[/center]ETSN və “Azərişıq” ASC-nin xanım mətbuat katibləri rəhbərlərinin diqqətini neqativ hallardan necə yayındırırlar
Masallı rayonunun Kürdəbazlı kəndində yerləşən “Ayan” şadlıq evinin qarşısındakı çoxillik tut ağacları məhv edilib. Bundan əlavə, tut ağacları ilə yolun arasındakı nahiyədəki şam ağacları da kəsilib. Görünən odur ki, sanki bu “yaşıl soyqırım” büsbütün şadlıq evinin yoldan aydın görünməsi, həndəvərinin avtomobil saxlanması üçün düzəngaha çevrilməsi üçün həyata keçirilib. “Ayan”ın arzusunun gerçəkləşməsi üçün bütün aidiyyəti olan və olmayan qurumlar əlbir olublar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) bölgə struktur vahidi olan Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsini başa düşdük – funksionerləri nəyinsə qarşılığında baş verənlərə göz yumublar. İnanmayacaqsınız, hətta “Azərişıq” ASC-nin bir nəfər işçisi də qol çırmayıb şam ağaclarını kəsməklə məşğuldur. Masallıda olarkən məhz bu hadisəni görüb maraqlandıq, izə düşəndən sonra tut ağaclarının da acı aqibətini öyrəndik.
Soruşanda “Azərişığ”ın həmin o 55-60 yaşlı işçisi dedi ki, şam ağaclarının yuxarı budaqları elektrik naqillərinə toxunduğu və qəza vəziyyəti yaratmaq ehtimalı olduğu üçün rəhbərlikdən belə bir tapşırıq alıb. Maraqlıdır, rəhbərlik niyə şam ağaclarının naqillərə toxunan budaqlarının budanması ilə kifayətlənməyib, məhz kökündən kəsilməsini vacib sayıb. Bundan başqa, əgər bu iş qanunidirsə, niyə qurumun texnikası cəlb olunmayıb, ahıl yaşlı bir nəfər əməkdaşın əməyinin təhlükəsizliyi təmin olunmayıb? Ümumiyyətlə, bu iş sənədləşdirilibmi?
Şahid olduğumuz neqativ halla bağlı “Azərişıq” ASC-nin mətbuat xidməti rəhbərinin müavini Pərvanə Kazımzadə ilə telefon əlaqəsi saxladıq. Məsələnin araşdırılacağını və nəticə barədə redaksiyamıza məlumat veriləcəyini vəd etsə də, sonradan ondan heç bir xəbər çıxmadı.
Eynən Pərvanə xanım kimi onun ETSN-dəki həmkarı – Nazirliyin mətbuat katibi İradə İbrahimova da baş verənlərin incələnməsində maraqlı olmadığını hərəkətsizliyi, hər vəchlə söhbətdən yayınması ilə büruzə verdi. O qənaətə gəldik ki, hər iki qurumun yerlərdə qanunsuzluqlara rəvac verən vəzifəli şəxsləri həm ETSN rəhbəri cənab nazir Rəşad İsmayılovu, həm də “Azərişıq ASC-nin sədri cənab Vüqar Əhmədovu aldadırlar. Xanım mətbuat katibləri isə problemlərin mediada ictimailəşdirilməsinə mane olmaq üçün jurnalistlərin onunla dəqiqləşdirmək istədikləri məlumatları təhrif edir, yaxud, aydınlıq gətirilməsini ləngidirlər ki, informasiya operativliyini itirsin, hazırlanmaqda olan cənayətlərin tam başa çatdırılması üçün vaxt qazanılsın. Təbii ki, bu cür xidmət təmənnasız olmaz.
Nisa Şirvanlı
Nyus.Az

























