
Hər dəfə Gədəbəyə gələndə dost-tanışı başına yığıb, məclis qurar, Gədəbəyin inkişafından danışar, gələcək planlarından söz açardın. Dövlət Məmmədov üçün Gədəbəy dünyanın cənnət diyarı idi.
Mən həmişə Dövlət Məmmədovun gözlərində qəm qarışıq bir həyat eşqinin yandığını görmüşəm. Danışanda ümidlə, inamla danışardı. İnsanlıq, halallıq haqqında danışardı. Haqsızlıq görəndə haqqın tərəfində dayanardı.
O, ağır müharibə illərində mən onunla yol-yoldaşı olmuşam. Dövlət Məmmədov olduqca qeyrətli bir insan idi. Varını, dövlətini o ağır illərdə vətəni, xalqı, doğma Gədəbəyi, Şınıxı yolunda xərclədi. Türk İsgəndərlə, Məzahirlə nəfəs alırdı. Onların ölümünə uşaq kimi ağlamışdı.
Əminliklə deyirəm: - Azərbaycan kişisinə xas olan bütün müsbət keyfiyyətlər Dövlət Məmmədovda cəmlənmişdi.
Amansız ölüm bu qeyrətli insanı aramızdan tez apardı. Bu yerdə İbrahim Vəliyevin misraları yadıma düşür:
Bir dost itirdim, ağrıdan ağır,
Ağrın dərdi də özündən ağır,
Gedənə nə var ki, o dərd çəkməyir,
Qalana ağırdır, ağırdan ağır.
Dövlət Məmmədovdan səmimi, isti və hamının üzünə açıq bir insanlıq ocağı qaldı. Öz ürəyinin odunu qoyduğu bir ocaq.
Bu yay Gədəbəyə, Şınıxa bir yerdə gedəcəkdik. Dağlar yolumuzu gözləyirdi…
Niyə sözündə durmadın, qardaş?..
Öldü sözünü yazmağa nə ürəyim, nə də əlim gəlmir. Sən ölməmisən, həmişə qəlbimdəsən, heç zaman səni unutmayacam…
Sabir Hüseynov,
“Kənd həyatı” qəzetinin redaktoru,
prezident mükafatçısı

























