
Coğrafiya dövləti böyük etmir. Xəritədə əlverişli məkanda bərqərar olmaq hələ tarix yazmaq deyil. Dənizlə quru arasında yerləşib əsrlərlə periferiyada qalmaq olar. İmperiyaların kəsişməsində dayanıb körpüyə yox, döyüş meydanına çevrilmək də mümkündür. Ticarət yollarının üstündə olub həmin yolların sahibi deyil, sadəcə müşahidəçisi kimi qalmaq da mümkündür. Dövlətin gücü coğrafiyada deyil, coğrafiyanı iradəyə, infrastruktura, iqtisadiyyata, diplomatiyaya və təhlükəsizlik sisteminə çevirmək bacarığındadır.
Son otuz ilin Azərbaycan strategiyasının mahiyyəti məhz budur: Bakı xəritənin verdiyi imkanı siyasi kapitala çevirdi. Azərbaycan öz yerini sadəcə izah etmədi, onu işlək mexanizmə çevirdi. Məmləkətimiz uzun müddət başqalarının planlarında "tranzit ərazi", "keçid zonası", "postsovet respublikası", "münaqişə regionu" kimi təsvir olunurdu. İndi isə həmin xəritə dəyişib. Azərbaycan artıq marşrutların üzərində yerləşən yox, marşrutları bəlirləyən ölkəyə çevrilir.
IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı da məhz bu yeni reallığın siyasi ifadəsi idi. O, nəqliyyatdan danışırdı, amma əslində daha böyük mövzudan bəhs edirdi: Azərbaycanın Avrasiyadakı yeni rolunu. Bakı öz coğrafiyasına passiv tranzit üstünlüyü kimi yox, beynəlxalq təsir aləti kimi baxır. Bu, prinsipial fərqdir. Çünki bir şey var başqalarının yükünü daşıyan ölkə olmaq, bir şey də var başqalarını öz marşrutlarınla hesablaşmağa məcbur edən gücə çevrilmək.
Azərbaycan Xəzər və Qara dəniz hövzələri arasında, Mərkəzi Asiya ilə Avropa arasında, Rusiya, İran və Türkiyə arasında, Şimalla Cənubun, Şərqlə Qərbin kəsişməsində yerləşir. Bu cümlə uzun illər gözəl geosiyasi formul kimi səslənirdi. Amma formul hələ reallıq demək deyil. SSRİ dağılandan sonra region azad kommunikasiya məkanı kimi yox, qırılmış dəmir yolları, bağlı sərhədlər, işğalın yaratdığı blokadalar, münaqişə zonaları və xarici paytaxtların siyasi iradəsindən asılı marşrutlar sistemi kimi formalaşmışdı. Bakı üçün əsas sual Azərbaycanın harada yerləşməsi deyildi. Əsas sual bu idi: Azərbaycan bu coğrafiyanı öz siyasi layihəsinə çevirə biləcəkmi?
Cavab mərhələ-mərhələ qurulan böyük infrastruktur siyasəti oldu. Əvvəlcə neft xəritəsi dəyişdi. Bakı-Tbilisi-Ceyhan boru kəməri sadəcə enerji layihəsi deyildi. 2006-cı ildə istifadəyə verilən, uzunluğu 1767 kilometr olan və sutkada bir milyon barreldən artıq neft ötürmək imkanına malik bu kəmər Xəzərin geosiyasi taleyini dəyişdi. Xəzər nefti Rusiya və İrandan asılı olmadan Aralıq dənizinə çıxdı. Azərbaycan isə sübut etdi ki, o, mürəkkəb regionda Qərb şirkətlərini, Türkiyəni, Gürcüstanı və beynəlxalq maliyyə institutlarını bir layihə ətrafında birləşdirə bilən dövlətdir.
BTC-nin əməliyyat idarəçiliyinin 2026-cı il iyulun 1-dən BP-dən SOCAR-a keçməsi bu prosesin rəmzi davamı oldu. Bu, sadəcə texniki dəyişiklik deyil. Bu, Azərbaycanın öz strateji infrastrukturunda iştirakçıdan idarəçiyə çevrilməsinin göstəricisidir. Bakı əvvəlcə oyuna daxil oldu, sonra oyunun qaydalarını öyrəndi, indi isə həmin qaydaların formalaşmasında daha böyük söz sahibinə çevrilir.
Neftdən sonra qaz xəritəsi gəldi. Cənub Qaz Dəhlizi, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP Azərbaycanı Cənubi və Mərkəzi Avropanın mühüm enerji təchizatçılarından birinə çevirdi. Rusiya-Ukrayna müharibəsi Avropanın enerji təhlükəsizliyi haqqında bütün illüziyalarını dağıdandan sonra Azərbaycanın rolu daha aydın göründü. 2022-ci il iyulun 18-də Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum məhz bu böhran məntiqinin məhsulu idi. Tərəflər Cənub Qaz Dəhlizi ilə qaz tədarükünü 2027-ci ilədək ildə ən azı 20 milyard kubmetrə çatdırmaq hədəfini rəsmiləşdirdilər.
Fəqət burada romantikaya yer yoxdur, çünki qaz diplomatiyası sərt iqtisadi riyaziyyatdır. 2025-ci ildə Azərbaycan 51,5 milyard kubmetr qaz hasil edib, 25,2 milyard kubmetr qaz ixrac edib. Bunun 12,8 milyard kubmetri Avropaya, 9,6 milyardı Türkiyəyə, 2,3 milyardı Gürcüstana, 0,5 milyardı isə Suriyaya yönəlib. Məzkur rəqəmlər Azərbaycanın imkanlarını göstərir, eyni zamanda limitlərini də açıq ortaya qoyur. İxracı kəskin artırmaq üçün yeni hasilat, yeni kompressor gücləri, genişlənmiş boru infrastrukturu və ən əsası, uzunmüddətli alıcı öhdəlikləri lazımdır.
Ona görə Prezident İlham Əliyevin Avropa istehlakçılarının uzunmüddətli müqavilələrə hazır olması barədə fikirləri diplomatik nəzakət deyil, real siyasətin soyuq dilidir. Bakı açıq mesaj verir: enerji təhlükəsizliyi şüarlarla təmin olunmur. Əgər Avropa daha çox Azərbaycan qazı istəyirsə, bunun üçün siyasi bəyannamələr yox, investisiya təminatı, müqavilə intizamı və kapitalın geri dönüşünə zəmanət lazımdır. Azərbaycan başqalarının strateji narahatlığını öz hesabına maliyyələşdirmək niyyətində deyil.
Energetika Azərbaycanın böyük tranzit məktəbi oldu. Logistika isə bu strategiyanın ikinci mərhələsinə çevrildi. Rusiyanın Ukraynaya qarşı müharibəsi, sanksiyalar, Qırmızı dənizdə hücumlar, Süveyş kanalı ətrafındakı böhranlar, Yaxın Şərqdə gərginlik və Hörmüz boğazı ətrafında risklər dünya ticarətinə bir həqiqəti yenidən xatırlatdı: marşrutun dəyəri yalnız kilometr ilə ölçülmür. Əgər yol müharibədən, sanksiyadan, pirat təhlükəsindən və siyasi qeyri-müəyyənlikdən keçirsə, onun qısa olması üstünlük deyil, riskə çevrilir.
Sözügedən şəraitdə Orta Dəhliz Avrasiya gündəminin mərkəzinə çıxdı. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu sadə sxem üzərində qurulur: Çin və Mərkəzi Asiya - Xəzər dənizi - Azərbaycan - Gürcüstan - Türkiyə və ya Qara dəniz - Avropa. Kağız üzərində hər şey rahat görünür. Reallıqda isə bu marşrut sinxronlaşdırılmış tariflər, rəqəmsal gömrük prosedurları, bərə imkanları, konteyner terminalları, dəmir yolu ötürmə qabiliyyəti, liman intizamı və iştirakçı dövlətlərin siyasi koordinasiyasını tələb edir.
Ələt limanı bu baxımdan sadəcə liman deyil, Azərbaycanın geoiqtisadi iddiasının maddi ifadəsidir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı paytaxtdan təxminən 70 kilometr cənubda yerləşir və Orta Dəhlizin Azərbaycan hissəsində əsas Xəzər qovşağıdır. İnkişafının birinci mərhələsi 2018-ci ildə tamamlanmış limanın önəmi yalnız konteyner qəbul etməkdə deyil. Burada əsas məsələ tranzitin sadəcə yüklərin bir nəqliyyat növündən digərinə keçirilməsi ilə bitməməsidir. Məqsəd yükü emala, istehsala, saxlamaya, qablaşdırmaya, re-eksporta və xidmət iqtisadiyyatına çevirməkdir.
Bakı-Tbilisi-Qars dəmir yolu bu sistemin qərbə açılan quru dayağıdır. Modernləşmədən sonra onun illik yükdaşıma gücü bir milyon tondan beş milyon tona yüksəldi. Ələt limanı, dəmir yolları, avtomobil magistralları və rəqəmsal gömrük prosedurları ilə birlikdə BTQ Azərbaycana Türkiyə üzərindən Avropa bazarlarına çıxış verir. Amma bu marşrutun həssas tərəfi də ortadadır: Gürcüstan qərb istiqamətində əsas quru qapısı olaraq qalır. Gürcüstanın liman və dəmir yolu infrastrukturundakı istənilən problem bütün zəncirə təsir göstərə bilər. Buna görə Bakı tək marşruta bağlanmır. Bakı şəbəkə qurur.
Zəngəzur dəhlizinin strateji mahiyyəti də buradan başlayır. Azərbaycan üçün bu, yalnız Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqənin bərpası deyil. Bu, ölkənin əsas hissəsini Naxçıvanla, Türkiyə ilə və daha sonra Avropa bazarı ilə birləşdirəcək Avrasiya halqasının çatışmayan hissəsidir. Horadiz-Ağbənd dəmir yolu və Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil magistralı məhz bu böyük arxitekturanın elementləridir. Dəmir yolu xəttinin uzunluğu yan yollar nəzərə alınmadan 110,4 kilometrdir. Dəhlizin reallaşması Azərbaycanın nəqliyyat istiqamətlərinin illik yükdaşıma gücünü 15 milyon ton artıra bilər.
Bu mərhələdə nəqliyyat artıq texniki məsələ olmaqdan çıxır və böyük diplomatiyaya çevrilir. Ermənistan, Türkiyə, İran, Rusiya, ABŞ və Avropa İttifaqı Zəngəzur dəhlizinə eyni cür baxmır. Bakı üçün bu, pozulmuş bağlılığın bərpası və 2020-ci il müharibəsindən, Qarabağ üzərində suverenliyin tam bərpasından sonra yaranmış yeni regional reallığın möhkəmlənməsidir. Türkiyə üçün bu, Azərbaycana və oradan Mərkəzi Asiyaya birbaşa quru çıxışıdır. İran üçün bu, tranzit monopoliyasının bir hissəsini itirmək riski və eyni zamanda Araz marşrutunu inkişaf etdirmək stimuludur. Rusiya üçün bu, əvvəlki təsir mexanizmlərinin artıq avtomatik işləmədiyi regionda qalıq təsirini qorumaq cəhdidir. ABŞ üçün isə bu, Cənubi Qafqazda hərbi baza yox, iqtisadi arxitektura vasitəsilə möhkəmlənmək imkanıdır.
Məhz buna görə Zəngəzur dəhlizi ətrafında emosiyalar bu qədər yüksəkdir. Mübahisə təkcə relslərlə bağlı olmayaraq gələcək Avrasiyanın xəritəsini kimin çəkəcəyi barədədir.
Şimal-Cənub dəhlizi isə Azərbaycan strategiyasının üçüncü mühüm ölçüsüdür. Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi Hindistanı, Fars körfəzi ölkələrini və İranı Rusiya, Şimali Avropa və Baltik regionu ilə birləşdirməlidir. Bu istiqamətin 511 kilometrlik dəmir yolu hissəsi Azərbaycan ərazisindən, Rusiya sərhədindən İran sərhədinə qədər keçir. Fars körfəzindən Helsinkiyə Süveyş kanalı, Aralıq dənizi və Baltik dənizi vasitəsilə dəniz daşımaları 45-60 gün çəkir. Şimal-Cənub marşrutu isə bu müddəti 20-25 günə endirə bilər. Hədəf daşımaları 15 milyon tona, yaxud təxminən 660 min TEU-ya çatdırmaqdır.
Ancaq Şimal-Cənub dəhlizi çox həssas siyasi yük daşıyır. İqtisadi baxımdan bu marşrut Bakı üçün sərfəlidir: daha çox yük, liman və dəmir yolu infrastrukturunun daha çox işləməsi, Moskva, Tehran, Dehli və Fars körfəzi ölkələri arasında daha böyük danışıqlar imkanı. Siyasi baxımdan isə bu istiqamət son dərəcə incə balans tələb edir. Rusiya sanksiya təzyiqi altındadır. İran ABŞ və İsraillə qarşıdurmadadır. Moskva-Tehran oxuna həddindən artıq bağlanmaq Azərbaycan üçün əlavə risklər yarada bilər. Buna görə Bakı praqmatik xətt aparır: infrastruktura qoşulur, amma dəhlizi siyasi bloka çevirmir; əlaqələri inkişaf etdirir, amma Qərb, Türkiyə, Mərkəzi Asiya və Yaxın Şərq istiqamətlərindən imtina etmir.
Bugünkü Azərbaycan siyasətinin əsas gücü də bu çoxqatlılıqdır. Bakı Şərqlə Qərb, Şimalla Cənub arasında seçim etmir. Bakı elə bir sistem qurur ki, bütün bu istiqamətlər onun üzərindən keçsin. Prezident İlham Əliyevin Mərkəzi Asiya və Azərbaycanı formalaşmaqda olan vahid iqtisadi və siyasi məkan kimi xarakterizə edən fikirləri bu mənada təsadüfi deyil. Qazaxıstan, Özbəkistan, Türkmənistan və regionun digər dövlətləri Rusiya marşrutlarından asılılığı azaltmaq, eyni zamanda tamamilə Çindən asılı vəziyyətə düşməmək istəyirlər. Azərbaycan onlara ideologiya satmır. Azərbaycan onlara infrastruktur təklif edir: liman, dəmir yolu, enerji xətti, Türkiyə və Avropaya diplomatik çıxış.
Yaşıl enerji bu konstruksiyanın növbəti mərtəbəsidir. Azərbaycan, Qazaxıstan və Özbəkistan Mərkəzi Asiya-Azərbaycan yaşıl enerji dəhlizinin hazırlanması və gələcəkdə elektrik enerjisinin Avropaya ixracı üçün Green Corridor Alliance yaradıblar. Xəzər dənizindən keçəcək yüksək gərginlikli sualtı kabel Mərkəzi Asiyanın bərpa olunan enerji potensialını Azərbaycanla, daha sonra isə Qara dəniz elektrik infrastrukturu ilə birləşdirə bilər. Layihəyə Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və texniki-iqtisadi qiymətləndirmə üzərində işləyən İtaliyanın CESI şirkəti cəlb olunub.
Əsas məqam aydındır: Azərbaycan yalnız neft və qaz tranziti ölkəsi olaraq qalmaq istəmir. Neft ölkəyə kapital verdi. Qaz strateji tələbat yaratdı. Logistika geoiqtisadi miqyas qazandırdı. Yaşıl enerji isə layihələr reallaşacağı halda Azərbaycanı dekarbonlaşan Avropanın yeni enerji infrastrukturuna daxil edə bilər. Lakin bu sahədə də şüarla bazar arasında böyük məsafə var. Sualtı kabellər, enerji sistemlərinin sinxronlaşdırılması, elektrik alış müqavilələri, hidrogen və yaşıl ammonyak modelləri, sığorta, tarif və texnoloji etibarlılıq məsələləri siyasi bəyanatlardan daha mürəkkəbdir. Bazar pafosu yox, işlək mexanizmi qəbul edir.
Azərbaycanın informasiya siyasəti də dəyişib. Şuşa Forumu bu baxımdan yalnız media tədbiri deyil. Bu, interpretasiya uğrunda mübarizənin bir hissəsidir. Bakı Qarabağı keçmiş münaqişə zonası kimi deyil, bərpa, qayıdış, suveren inkişaf və beynəlxalq dialoq məkanı kimi təqdim edir. Bu, illərlə regional gündəmin xarici media, erməni lobbisi, Qərbin hüquq müdafiə şablonları və postsovet vasitəçilik konstruksiyaları üzərindən izah olunmasına cavabdır. Azərbaycan artıq müdafiə mövqeyində danışmır. Azərbaycan gündəm qurur.
Hərbi kontekst də bu mənzərədən kənarda deyil. XXI əsrdə dəhliz yalnız ticarət yolu deyil. Dəhliz səfərbərlik logistikasıdır, təchizat dayanıqlığıdır, kritik infrastrukturun təhlükəsizliyidir, kibermüdafiədir, limanların, dəmir yollarının, boru kəmərlərinin, sualtı kabellərin və enerji qovşaqlarının qorunmasıdır. Azərbaycan Avrasiyanın qovşağına nə qədər çox çevrilirsə, onun sabitliyinin qiyməti də bir o qədər artır. Eyni zamanda xarici oyunçuların Bakının qərarlarına təsir göstərmək marağı da güclənir. Buna görə Azərbaycan yalnız yollar tikməməlidir. O, həmin yolların təhlükəsizlik sistemini də qurmalıdır.
Əsas oyunçuların gizli maraqları sadədir. Avropa Rusiyadan kənar enerji, kritik xammal və təhlükəsiz marşrutlar axtarır. Çin Avropaya çıxışda dəniz dar boğazlarından və şimal istiqamətindən tam asılı qalmaq istəmir. Mərkəzi Asiya coğrafi əsarətdən çıxmağa çalışır. Türkiyə Avrasiya operatoru statusunu gücləndirir. Rusiya müharibə və sanksiyalar səbəbindən zəifləyən tranzit təsirini qorumaq istəyir. İran yan keçilməkdən narahatdır, amma gəlir gətirən və təcridi azaldan marşrutlara da ehtiyac duyur. ABŞ isə Cənubi Qafqaza köhnəlmiş postsovet vasitəçilik sxemini iqtisadi arxitektura ilə əvəz edə biləcəyi nadir meydan kimi baxır.
Belə oyunda şüar yox, infrastruktur qalib gəlir. Azərbaycan artıq kritik kütlə yaradıb: BTC, Cənub Qaz Dəhlizi, TANAP, TAP, Bakı-Tbilisi-Qars, Ələt limanı, azad iqtisadi zona, modernləşdirilmiş yollar, Qarabağ və Şərqi Zəngəzurdan keçən yeni marşrutlar, Naxçıvanla bağlantı layihələri, Şimal-Cənub dəhlizində iştirak, Mərkəzi Asiya ilə aktiv əlaqə xətti. Bu, ayrı-ayrı obyektlərin siyahısı deyil. Bu, Bakının xarici siyasətinin infrastruktur skeletidir.
Azərbaycan artıq elə bir ölkəyə çevrilib ki, onun sabitliyi yalnız öz daxili məsələsi deyil. Bakının dayanıqlığından regional daşımalar, Avropanın enerji diversifikasiyası, Mərkəzi Asiyanın xarici ticarət azadlığı, Türkiyənin Avrasiya strategiyası və Qərbin Rusiyadan asılılığı azaltmaq planları asılıdır. Bu, orta güc dövlətinin yeni kateqoriyaya keçməsidir. Azərbaycan artıq sadəcə regional iştirakçı deyil. Azərbaycan ölkə-qovşaqdır.
Azərbaycan coğrafiyası həmişə mürəkkəb olub. Fərq ondadır ki, bu coğrafiya artıq tale deyil, alətdir. Bakı daha öz əhəmiyyətinin tanınmasını xahiş etmir. Bakı elə obyektlər tikir, elə yollar açır, elə enerji və nəqliyyat sistemləri qurur ki, başqaları öz müqavilələrini, marşrutlarını və siyasi ssenarilərini Azərbaycanı nəzərə almadan hesablaya bilmirlər.
Köhnə etimad yollarının dağıldığı Avrasiyada güc ən ucadan danışanlara yox, körpü qurmağı, onu qorumağı və işlətməyi bacaranlara məxsusdur.
Azərbaycan bu gün məhz bunu edir: xəritədəki yerini siyasi kapitala, siyasi kapitalını isə real gücə çevirir.
Elçin Alıoğlu
Milli.Az

























