
"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırovun əmri ilə İlhamə Abdullayevanın Uşaq inkişafı və rifahı şöbəsinə müdir gətirilməsi təhsil sistemindəki kadr siyasəti ilə bağlı sualları yenidən gündəmə daşıdı...
" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Sima Babayeva yazıb.
O daha sonra bildirir: "Bu təyinat təkcə bir vəzifə dəyişikliyi deyil — bu, cəmiyyətin həssas nöqtəsinə vurulan növbəti zərbə, ictimai rəyə verilən açıq mesajdır.
Hamının yadındadır:
İlhamə Abdullayeva daha əvvəl Abşeron-Xızı Regional Təhsil İdarəsinə rəhbərlik edib. Həmin dövrdə mediada onun adı ətrafında səslənən iddialar, qanunsuzluqlar və korrupsiya əməlləri barədə yayılan məlumatlar ictimaiyyətdə ciddi narazılıq doğurmuşdu.
İndi isə həmin kadrın daha mərkəzi bir qurumda, özü də birbaşa uşaqların inkişafı və rifahına cavabdeh şöbəyə rəhbər təyin edilməsi adamda haqlı sual yaradır: bu nə məntiqdir, bu hansı islahatdır?
İrəli getmək əvəzinə dairəvi hərəkət
Təhsil kimi strateji bir sahədə ən böyük bəla idarəetmədə məsuliyyətsizlik və kadr sirkulyasiyasıdır. Bir yerdə adı qalmaqallarda, şübhəli iddialarda hallanan şəxsin başqa bir vəzifəyə, üstəlik "inkişaf" və "rifah" kimi ali anlayışların dayandığı şöbəyə gətirilməsi sistemin özünü sağaltmaq istəmədiyini göstərir.
Əgər doğrudan da məqsəd təhsili inkişaf etdirmək, uşaqların rifahını qorumaq, sağlam mühit yaratmaq idisə, cəmiyyətdə etimad krediti tükənmiş, adı mətbuatda neqativ hallarla yanaşı çəkilmiş kadr niyə məhz bu sahəyə yönəldilir?
Belə addımlar "kadr çatışmazlığı" bəhanəsi ilə ört-basdır edilə bilməz. Bu, açıq-aydın yanlış kadr seçimi və ictimai narazılığa göz yummaqdır.
Sözün düzü, ən ağrılı məqam elə budur. Uşaq inkişafı və rifahı şöbəsi kağız üzərində gözəl səslənən, amma əməldə şəffaflıq, təmiz reputasiya, pedaqoji həssaslıq və dürüstlük tələb edən sahədir.
Uşağın rifahından danışan adamın özünün fəaliyyəti və keçmişi barədə cəmiyyətdə suallar qalırsa, orada hansı sağlam inkişafdan söhbət gedə bilər?
Təhsili batıran vərdişlər
Təhsil sistemi onsuz da illərdir yığılıb qalmış problemlərin, bürokratiyanın, formalizmin və etimad böhranının içində çabalayır. Valideyn narazı, müəllim yüklü, şagird isə keyfiyyətli mühitə həsrətdir. Belə bir vaxtda rəhbər vəzifələrdə şübhəli reputasiyalı kadrların yenidən peyda olması təhsili irəli aparmır — əksinə, onu daha da dərin bataqlığa çəkir.
Eşqi Bağırovun və ümumilikdə idarəetmədə qərar verənlərin anlamalı olduğu sadə bir həqiqət var: korrupsiya və qanunsuzluq iddiaları ilə adı hallanan kadrlarla "inkişaf" qurmaq mümkün deyil. Bu cür təyinatlar sistemə olan son ümid qırıntılarını da məhv edir, cəmiyyətdə "kim necə istəsə, elə də davam edəcək" inamını möhkəmləndirir.
Uşaqların gələcəyi və rifahı şüarlarla yox, təmiz əllərlə və şəffaf qərarlarla qorunur. Qalan hər şey isə sadəcə vəzifə bölgüsüdür..."

























