlı ola bilər, nəyisə səhv ifa edər, hə, bax bu bağışlanmaz olar. Bu başqa məsələ! Dədə Ələsgərin və yaxud ondan öncə olan ustadlarımızdan bizə miras qalan aşıq sənəti həmişə layiqli insanlar tərəfindən layiqincə yaşayıb və bu gün də yaşadılır. Mən bunu əminliklə deyirəm.
-Siz həm də Mədəniyyət və İncəsənət Universitetində pedaqoqsunuz, Aşıq sənəti yaradıcılığı kafedrasında dərs deyir, tələbələr yetişdirirsiniz. O tələbələrlə öz tələbəliyinizi, tələbəlik həyatınızı necə müqayisə edərdiniz?
-Bəli, pedaqoqluq çox sevdiyim peşədir, hətta onu da deyim ki, səhnədə olmaqdan daha çox müəllimlik peşəsini sevirəm. Mənim dövrümdəki tələbəlik illəri ilə indiki dövrün tələbəlik illərində yeganə fərq odur ki, indi texnikadan, internetdən daha çox istifadə edilir. Tələbələr bir çox məlumatları internetdən əldə edə bilirlər. Hansısa sənətkarın ifasını, fikirlərini eşitmək üçün yutuba daxil olub, onun müsahibələrini izləməklə istədiyin məlumatları əldə edirsən. Amma o zaman nadir hallarda imkan olurdu ki, kimisə efirdə görüb dinləyirdin, öyrənirdin. Elə bir vaxtımız, imkanımız da yox idi ki, bütün günü televizorun qabağında oturub izləyək. O zaman kitabxanada daha çox vaxt keçirirdik, həmin ustad sənətkarların özünü görməyə, həmin alimlə, professorla görüşüb kitabını əldə etməyə çalışırdıq. İndi daha rahatdır. Həm özlərini görmək olur, həm də istədiyin məlumatları internet vasitəsilə əldə edə bilirsən. Amma yenə də kitabxanalara ehtiyac var, bu vacibdir və gözəl haldır. Təbii ki, əvvəlki qədər ehtiyac yoxdur. Bir çox hallarda bəzi insanlar gileylənir ki, bizim dövrümüzdə tələbəlik tamam başqa idi, guya daha məsuliyyətli idilər, daha çox savad almağa canfəşanlıq göstərirdilər, həvəslə oxuyurdular. Bütün bunlar dövrlə deyil. Hər dövrdə əlaçı da, dərsini oxuyan da, oxumayan da, dərsə girməyən də tələbə olub. Məsuliyyətli və məsuliyyətsiz hər dövrdə, hər sahədə var və olacaq da.
-Samirə xanım, o illərdə yeni-yeni parlayanda kimlər sizə dəstək olub? Ümumiyyətlə dəstək olanlar çox olub, yoxsa mane olanlar?
-Ad çəkmək istəməzdim, çünki kiminsə adını unutsam özüm də narahat olaram. Mane olanlar 1-2 nəfər olub ya yox, heç onu xatırlamıram. Çünki mən elə də kinli insan deyiləm, yadımda saxlamıram. Dəstək olanlar olub, əlbəttə ki. Hər zaman istər özümdən yaşca, iştərsə də iş təcrübəsi baxımından böyük olan insanlara xüsusi hörmətimi, diqqətimi göstərmişəm. Sərhədi həmişə qorumuşam. İstər yeni-yeni parlayan vaxtlarım olsun, istərsə də indiki vaxtım olsun, hər zaman da qarşılıqlı olaraq böyük sənətkarların sevgisini, istəyini, diqqətini qazanmışam. Guya mənə irad tutulmayıb? İstər səhnə hərəkətimdə olsun, istərsə də ifaçılıqda səhv tutulub, irad bildirilib və hörmətlə də yanaşıb, o çatışmazlığı aradan götürmüşəm. Daha durub söz güləşdirməmişəm. Nahaq da deyilsə belə “baş üstə” deyib kənara çəkilmişəm. Bunları gözləyəndə heç vaxt özündən böyük sənətkarlardan zərbə almırsan. Bəzən deyirlər ki, sən güclü olanda hər kəs sənə mane olmaq istəyir. O zəiflərin atdığı addımlardır, ola da bilər. Bəlkə də istəyirlər, amma heç vaxt sənə mane ola bilməzlər, bunu bacarmayaqcaqlar. Valideynlərimin yaxşı bir sözü var, “deyirlər ki, sən öz işinlə yaxşı məşğul ol, öz üzərində çalış və yerini bil”.
-Samirə xanım, hansı xasiyyətinizi, xüsusiyyətinizi dəyişmək istərdiniz?
-Xeyr, elə bir dəyişiklik etmək istədiyim xasiyyətim yoxdur. Şükür Allaha, xasiyyətimdən də, görünüşümdən də, hər halımdan da məmnunam. Allah hər kəsi individual yaradıb və hər kəsə özünə görə bir görünüş, xasiyyət verib. Müxtəliflik olmasa bu həyatın rəngarəngliyi də olmaz. Hər mövzuda ideallıq tapa bilmərik, o cümlədən də özümüzdə. Mən özümü deyirəm. Əsas sağlamlıqdır, Allah adamın ağlını hər zaman var etsin, əlindən almasın. Çəkdiyimiz zəhmətin bəhrəsini əldə edə bilək. Xasiyyətimi çox sevirəm.
-Aşıq Əli ilə bir müddət duetlər ifa etdiniz. Nədənsə sizin son illərdə birgə duetlərinizi görmürük. Buna səbəb nədir?
-Heç bir səbəb yoxdur. İnşallah ki, tələbat olarsa duet də oxuyarıq. Əsas dünyamızda əmin-amanlıq olsun, oxuyub-oynamağımıza səbəbimiz olsun.
-Sənətdə dostlarınız çoxdur yoxsa çox azdır? Kimlərlə dostluq edirsiniz?
-Sənət adamları ilə dostluq etməyə heç vaxt da yoxdur. Nə onlarda, nə də ki, məndə. Çünki yaradıcı insan əhval-ruhiyyəyə daha çox bağlıdır. Biri gecələr çalışmağı çox xoşlayır, eləsi var səhəri sevir. Ona görə də dostluq etməyə, tez-tez görüşməyə uyğun vaxtımız yoxdur. Zaman azlığı var. Amma çox gec-gec görüşsək belə dostlarımı çox sevirəm, ilk günlərdən ünsiyyətimiz necə olubsa elə də davam edir. Arada dostlarımla, rəfiqələrimlə danışanda deyirik ki, biz qocalanda rahat dostluq, rəfiqəlik yaşayacağıq. O vaxta kimi də uşaqlar böyüyər, öz işlərində, ailələrində olarlar, biz də özümüzə zaman ayırarıq. Arzu edirəm ki, hər yaş dövrümüzdə həyatı necə yaşamalıyıqsa o cür də yaşaya bilək, bizə xeyirli, xoş olan qaydada yaşayaq. İstirahət etməyin də, əziyyət çəkməyin də, çox işləməyin də öz ləzzəti var. Hər biri yerli-yerində olsun, xoşbəxt olaq. Xəstəliklər yox olsun, ölkəmizdə sülh olsun, biz də ürəklə deyib-gülək, nəğmələrimizi oxuyaq, sevincimizi paylaşaq.
-Dost xəyanəti görmüsünüz?
-Xeyr, dost xəyanəti görməmişəm. Nə də özüm dostlarıma qarşı xəyanətkar olmamışam. Allah göstərməsin.

























