• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
24-07-2020, 16:37

Bir “qaçqının” manifesti

Bir “qaçqının” manifesti


-Oyəə, oy qaşqın, buryəəl. Bunun ujunnan tut görüm.
Kişi ərklə dikəldi. Sadığın belini əyəcəyindən məmnunluq duyub, onun qonşu oğlanla hıqqana-hıqqana 50 kiloqramlıq buğda kisələrini daşımağına tamaşa etdi. Allahverdi dayı çağırdıqları bu kişinin peşəsiydi, əlinə keçəni işə basmaq. İllah da, bütün yerlilər kimi “qaşqın” deyib alçaltdıqları Sadığı gözündən qoymazdı, pis mənada. 23 yaşını köçkünlükdə tamamlamış Sadıq üçün nə qədər ağır olsa da sinirirdi hər şeyi. Əlini çırpıb sonra da kisələrdən ağarmış yeganə təzə şalvarını təmizləyəndə, Allahverdi “sağ ol” da demədən birbaşa soruşdu:
-Biçdirdinmi yoncanı?
-Yox, kombayn növbəm axırdadı.
-Həə, nolar, nolar, dünya qaçmır ha. Biçdirərsən. Yerin susuz qalmışdı deyə kösöy olub bir az. Həəə, bir yol oradan keçəndə baxdım. Başqa cür başa düşməynən haa, canıyanımlıqla baxdım...
Amma Sadıq uşaq deyildi, əksər yerlilər kimi Allahverdini də sancıya salmışdı, onun torpaq icarə götürüb, əkinə başlamağı. Elə “yerin susuz qalmışdı deyə kösöy olub” deməyi acıq vermək idi. Axı sahəni qəsdən suya həsrət qoymuşdular. Su növbəsi ona çatanda yalaqları doldurdub, su aparmağa yol vermədilər. Ta ki, Sadıq rayona gedib şikayət edənəcən. Onda da “erməni kimi” ifadəsilə təhqir etmişdilər. Udammamışdı. Ağızlaşmışdı bir-iki cavanla. Qayıtmışdılar ki, torpağını satıb gəlib, bizim torpaqlarda lotuluq eyləyirsən.
-Belə çıxır bütün ailəmin ölümü bahasına satmışam torpağımı? –sual etmişdi.
Bu sualdan sonra gənclərin biri kəkələmişdi. O biri isə özünə haqq qazandırmağa çalışmışdı:
-Ə demirik ki, pulla satmısan. Döyüşməyib, qoyub qaçmaq da satmaqdı dənə.
-Kim dedi döyüşməmişəm? 18 yaşım olmamış, könüllü kimi Ağdam batalyonuna yazıldım , yaralanandan bir qədər sonra da...
Ümumiyyətlə bunları o gənclərə izah etməyə lüzum vardımı? Tənəli baxışlardan təngəmi gəlmişdi, ya içində illərdi daşıdığı acısını bölüşüb, yüngülləşməkmi istəmişdi? Amma bir şey aydın idi. Yerlilər heç bir zaman ona qucaq açmayacaqdılar. Özlərini belə didməyə hazır olanlar gəlməyə dözməzdi. Azərbaycan bölük-bölük, qəbilə-qəbilə yol götürmüşdü. Bir topa adam o biri topaya qarşı. Qaçqın köçkünə, yerli heç birinə cığır yeri buraxmaq istəmirdi. Nə idi bu qovğa, bu kin? Yerinin daralacağından qorxmaq, bir gəlmənin daha çox uğur qazanacağından çəkinmək? İndi onun düz gözünün içinə baxaraq : döyüşməmisən, qaçmısan deyirlər. Bunu da başa düşmüşdü ki, döyüşəndə yox, döyüşüb öləndə qədir-qiymətin olur. Mütləq ölməlisən ki, qandan vəcdə gəlib “vətənpərvərlik” havası ilə öyünsünlər. Hələ, nəyinin hörmətini saxladıqları bilinməyən Allahverdi dayıya bax. Allah sənə qəni-qəni rəhmət eləsin igid komandir. Şərəflə şəhidliyə ucaltdığın bu adı bir də xəbis ruhla daşıyanlar var. Bunun kimilər döyüşdə olsaydı, ermənilərin öz əsirini almaq üçün təklif etdikləri pulu göydə qapardı. Rəhmətlik Allahverdi Bağırov isə əsir azərbaycanlını tələb etmişdi.
Hər nə qədər ağır hadisələri yada salmağa çalışsa da sağ budunun sancısından yayındıra bilmədi fikrini. Alışır insan. İtkilər isti vaxtı dəmirçi körüyü kimi alovlandırır ruhu. Bədənindəki yaralar yadına düşmür. Zaman keçdikcə isə ruh vəziyyətə uyğunlaşıb sakitləşir. Əvəzində bədən yaraları kəskinləşib ruhu, ağılı üstələyir. Düzdür, elə də dözülməyəcək ağrı deyildi. Ancaq həm küt, həm də gicişən ağrı idi. Sahədən piyada gəlib, neçə kisə yük qaldırmağı güc salmışdı buduna. Hələ havalar soyuyanda budu karvansara qapısıymış kimi sümüyünə “külək” də sovururdu. İndi, kəndin kənarındakı köhnə fermayacan daha 10-15 dəqiqəlik məsafə qət etmək gözünə oturmuşdu.
İçəri girəndə xoşagəlməz ab-havanı tutdu. Öz-özündən xoflandı: "Yoxsa bezdirmişəm, daha bura gəlməməyin vaxtıdır." Lakin Sənubər xala əli ilə yaşıl üzlü döşəkçəni göstərib-otur dedi, süfrədən əksik olmayan termosu götürdü, sınıq salxaq dolaba yeridi. Termosun zəif loqqultusu eşidilir, Sadıq hələ də qəribəlikdən sıxılırdı.
-Kəndə od vurublar.
Sənubər xala yerə saldığı süfrənin bir küncünə- Sadığın qarşısına çay qoya-qoya dilini sürüdü. Sadıq çevrilib bayaqdan bəri qaşqabaqlı dayanmış Mərdan əmiyə baxdı. İki qatlanmış müttəkəyə sol böyrünü dayayan kişini elə bil boğazından yapışıb boğmuşdular. Günün altında qızarıb - yanmış dolu sifəti gömgöy kəsilmişdi. Sənubər xala:
-Bala , qənd ərşə çəkilib , "pesox" tök.-deyərək çat qənddanı irəli sürüşdürdü.
Sadıx könülsüz-könülsüz qaşığı qənddanın dibində qalmış şəkər tozuna toxundurdu. Görünür nəm çəkdiyindən daşlaşmışdı. Fikrindən yayınıb qaşığı nəlbəkiyə qoydu, çayı yavan qurtumladı. Qurumuş boğazı yaşlanan təki, qəhər tıxandı boğazına. Zorla:
-Hardan eşitdiniz?-sual etdi.
Qadın şalını sığallaya-sığallaya yanını döşəkçəyə saldı. Cavabı kimin verəcəyini qərarlaşdırmaq üçün kişisini süzdü. Mərdan əminin dərddən heyi kəsilmişdi. Cavab vermək nədir, heç onları dinləmirdi də. Boynunu çiyni üstünə əyib, gözünü bir nöqtəyə zilləmişdi. Allah bilir ürəyindən nə keçirdiyini. Ondan səs çıxmayacağını görən arvad köksünü ötürüb, danışmağa başladı:
-Bizim Abdulla getmişdi Ağdama. Gözüylə görüb anası ölmüş. Olan-qalan öylərimiz də çatır-çatır səs salıbmış , bala... Qapqara tüstüsü... Gör neçənci dəfədir alışır. Daha daşı daş üstündə qalmadı. Can ay Güllücə, can. -gözünün yaşı sel kimi axdı. Şalının ucunu ağzına basıb çiynini yırğalaya-yırğalaya ağı dedi. Səsinə, bayırdan yeniyetmə qızları gəlib qapıya qısıldılar. Təsirlənib, doluxsundular. Mərdan əmi güclə başını dikəldib çımxırdı:
-Di kiri... Dur inəyi sağ, axşam düşür.
Arvad səsini qısıb itaətkarcasına əllərini yerə dayaq verdi, qalxdı. Köçkün düşdükdən bəri, içinə sığındıqları yarıuçuq fermanın bir tərəfində inək saxlayırdılar. Bu inəyi də neçə xalça satıb ala bilmişdilər. Yadındadır Sadığın. 1994-cü il yenicə girmişdi. Elə hey deyirdilər kəndi boşaltmaq lazımdır, ermənilər hücum çəkəcək. Onda, bəzi ailələr evinin çox əşyasını çıxartmışdı. Sadıqgilin evi onsuz da yox idi. Ailəsi düşmən hücumu ilə hamılıqla öləndən bir müddət sonra Güllücəyə, atasının əsgər yoldaşı , həm də yaxın dostu olan Mərdan əmi gilə sığınmışdı. Onlara əşyalarını çıxarmaqda xeyli kömək olmuş, Tərtərdən olan dostları vasitəsilə yük maşınları da təşkil etmişdi. Amma özü çıxmaq istəmirdi, elə hey deyirdi: ayağım sağalsın , qayıdacam döyüşə. Ağlının ucundan keçməzdi ki, atəşkəs olacaq.
Sənubər xala yaxşı insandır. Ona anası kimi açmışdı qollarını. Lakin bir çox analar kimi qızına tanıdığı, “əlinin altında böyümüş” adaxlı seçirdi. Dilinə gətirməsə də apaydın hiss olunurdu Sadığı Gülüstana münasib bildiyi. Gülüstan elə bir xüsusi gözəlliyə malik olmasa da həlim, zərif üzlü qızcığazdı. Hələ 17 yaşı da yox idi. Məktəbi bitirməmişdi. Sadıq, gözü önündə böyüyən Gülüstana bacısı kimi baxırdı. Bu qızcığazla özünü yuxuda belə görmək istəməzdi. Sənubər xaladan olsa bu dəqiqə nişan taxardı, ancaq gözləyirdi ki, Sadıq özü hərəkətə gəlib, dilindən söz qaçırsın. Onun vaxtaşırı evlilikdən söz açması, bilə-istəyərək Sadığa: “-bala, bir halal süd əmmişini tap, evlən, yaş ötür” nəsihəti Mərdan əmiyə acıq gəlirdi.Kişi hirsini güclə boğub söz atırdı:
-Nə yaşı var ki, ötmüş də ola. Feruz kişi 40 yaşında öylənmişdi, Tərlan 36-da. Nəyi əskikdi, evdən, uşaqdan? Dəymə, qoy nə vaxt özünü hazır bilir, onda da evlənsin.
-Həə, elə sənə qalsa hamı 40 yaşında evlənər. Bu evliliyin də bir yaşı var dəə.
-Əşşi,-Mərdan əmi bir əlini dizinə dayaq verib, o biri əlini şəkillərdəki Lenin kimi irəli- arvada sarı uzadaraq deyinərdi,- nə yaş, yaş salmısan yenə? 23 yaşı var e, binəvanın. Nə istəyirsən uşaqdan?...” Beləcə ara qarışar, məzhəb itər, Sadıq da hiss etdirmədən sivişib gedərdi, düüz kəndin mərkəzi küçəsinə-iki evin arasındakı dar dalana. Bura onu sevda gətirirdi. Sonu olmayacaq sevda. Elzanı , Ağdaşda məskunlaşdıqları vaxtdan tutmuşdu gözü.
Güllücənin işğalı arxasınca bir-neçə ay Quzanlıda, sonra Tərtərdə məskunlaşıb, 3-4 ailə bir fermaya sığınmışdılar. Həmin o ərəfələrdə Mərdan əmi təklif etmişdi ki, Ləkiyə getsinlər. Ləkidə uzaq qohumları vardı. Elə evinin qiymətli əşyalarının böyük hissəsini- qızlarına körpəliklərindən yığmağa başladıqları sandıq-sandıq cehizləri güvənib ora aparmışdılar. Qadın fikri cehizə daha düşkün olduğundan, xəyalı o əşyalar üstündə sığal kimi gəzdiyindən Sənubər xala nurlanmışdı. Beləcə, özləri ilə dostlarından əmanət, oğul kimi bildikləri Sadığı da aparmışdılar Ləkiyə. Ləki onları çox pis qarşıladı.
Soyuq noyabr. Axşamın yağışlı havası. Sağı və solunda qələmə, tut, salxım söyüd kimi ağacların təkəmseyrək növbələşdiyi yol bitdi. Evin arxa divarı da dayaq olan , yarısı dəmir lövhə və taxta ilə qapanmış həyət divarı yaxınında yük maşını əylədi. Mərdan əmi cəld düşüb kiçik darvazanı danqıltdatdı. Handan-hana darvaza açıldı. Arıq, qaradinməz bir kişi göründü. Sadıq yük maşının içindən aydın gördü ki, adam qonaq gözləmirdi, hətta narazı baxırdı. Həngamə də bundan sonra başladı. Uzaq qohum evinin darısqal olduğunu bəhanə gətirib, yalnız qadınları qəbul edəcəyini bildirdi. Lakin bütün qonaqlar gecəni maşında yola salmağı lazım bildilər. Səhər isə əşyalarına baxmaq istəyən Sənubər xalanın az qala ağlı gizləndi. Ona vur-tut dibi yağışın altında qalmaqdan pas tutmuş iki vedrə, bir ləyənçə, işlək mərəkə qab-qacağı yığılmış bir yeşik göstərdilər. Yaqut adlanan ev sahibəsi hikkəli-hikkəli qışqırırdı: “Bir ildir sizə yük saxlayıram, indi yadına düşdü əşyaların? Mənim evim fabrik anbarı deyildi e sənə, belə əccəb edib qızımı köçürtdüm onlarla. Qalıb, paslanıb, sınacaqdı dənə. O boyda ev, torpaq qoyub, gəldin, erməniyə. Ermənicəy hörmətimiz yoxduu?” Hay salan qadının pörtmüş, yağlı yanaqlarının yırğalanması Sadığın yadından çıxmırdı. O vaxtdan qırmızı sifət, kök adamlardan çimçəşirdi. İki gün kəndlər dolaşıb, üç həftəlik Şordəhnə fermasında qərarlaşdılar. Dördüncü həftə isə Mərdan əmi “kənd sovetinin” təklifiylə N-kəndinin fermasına köçüb, həm də orada çobanlığa başladı. Ala gözlü, dalğalı saçları həmişə çiyinlərinə tökülən Elza da “kənd sovetinin” qardaşı qızı idi.
O vaxtlar Elzanın 18 yaşı vardı. Universitetə sənədlərini verib kəsildiyindən daim danlaq yeyir, bezdirilirdi. Belə zamanlarda həyətlərinə işlə bağlı girib-çıxan arıq, ucaboy Sadıq diqqətini çəkmişdi. Onun sağ ayağını çəkməyi də yaraşığına xələl gətirmirdi. Bir dəfə əmisi ilə yeni aldıqları danaları gətirən Sadığa Elza su da vermişdi. Bu Sadığa İlaxır çərşənbədə duzlu kökə yeyib yatanların yuxusu kimi görünmüşdü. Aradan iki ildən çox vaxt ötür ki, sevgiliydilər. İkisi də qayğılardan sığınmışdılar bir-birlərinə. Görüş yeri də hər gecə bu kimsəsiz, bir yanı "kənd sovetinin" bağına dirənmiş dar dalan idi. Dalanda haradansa tullanıb qalmış iri daşların üstündə oturar, beş-on dəqiqəlik dərdləşərdilər. Amma bir gün uğursuz görüş oldu. Elza onlara elçi gəldiklərini dedi. Sadıq ani olaraq bir şey dərk etməyib təbəssümlə susdu. Qaranlıqda bu müəmmalı gülüşü görməsə də Elza acıqlandı:
-Niyə dinmirsən?
-Nə dinim ki?
-Necə yəni? Əmimlə atam məni vermək istəyir. Anam da deyir, yaşın ötür.
-Hələ 20 yaşın var e, -deyib Sadıq Sənubər xalanın da bu yaş narahatlığını xatırladı,-deyəsən bütün arvadlar eyni düşünürmüş.
-Nədən danışırsan?
-Heç... Amma mən nə edə bilərəm. Özün bilirsən ki, mənim kimi fermada yaşayan evsizə kəndin ən çirkin qızını da verməzlər.
-Qaçırt məni!
Bu, Sadığa birinci xəbərdən də sərt , həm də gülünc gəldi. Amma bir sevinc hissi ilə məst olduğunu da gizləyəmmədi. Həyəcandan səsi titrəyirdi:
-Qaçqının ikinci qaçaqlığı , özü də qızla... Ağlasığmazdır.
-Lağ edirsən?
-Etmirəm, amma mən səni hara qaçırdım, mənim özümə aid xosmam da yoxdur, Elza?
-Mən sənə deyirəm ki, məni ərə verirlər!-qız az qala hirsindən partlayacaqmış kimi dik atıldı. Sadıq düşünürdü: "elə belə olmağı yaxşıdır. Onsuz da Elzanı xoşbəxt etməyə qadir deyil. Bu günü o biri günəcən birtəhər girələyir. Bu qızı da özü ilə süründürmək rəvadırmı?" Cırcıramaların səsi nəzərə alınmazsa gecəyə çökmüş səssizliyi ayrılıq fikri yara kimi göynədirdi. Heç biri dinmirdi. Təzədən daşların üstündə yanaşı oturmuşdular. Nəfəslərinin səsi cırcıramaların cırıltısından da eşidilə bilirdi. Bəlkə də bir-birinin ağzından çıxacağı sözə qulaqlarını şəklədikləri üçün. Axır, Sadıq sükutu poza bildi:
-Ötürüm səni, evə...
-...
-Mən sənin xoşbəxt olmağını istəyirəm. Bəlkə də başından səhv etdim , məni...
Qız yenidən ayağa sıçradı:
-Həə, həə, başından səhv etdin. Bilirsən, səndən zəhləm gedir. Allah səni öldürsün! Allah səni öldürsün! Allah səni öldürsün!
Uşaqkən etdiyi nadincliyə görə anasından başqa onu qarğayan olmamışdı. Amma anası da belə ürəkdən qarğamırdı. Sadıq bir anlıq gözlərini yumdu. Elə bil talaq idi, üç dəfə: boşayıram, boşayıram, boşayıram deyirdilər. Hisslərini toparlayıb qalxdı. Elza onu qabaqladı:
-Cəhənnəm ol, özüm gedərəm. Sənsə beləcə tək və kimsəsiz gəbər!
Elzanın bu cür qarğışla ağlayıb qaçması Sadığın on ilini geri tulladı. Ay yarım sonra Elza Ağdaş şəhərinə gəlin köçdü. Sadığın ən böyük təsəllisi də bu oldu ki, sevgilisi uzağa ərə getdi və daha onun üzünü görüb əzab çəkməyəcəkdi.
Gözünü dikdiyi biçindən də elə bir gəlir əldə edə bilmədi. Yerlilərin bir ucdan: "nə vecinə, hökumət müftə işıq verir, çörək pulu verir" darımağından boğaza yığılan Sadıq , Ağdamın Əlimədədlisindən olan tanışların köməyi ilə Tverə getməyi qətiləşdirdi. Sənubər xala ilə Mərdan dayı onu göz yaşları ilə yola saldılar. Sadıq Gülüstanın da onun üçün boynunu büküb necə yazıq-yazıq ağladığına dözmədi. Dolmuş gözlərlə ilk dəfə qızı qucaqlayıb alnından öpdü.
Ölkə sərhəddindən kənara ayaq basacaqdı. Bu uzun yolçuluq kasıblığın daşını atıb, heç olmasa bir ev qaralda bilmək ümidindən başqa bir şey deyildi. Özü ilə qürbətə , dəyişək üçün götürdüyü iki dəst paltardan qiymətli qəlpə də aparırdı. Heç vaxt yanından ayırmadığı, budundan çıxarılmış bomboz qəlpə...
1993-cü ildən bəri ən yaxın dostu. Bu boz qəlpələr nə analar ağlar qoydu, nə evlər yıxmadı ki? 1992-1993-cü illər minalar ili kimi qalmışdı yaddaşında. Allahverdi Bağırov, Şirin Mirzəyev, neçə cəbhə yoldaşı, Faiq əmi, ən sonda anasıgil-bütün ailəsi. Heç unutmaz 1992-ci ilin iyununu. Atasının döyüşlərdə həlak olmağından sonra ,mayın sonu Şirin Mirzəyevin komandanlıq etdiyi alaya könüllü yazılmışdı. Ata yurdunun adını daşıyan Şıxbabalı bölüyünə can atsa da bölük o ərəfədə Ballıqayada olduğundan alınmamışdı. Qəlbinin dərinliyində burulan natamam hissi, tezliklə, “nə fərqi var, bu torpaqların hər qarışı kimi hər bölük, hər alay da bizimdir” fikri rəndələmişdi. Beləcə Qulular bölüyünə qaynayıb qarışmaq çətin olmadı. Ehtiyatda olan bölük kimi Sırxavənddən xəbər gözləyirdilər ki, Naxçıvannikdə olan igid komandir Allahverdi Bağırov və kapitan Nizami Şükürovun minaya düşdükləri xəbəri yetirmişdi özünü. Gecə səhərəcən ölü sükuta qərq olmuşdular. Atasının xəbərində heç bu qədər sarsılmamışdı. Bu xəbər ağaca dəyən baltanın son zərbəsi effekti vermişdi. Yıxılmışdı. Mənən yıxılmışdı. Bir yük qaldıran qədərindən artığa yüklənəndə necə çökürsə, görünür ikinci xəbər birincinin üstündən basırdı. Yoldaşları sıralarına çox gənc və yeni qatılan Sadığın kürəyinə vurub:
-Toxta, hələ heç nə görməmisən, eşitməmisən.
Amma 20 Yanvarı, Xocalını görüb eşitmişdi.Yəqin bu, hadisələrin mərkəzində olmamısan demək idi. Özünü daha betərinə hazırla söyləmişdilər. Daha betəri, üç gün sonra. Çingiz Mustafayev vurulmuşdu. Daha üç gün sonra... Bu 3 günlük intervala necə düşmən kəsilmişdi. İyunun 18-i günü Şirin Mirzəyev də Allahverdinin yolunu getdi... Minalamaq işini ermənilər bacarırmış. Necə ki, sonralar onlara görünmədən süleysin təki sivişib Qiyamməddinliyə, oradan Yusifcanlıya keçib yolları minalayıb dönmüşdülər. Təkcə bu günlərdə bircə xəbər onurğa sütunlarına dayaq vermişdi. Ballıqayada mühasirəyə düşmüş bölük xeyli itkiylə xilas olmuş, bu Sadığın öləziyən zehninə “hələ yaşayırıq” siqnalı ötürmüşdü. Hələ yaşayırdılar. Vuruşmaq əzmi yaşadırdı. Evinə sahib olmaq, məsum uşaqların qatillərini cəzalandırmaq hissi yaşadırdı. Tez alışmışdı səngər həyatına. Qışın sazağında, boynunu buşlatının içinə qısıb dartışdırdığı qaxac tikələr də ona ləziz gəlirdi. Bir də görürdülər səhra mətbəxi qoşulmuş UAZ maşını dayandı, aşpaz isti yemək harayı saldı. Yeni il hədiyyəsini Şaxta babanın gətirdiyinə inanan uşaq sevinciylə , əllərində alüminium qab toplaşırdılar. Sazaqdan keyimiş barmaqlar yapışırdı qaşıqdan. İsti şorbanın boğazlarından ötməsilə ilıq hərarət yayxanırdı bədənlərinə. Canları qızındıqca çəkmənin içində donmuş baş barmaqlarını da tərpətməyə başlayırdılar. Sallanmış sifətlərinin qırışığı açılır, aşpaz Turqut dayıyla zarafatlaşırdılar. Turqut dayının taleyi də bir ayrı hekayə idi... Qarnı qəfildən kupenin sakitliyinə eybəcər bir gurultu saldı,hər kəsin diqqətini çəkdi. Himə bənd olan qarşıdakı dilavər qadın soruşdu: -Bala çörəyin, yeməyin varmı? Baax, ac olarsan, yeməyin qurtarar, çəkinmə. Azərbaycanlı “döyülüymü”? Yol yaldaşıyıq, -Əlini yaxınındakı iri torbaya uzatdı, -qatlet-çörəy verimmi?
-Yox, yox ay xala. Özümün azuqəm var. Tənbəllik edib süfrə açmadım. İndi yeyəcəm.
-Ee, siz kişilər beləsiniz də. Biri silkələyib yeməyin hazırdı deməsə elə günlərlə ac-acına yatarsınız. Mənim oğlum da sənin kimidi. Moskvada yaşayır. İndi...
Daha qadının nə qoşub- danışdığına fikir verməyən Sadıq dəxlsiz sualdan səksəndi. Çörəyi zorla udub key kimi gözünü döydü. Arvad maraqla təkrar soruşdu:
-Deyirəm, anan nə yaxşı öylənməmiş buraxıb səni ursetə?
-Anam rəhmətə gedib.
Araya ani çökən səssizliyi yenə qadın pozdu:
-Allah rəhmət eləsin, bala. Neynək, həyat belə qurulub. Atan dururmu?
-Şəhid olub...
Bu dəfə kupedəkilərin hamısı rəhmət dilədi. Qadın zənnlə Sadığa baxıb köksünü ötürdü:
-Allah evini yıxsın erməninin. Hansı irayonnansan?
-Qarabağlıyam...
-Hiii, qaşqınsan demək.
Bu söz sifətini yandırdı, gözü alacalandı. Yarı əsəb, yarı kədərlə zəhərə dönmüş çörəyi süfrəyə qoyub düz baxdı:
-Məcburi köçkünəm. Qaçqın Ermənistandan gələnlərdir.
-Ee nə fərqi var, ora da bizim olub də.
Bu fikirdən həyəcanlanan Sadıq kupe yoldaşına, orta yaşlı kişiyə sarı çevrildi. Başı ilə təsdiqləyib ötəri gülümsündü. Bayaqdan bəri bir yaxşı cümlə işlətmişdilər. “...ora da bizim olub də.”
Tverə daha çox kəlbəcərlilər yerləşmişdi və çoxu artıq qoçaqlıq göstərib ev-eşik sahibi belə olmuşdu. İki dəfə Mingəçevirdə qarşılaşdığı kəlbəcərli tanışını-Teyyibi də burada tapdı. Teyyibin qohumu Tverdə əməlli-başlı iş qurmuşdu. Xeyli məkanı vardı. Hamısında da yerlilərinə iş vermişdi. Elə onun vasitəsilə də Sadıqçün kiçik dukan kıraladılar. Ən başlarda rus dilini çox pis bildiyindən ona kömək üçün bir rus qızını yoldaş etdilər. Mavi gözlü, yanaqları azacıq çilli Katyanın xoxolka olduğunu sonradan, bir-birlərinə işinişəndən bilmişdi. İlk dəfə bir yerdə yaşadığı qadın da o oldu. Ancaq tez ayrıldılar. Çünki lənətə gəlmiş ermənilər burada da ürcah oldular Sadığa. Tver əhalisi əsasən ruslar olsa da , vilyətdə azsaylı ukraynalılar və ermənilər də yaşayırdı. Teyyibgil ona başda xəbərdarlıq etmişdilər ki, bura Azərbaycan deyil. Ermənilərlə mümkün qədər ehtiyatlı olsun. Deyəsən ilk gəldiklərində ermənilərlə balaca mübahisələri düşübmüş. Bu zaman ruslar ermənilərin tərəfini saxlayıb, həmişəki kimi. Sadığın Qarabağlı olduğunu necəsə bilən 3-4 erməni dadanmışdı dükana. Qəsdən özlərini nəsə axtarırmış kimi göstərib söz atır, Arsax, Akna ilə bağlı öz aralarında bilərəkdən danışırdılar. Onlar hər Akna deyəndə Sadığın bağına daş düşürdü. Axır bir gün dözməyib sərt dilləndi. Elə ermənilər də bunu heritlənirmiş. Onu təklədilər. Söyüşə, əl-qol davasına keçdilər. Sadıq bağlamaların bağını kəsmək üçün istifadə etdiyi korşalmış ülgücü piştaxtanın üstündən qapdığını gördü. Bir də ağlı üstünə gəldi ki, erməninin biri iki qatlanıb, qarnını basan barmaqları qana bulaşıb. Digər ikisi fahişələr kimi şüvən saldığından, balaca dükan adamla dolub. Işıq surətli işmiş ki, polislər və təcili yardım peyda oldu.
Amma bir yaxşı, bir pisi vardı bu işin. Yaxşısı o idi ki, dükanda həm kamera vardı, həm də Katya bir-neçə dəfə ermənilərin ona sataşdığının şahidi olmuşdu. Bir pisi vardı ki, yaraladığı Hayk (adı vecinə olmasa da prosesin gedişatında öyrənmişdi, dostlarla öz aralarında ona Haykanuş deməkdən də həzz alırdı.) ölməmişdi, yüngül xəsarət almışdı , özü də Rusiya vətəndaşı idi. Bundan da yaxşısı o idi ki, 5 ay 19 gündən sonra Tverdəki azərbaycanlılar, bir qrup da Moskvadakılar atışıb, lazım olan miqdarda rubl ödəməklə onu azadlığa çıxarıb, bəraətini təmin etdilər. Lakin , ermənilərin Sadıqdan əl çəkəcəyi nagüman olduğu üçün Tveri tərk etməsini məsləhət bildilər. O isə başqa şəhərdə tanışsız baş çıxarmayacağını bilib, bilet alıb Vətənə döndü. Vətən yaxşısıyla da, pisiylə də Sadığı qovmayacaq yeganə sığnaq idi.
9 aylıq Tver həyatından sonra Ağdaşa dönməyi gərək bilmədi. Bakıda iş axtarıb fəhləliyə yazıldı.Əlil olduğuna görə “leviy” işləyirdi. Bir qəza olsaydı qanı batacaqdı. Qaramat günlərə qədəm basdı. Beş fəhləylə sığındığı ikiotaklı “jak” ev qışda soyuqdan, yayda istidən əhədini kəsirdi. Hisdən qaralmış divarların suvağı tökülmüş, bəzi hissələr nəm çəkdiyindən “quzulayıb” kəpəkləmişdi. Yuxarıda kiçik havaçəkəni olsa da otaq kişilərin pintiliyindən üfunət iylənirdi. Bakının özünün də havası xeyli ağırlaşmış, bulvarı bədəni yapışqan edəcək qədər çirkli şəhər olmuşdu. Sadıq bu şəhərı uşaq yaşlarında görmüşdü.Onda böyük şəhərin işıqları cazibədar görünsə də, indi bu işıqlar süni təbəssüm kimi itici gəlirdi. Bakıda Ağdaş üçün darıxacağını xəyal da etməzdi. Ağdaş isti şəhər olsa da, azından orada bir-birinə köndələn, bitişik ucaldılmış göydələnlər yoxdu, havanın qarşısını heç nə kəsmirdi. Balıq kimi ağzını açıb nəfəs almağa çalışmırdın. Gələndən yalnız bir dəfə baş çəkmişdi Ağdaşa. O da təzə tikilmiş evlərindən gəlin köçən Gülüstanın toyu ərəfəsində. Elzanı cəmi bir dəfə xatırlamışdı. Atası və əmisini toyxanada görərkən. Ağdam isə bağrında köz olan həmin həsrətdi, getdikcə şiddətlənirdi. Əlinə imkan düşdükcə qaçırdı Quzanlıya. Heç bir zaman heç yerdə unutmadığı qəlpəsi ilə bir yerdə dogma torpaqları dolanırdı. Bir yol da Tərtərə baş çəkib, oradan cəbhə xəttinə yaxınlaşmaq istəmişdi. Elə Tərtərdə Rəsulla qarşılaşdı. Bilmədi ömründən ömürmü getdi, ömürmü calandı, amma çox dolaşıq hisslərin ortasında çaşıb, döyükdü. Birinci Rəsul tanıdı onu. Həmişəki həyəcanlı səslə çağırdı:
-Ay qardaşım…
Yaxınlaşıb sağ əli ilə Sadığın boynunun arxasından yapışdı. Başini özünə sarı çəkib alnını alnına dayadı. Sadıq zorla nəfəs aldı:
-Allaha şükür…
Boğa bilmədilər göz yaşlarını, hönkürdülər.
Rəsul ilə il yarım çiyin-çiyinə döyüşmüşdülər. Bu müddətdə Sadıq Rəsulu böyük qardaşı, sirdaşı bilmişdi. Canayanımcıl, qorxubilməz,hamının hoyuna yetən mərd idi. Bir-birinin ardınca komandirlərini itirən batolyonlar dağılırdı, yerinə yarananlarda Rəsul mütləq döyüşçü yerini alıb silahını əlindən qoymurdu.
Sonralar Sadıq eşitmişdi ki, Rəsul Cəfərin batalyonunda döyüşür. Cəfərin batalyonu Ağdam uğrunda son döyüşləri aparanlardan idı. Güllücənin Gülçülük ətrafında olarkən Sadıq can atmışdı ki, onlara qoşulsun. Lakin ayağını hələ çox çəkdiyindən : “yük olma” demişdilər. Hirsindən düz ayağnin üstünə tüpürüb söymüşdü taleyini. Səbəbin ayaq olmadığını çox sonra bildi. Ailəsindən bir “nüvər” qalan Sadığın döyüşməsini Rəsul əngəlləmişdi. İstəyirdi ki, heç olmasa o ev-eşik olub ailəsini yaşatsın. O gün bu gün üzünü görüb, sorağını eşitmədiyi cantaraqlı cavanın indi beli bükülmüş, gözlərindəki o parlaq əzm sönük işartıyla əvəzlənmişdi. Rəsul Bərdədə ev-eşik olub, dörd nəfərlik ailəylə xudmanı evə sığışmışdı. Sadığı buraxmayıb iki gün qonaq saxladı. Elə bu iki günü ancaq başlarına gələnlərdən danışıb, döyüşləri xatırladılar.
-Maisi heç unuda bilmədim. Hərdən düşünürəm ki, bir ağılsızlıq elədi, sonra da deyirəm yox, elə onun canını fəda etməsinə səbəb biz yaşadıq…- Qarşısındakı stəkanı nəlbəkidə fırlada-fırlada köksünü ötürdü.
Sadıq Rəsulun dediyini başı ilə təsdiqlədi. Bir anlıq o günlərə qayıtdı.
Döyüşlərin birində xeyli irəliləyib erməniləri qəfil yaxalamışdılar. Biri əsir düşmüşdü hətta. Əsiri bir-neçə döyüşçüylə qərargaha yolladıqlarından 11 nəfər qaldılar. Vəziyyət tezliklə dəyişdi. Əlavə qüvvələr əldə edən ermənilər onları yarımmühasirəyə aldı. Yalnız müdafiə olunduqları yerin cənub-qərb tərəfindən xilas ola bilərdilər. Tərslikdən də çox açıq yer olduğundan o səmtə getmək gecəni gözləməyi diktə edirdi. Gecəyəcən atışma olsa güllələri də qalmayacaqdı. Duyuq düşmüş kimi ermənilər qarış-qarış irəliləyib mühasirəni daraltmağa çalışır, bütün bu müddətdə onlardan aralıdakı yarıuçuq binaya ara-sıra qumbara atırdılar.
-Bax sən, ay it uşağı, it. Ay sizin…-kəskin söyüşləri dişində sıxdığı siqaretin tüstüsüylə ermənilər sarı püləyib, Sadığa döndü:
-Qoru məni!
-Hara gedirsən?
-Onlar binaya havayı yerə qumbara atmaz.
-Getmə…
-Qoruuu!
Sadıq avtomatın darağına ani göz atıb, bütün diqqətini irəli cəmlədi. Ermənilər Maisin fikrini tutub qızışdılar.Qumbara yenə binaya düşmədi. Qarşılığında dığanın birinin üç-dörd saniyəlik görünməsi Sadığın gülləsinə dəng gəldi.
-Gəbərdi, qancığın balası. –sevinclə çığırdılar. Bir-neçə dəqiqə keçmiş Mais binanın içindən harayladı:
-Uşaqlar, silah-sürsat! İşimiz iki günlük yüngülləşdi. Çiləyəcəyik!
Qarşı tərəf növbəti qumbaranı atdı. Birini onların daldandığı təpəyə sarı, digərini binaya. Rəsul cəld aralarına düşən qumbaranı geri tolazladı, havadaca partladı.
Mais fənd tərpənib yeşiyi də dürüyüb binanın cənub-qərb küncünə çəkilmişdi. Tüstü-tozanaq yatanda isə binanın uçuq arxa divarından çıxmağa səy göstərdi. Dığaların şiddətli atəş səsləri yalnız Rəsulun son qumbaralarını atması ilə səngidi. Mais xilas oldu. Bu hər kəsi sevindirdiyindən canavar sayağı ulaşdılar:
-Uuuu...
Deyəsən düşməndən yaralanan vardı , zəncir çeynəyirdi. At ki, atasan. Sadıq Maisə kömək üçün sürünəcək həddə əyilib binanın arxasına paralel sahəylə qaçmağa başladı. Maisi görəndə gülümsədi. Mais kürəyini divara söykəyib yorğun ayağını uzatmışdı. Halsız vəziyyətdə baş barmağını qaldırıb “əla” işarəsi tutdu. Sağ qolunu üstünə uzatdığı yeşiyi də nişan verməyi unutmadı. Sadıq burada nələrinsə tərs getdiyini anlayıb, diqqət kəsildi. Yaralanmışdı. Maisi iki gün sonra itirdilər. Özünü uğrunda qurban verdiyi silah-sürsat isə yoldaşlarının ömrünü uzatdı.
Bütün bu ağrılı günləri xatırlayan Sadıq birdəncə gileyləndi:
-Amma sən heç yaxşı etmədin, Rəsul, gərək mənim yerimə qərar verməzdin. Döyüşüb ölmək bunlara qatlaşmaqdan min kərə yaxşıydı...
Qaşları arasına dərin düyün düşən Rəsul indi onları çatdığından sifəti zəhmli görkəm aldı:
-Bilmirəm ki, ay qardaşım. Bu da mənim düzüm idi. Soyu qurutmaq olmaz axı...
-Əmim uşaqları var.
-Uzaq Sibirdə? Bəlkə də bu illərdə heç səni itirib-axtarmayıblar da.-acı təbəssümlə Sadığın baxışlarına nüfuz etdi. Sadıq gözlərini qaçırıb susdu. Rəsul soruşdu:
-Başqa qərəvan yoxdurmu, səni sinəsinə çəkib öyləndirə? Yoxsa bu işi özüm görəcəm...
-Əşşi, nə evlənmək hayıdır? Hələ bir evim olsun.
-Şəhərcik tikirlər, deyirlər ev verəcəklərmiş “qaşqınnara”. Bu bilirsən nə deməkdir?
-Nə?
-Qarabağı qulağınızın dibini görsəz görəcəksiniz.
Sadıqın az qala ürəyi partlayacaq kimi səsi yüksəldi:
-Elə şey yoxdur, bu qədər ümidini nahaq itirmisən...
-Elədir, elədir. Ağdam burnumda tütür, Sadıq. Getdim bir yol Mərziliyə...
Sadıq dəhşət içində gözlərini bərəltdi. Rəsul onun bu heyrət qarışıq təəccübünə ağrıyla aydınlıq gətirdi:
-Həə, bizim uşaqlar var, ara-sıra gizlincə qarışqa kimi burdan girib, ordan çıxırlar. Çox təhlukəlidir. Ölümü gözə alıb gedib-gəldik. Qayıdan baş o yerləri də uzaqdan seyr etdim. Yadında, tankın Xalıqgilin üstündən keçməyi?!
Sadıq az qala zarıdı:
-Həə...
-İki gün sonra sən yaralandın.
-Turqut əmi öldü...
-Yazıq, qəhrəman aşpazdır. Bilirsən , çox alçaq uşaqlar var cəbhədə aşpaz işləyənlərə sataşırlar ki, gedib nə etmisən ki, yemək bişirmisən dəə. Bax o aşpazların çömçəsini onların gözünə soxasan ki, ay əyyaş, siz nə biləsiz səngərdə yemək paylayan aşpazın qorxmazlığını.
Ara verib susdu. Soyumuş çayından bir qurtum içdi. Sadıq onun qəhərə boğulduğunu hiss edib:
-Qalx, havaya çıxaq, bir siqaret alışdırarıq.- dedi.
Pilləkanın başında məhəccərə söykənib bir qüllab vurdular. Sadıq öskürdü. Rəsul onu çəpəki süzüb soruşdu:
-Yoxsa atmışdın?
-Hə.
-Bəs məni dolamısan, ay qardaşım?
-Sənin öyrətdiyini yenidən sənlə xatırlamaq istədim.-zorla gülümsündü. Amma Rəsul bu son deyilənlərə məhəl qoymayıb bayaqkı ovqatla danışdı:
-Turqut əmiyə qərargahdan bələd idim. Qızıl adamdı. Bir yol baxıram burnunu sallayıb deyinir. Yaxınlaşdım ki, “nolub , usta?” Gileyləndi ki, “day nolsun, iş qalıb başıma, köməkçiyə komandir izn verib iki günlük, gəl indi çatdır.” Yetirdim özümü kartof yeşiyinə. Bir bıçaq da götürüb otururdum ki, çımxırdı: “adə, neynirsən? Qoy bıçağı yerinə, qalx, marş!”. Pərt halda mızıldandım: “usta, kömək edirəm də, bu mərəkə qazanı tutumda kartofu nə vaxta bitirərsən?” Yaxınlaşıb əlimdən aldı bıçağı, durğuzdu, dedi ki: “oğlum, sən əsgərsən. Allah bu torpaqlara sənin çiynini dayaq seçib. Hər əl silah tuta bilmədiyi kimi, kartof da soya bilməz. Hərənin öz işi.” Güldüm : “yaxşı görək usta, bu silah, ya kartof nəmənə şeydir ki, onu tutmaq çətin olsun. Dedi, oğul, dayaz düşünürsən. O da saflığındandır. Sənin əlin Allahın bəndəsi üçün yolladığı xilas əlidir. Mənim əlim isə elə-beləcə onun xidmətində.”
Rəsul siqaretin tüstüsünü burnundan verib, başını azacıq arxaya atdı. Gözləri alacalandı. Sadıq Rəsulun yorğunluq çökmüş bəbəklərində beşik kimi yırğalanan iki damlanı sezdi. Çox güman ki, acı tüstüdən deyil, acı hekayədən dolmuşdu.
-Adam özünü bizə qurban elədi.
-Hə, təsəvvür edirsən qərargahda dava salıb ki, uşaqlara isti, yaral yemək aparmaq lazımdı. Görüb məhəl qoymurlar, götürüb qazanı, oturub maşına, sürüb. Qəhrəmanlıq deyil bu? Ona verilməliydi qəhrəman adı, o qərargahda baş girələyən bir-iki heyvərəyə yox. Bilirsən, Sadıq, keçən il bizim bu daz İnqilabı gördüm. Əəə, əməlli başlı inqilab edib, çaqqal.
-Hansı?
-O dəə. İki dəfə əlinə silah alıb, özünü döyüşkən sırıyan artist, sümsük. Bilirsən nə edibmiş? Bir-iki özü kimisiylə əlaltdan silah-sürsat alveri edirmiş. Ay qardaşım, yanıram eee. Mais kimi igidlər silah-sürsat dərdindən canını fəda edib dığalardan sürsat alır, bu satır.
-Elə şey olmaz e, üstü açılar...
Köksünü ötürərcəsinə gülən Rəsul coşdu:
-Çox sadəlövhsən, qardaşım. Dərəbəylik idi, 1993-cü il. Kim kiməydi... Havayı getmədi torpaqlarımız. Ə, kimdi bu erməni?-şapalaqla üzünə vurdu,-bu ölsün bir əmrə İrəvana bayraq sancmayan köpəyoğludu. Amma, nə fayda... Həə, onu deyirdim axı. İnqilabın olmayan qəhrəmanlığına görə təltifləri, sarayı, maşınları. Soruşdum, hardan aldın bütün bunları? Sən bilirsən ki Maisin, Şöhrətin, Turqut əminin haqqını yemisən, adını çalmısan? O kişidə olan cəsarət səndə olmadı. Vecinə aldı elə bilirsən? Bu üzünə tüpür , o birini çevirsin. Donuz!
Sadıq yenidən öskürüb nəzərlərini ay işığının yetmədiyi gecənin dərinliyinə zillədi. Bu dərinlikdə durulan xəyalı onu 5 il əvvələ apardı.
Ağır döyüşlər, soyuq səngər, “suxoy yemək”. Üç gün idi itirib-axtarmırdılar onları. Dayaqları bir silahdı, bir vətən təəssübkeşliyi. Ancaq heç nə mədəyə söz keçirə bilməzdi. Bu andıra qalmış yemək dağarcığı üsyan edəndə fikirləri qarışdırıb, qollarını taqətdən salırdı. Gözləri yolda nəsə gözləyirdilər. Gözləməz olaydılar.
Bir də görmüşdülər onlara sarı gələn UAZ atəşə tutuldu. Yaxında partlayan qumbaradan maşın zədə alıb dayandı. Fikirləşmişdilər ki, gələn kimdirsə daha öldü. Bir azdan zorla itələnən qapı açıldı, Turqut əmi düşdü, içəridən dartışdırdığı qazanı da ehmal yerə saldı. Sürütləməyə başladı arxasınca. Vıyıldayan güllələrin səsinə, Sadıq daha bir şey fikirləşməyib avtomatı da qaparaq yüyürdü. Arxasınca uşaqlar bağırdı:
-Yatın yerə, yatın yerəə.
O yandan da qazanı sürüyən aşpaz Sadığa təlaşla çığırdı:
-Adəə, qayıt, gəlmə oğul, qayııt.
Və uzaqda işə düşən minamyot.
Gözünü, irəli şığıyan maşın onu yüngülcə atıb-tutduğu zaman açmışdı. Ağrılarını üzünü turşutmaqla dəf edib soruşmuşdu:
-Turqut əmi necədir?
-...
Bütün ömrü boyu ,Sadıq susqunluğun heç olmasa bir dəfə xeyrə əlamətliyinə şahid olmadı.
***
Bərdədən qayıdandan nə əli işə yatırdı, nə bir yerdə qərar tuturdu. Elə gizlincə Ağdama gedib-gələnlərin fikriylə gic kimi fırlanırdı. İşdə bu halına görə irad tutub, tənbeh etmişdilər. Çörəyin çıxan daşa qayğı göstərməyə borclusan. Amma yox, belə alınmırdı, dözmürdü. “Cəhənnəm olsun” deyib, məvacibini də alaraq işdən çıxdı, bir-neçə gün sonra yola düşdü.
Onu Bərdədə bu tezliklə gözləməyən Rəsula təəccüblənməyə imkan da vermədi. Birbaşa mətləbə keçdi:
-Kəndimizə getmək istəyirəm, Rəsul. Ürəyim partlayar yoxsa.
Rəsul qaşlarını çatıb dilini sürüdü:
-Axı, qardaşım, daha o uşaqlarla əlaqəm də kəsilib. Heç bilmirəm nə deyim. Həm nəyə lazım, daşı daş üstündə qalmayan...
Sadıq hövsələsizcə onun sözünü kəsdi:
-Sapma-supma vurma, Rəsul. Bu da Cəfərin batalyonu deyil ki, məni həndəvərə buraxmayasan. Sən deməzsən, mən axtararam. Özüm düşərəm bu işin dalınca. Dünya gözümdə deyil. İşdən çıxdım buna görə. Sonu ölümdürsə də gedəcəm.
Rəsul məlul görkəm aldı. Sadıq onun Ağdama gedib-gələnlər haqqında sirr verməyinin peşmanlığını çəkdiyini aşkar sezdi. Üstünü vurmadı. Handan-hana dillənən Rəsul narahat baxışlarını Sadığa dikdi:
-Sadıq, mən səninçün narahatam. Qardaşım, sən bilmirsən, biz ora qumbara ilə getdik, soyuq silah ilə getdik. Başımızın üstü alınsa kəsək, partladaq özümüzü, bircə əsir düşməyək. Bu bilirsən nə deməkdir?
-Əlbəttə, ölümü gözə almaq. Qanmaz deyiləm!
-Allahın xətası dəə. Ə, sənə qanmaz deyən oldu? Nə coşmusan?
-Fikri yayındırma, deyəcəksən de, deməyəcəksənsə...-ayağa qalxdı. Səslərinin tonundan Rəsulun arvadı qapıda göründü, lakin ərinin başının işarəsi ilə çəkilib, qapını örtdü.
-Otur aşağı, sarsaqlama!
Sadıq özünü tanımırdı. Pərt vəziyyətdə çənəsini qacıb, yumruğunu düyünləmışdi. Rəsul onu süzüb başını buladı:
-Nə edirsən qardaşım? Vuracaqsan məni? Yox, görürəm döğrudan qaçıb başın.
Onun bu qəzəbli tonuna Sadıq hirsini cilovladı. Ancaq oranı tərk etməkçün yığışıb, stolun başından pencəyini çəkdi. İki addım atmışdı ki, arxasınca eşitdi:
-Tanış edəcəm o uşaqlarla!
Çevrildi. Rəsul ona baxmırdı. Başını aşağı salıb gözlərini barmaqlarını bir- birinə daraqladığı əllərinə dikmişdi. Əslində gözləri heç yerə baxmırdı, yol çəkirdi. Lap astadan, donqultuya bənzəyən səslə əlavə etdi. -Tanış deyəndə ki, biri Nərimandır.
-Sizin kəndçi, o bir gözünü döyüşdə itirən?
-Odur.-başını aramla yırğaladı.
- Bəs niyə demirdin onunla görüşdüyünü, mən də görüşərdim?
-Elə bu məsələdən qorxduğum üçün!
Sadıq gülüb biixtiyar Rəsula sarı yeridi. Onu minnətdarlıqla qucaqlayıb pıçıldadı:
-Mənə heç nə olmayacaq, qardaşım. Mən ölməyə tələsmirəm. Biz səninlə yenə bir yerdə döyüşəcəyik. Biz o torpaqlara qayıdacağıq.
Rəsulun nəfəsi təntidi. Bu ümid dolu kəlmələrdən təzədən dirçəlib, iki dəfə Sadığın kürəyini şappıldatdı.
Nəriman sol gözünü döyüşlər yeni başlayan ərəfələrdə qurban etmişdi. Bununla belə, hospitalda yatdığı müddət nəzərə alınmazsa,1994-cü ilədək müharibədən aralanmamışdı. 33-34 yaşları olan bu cavanın dümağ saçları, ovurdu-ovurdundan keçən üzü, yeriyəndə boynunu çiyninə qısmağı ona 45 yaşdan aşağı verməyə qoymurdu. Ağdamın bütün qarışına bələd dostu Nofəllə istəyənləri vaxtaşırı o tay-bu taya götürüb-gətirirdilər. Əvvə-əvvəl Sadıq bu bələdçiliyin pul qarşılığında olduğunu sanıb soruşmuşdu:
-Nə qədər verəcəm?
Nərimanın sağ gözü ona elə kəskin zillənmişdi ki, sol gözün zəhmi basmışdı. Yoğun, ötkəm səslə tərsləmişdi:
-Qardaş, bazar açmamışıq. Nə də turist daşımırıq. Biz bu torpağın yetirdiyi kişilərə yoldaşlıq edirik. Yaxşı olar puluna düzəməlli paltar alasan.
Nərimanın nə demək istədiyini anlamayan Sadıq portmüş, onu təpədən dırnağa süzən Nofəl çəkinmədən gülmüşdü:
-Birinci ağ köynəyindən başla, toya getmirik e. Qaranlıqda balaca ağartını da sezirlər. Kamuflyaj, anladın də.
Rəsul hələ də çaşqın qalan Sadığa təbəssüm edib söhbətə qarışmışdı:
-Bunun üçün elə paltar geyinirik ki, sanki döyüşdəyik. Amma sən pulunu boşuna sərf etmə. Özümünküləri verərəm, bir az sənə böyük qalsa da...-etiraz etmək istəyən Sadığa göz vurub, - müvəqqəti, qaytaracaqsan demişdi.
Oktyabrın ortaları hava bir az sərinləsə də yağışlar başlamamışdı, bir-neçə gün də yağma ehtimalı görünmürdü. Bu, Nərimanın dediyinə görə əla zaman idi. Qarqarçayın onsuz da son illər azalan suyu yağışdan qidalanmaz, çayın hövzəsiylə rahat gedərdilər.
Nərimanın ölçüb-biçdiyinə görə Şixbabalıya ən çoxu 7-8 saata yetişə biləcəklər. Təbii ki, yubanmasalar, bir hadisə onları “zibilə” salmasa. Zibil deyəndə çantasının ən rahat yerində gizlədiyi qumbaranı göstərdi. Ermənilər Nərimangilin getdiyi yollarda görünməsələr də , görünməyəcəkləri anlamına da gəlməzdi. Söylədilər ki, bir dəfə ermənilər Qarqarın sahilinə yaxınlaşıbmış. Nofəl erməni dilini əla bildiyindən onların hansısa iti axtardıqları məlum olub. İtin qaçmağı məsələsi yolçuları daha da təşvişə salıbmış ki, buralara gəlmişsə vay halımıza. İyləyib-tapıb bircə dəfə hürsə iş bitmişdir. Nəriman o an qumbaranı ehmalca çıxarıb hazır dayanıb. Amma onlara sarı boylanıb, fit çalaraq iti səsləyən erməni tez də uzaqlaşıb, yoldaşlarına qoşulub getmişdir. Bu üzdən hər bir hadisəyə hazır olmalıydılar. Cəbhə xəttini Ağcabədinin Ergi düzü yaxınlığından, sübhə yaxın keçməliydilər.
-Sübh yuxusu şirin və ağır olur. Elə oğurluqlar, kəşfiyyat kimi məsələlər havayı yerdən bu saatlara dəng gəlmir.-izah etmişdi Nofəl.
O gecə gözünü qırpmadı Sadıq. Həyəcandan dizlərinin əsdiyini, dişlərinin sıxıldığını fərq edirdi. İçini saran titrəyişlə dəqiqələri sayırdı. Tez-tez cibinə qoyduğu qayışı qopmuş qol saatını çıxarır, darıxan nəzərlərlə əqrəbi bizləyirdi. Ona elə gəlirdi saat yatıb, vaxt getmir. Saatı qulağına tutur, çıqqıltısını eşitdikdən sonra da əmin olmaq üçün ərinmədən 60 –dək sayırdı. Yalnız bu zaman alışqanın zəif işığında əqrəbin növbəti dəqiqəyə keçdiyini görüb sevinirdi.
Əvvəl Azərbaycan , sonra erməni cəbhə xəttini çox böyük narahatlıqla, gərgin vəziyyətdə keçdilər. Nəriman erməni cəbhə xəttində tələlərin, geniş, paralel iki cərgə minalanmış ərazilərin mövcudluğunu izah edib, onu addımbaaddım izləməyi bərk tapşırdı. Söylədiyinə görə burada sağlam keçidləri bilməkdən ötrü aylarla, gözünü qırpmadan dığaları müşahidə edibmiş. Sadıq bütün fikrini addımlara cəmlədiyindən, Nəriman: -keçdik artıq.-pıçıldayanda duruxdu. Qanrılıb geriyə baxdı. Uzaqda sayrışan işıqlardan xeyli məsafə qət etdiklərini bilib heyrətə gəldi. Bellərini əyərək o qədər yermişdilər ki, dirçələndə kürək sümüyünün şıqqıltısını eşitdi. Boynunu ovuşdurdu. Çiyin çantasının cibindən su qabını çıxarıb yoldaşlarına təklif etdi. Onlar imtina etdikdən sonra bir qurtum aldı. Qarqarçayın şırıltısını dinşəyib dayandı. Yalnız indi əcaib duyğuların ağuşunda xumarlandığını, həyəcanlandığını hiss edib ucsuz qaranlıqlara boylandı. Yadına gəlir ki, bir az aralı sahələrdə üzümlüklər vardı. Bu haqda deyəndə yoldaşları acı təəssüflə:
-Düşünürsən bu it uşağı bizdən bir şey saxlayıb? O üzümlüklərin yeri dazalaq irəməlikdir, qardaş. Getdiyimiz tərəfdə, bilmirəm yadına gəlirmi, kəhrizlər vardı. O kəhrizlərin birini qorumayıblar. Ot-ələf, çayır basıb, gözü tutulub... Xarabalıqdı qardaş.
Daha səs etməyib tələsdilər. Bir ara Sadığın ayağı ilişdi. Nofəl arxadan, çantasından yapışmasaydı ağzı-gözü dağılacaqdı. Nəriman dönüb:
-Yavaş, köhnə artezian quyusunun tökülüb qalmış borularıdır. İrəlidə də olmalı. Diqqətli yeri.-tapşırdı. Nofəl əlavə etdi:
-Qabaqda çayın dərəsinə enib, elə gedəcəyik.-bunu deyəndə Sadığın ayağına baxdı,-çəkmən salamatdı?
-Hə, yırtığı yoxdur.
- Onsuz da subasar dövrü deyil. Amma yenə də... İri sal daşlar qalır çay boyu. Daldanmağa da yaxşıdır.
Çay boyu daha bir saat getdilər. Günəş xeyli qalxmışdı. Alatorandı. Sadıq acgözlüklə elinin-obasının hər qarışını ürək yanğısıyla seyr etməyə başladı. Qəhər boğazında düyünləndi. Nərimangil onun bu halından xəbərsiz öz aralarında astadan danışaraq ele hey gedirdilər. Hərdən-bir onun ayağına işarəylə soruşurdular. “Yorulmadın? İncitmir? Bayaq hansı ayağın ilişmişdi?” Sadıq bütün bu qayğı dolu sualları qəti, lakonik ifadələrlə cavablanıb yalnız irəliyə can atırdı. Artıq hər yan bütünlüklə işıqlanmış, irəliləməyin təhlukəsi görünmüşdü. Xeyli əyilib Nərimanın nişan verdiyi istiqamətə üz tutdular. Birdən Sadığın gözü çayın içində, sahilə yaxın yerdə nəyisə aldı. Istiqamət dəyişib ora yaxınlaşdı.Sağ qolunu çırmayıb koftasının biləkliyini geriyə burdu. Əyilib əlini çaya saldı. Qolu ilə kəsişmədə su "fınxırıb" zəif loqqultu səsi çıxartdı. Yarısınacan qum, lillə dolmuş qulpsuz vedrədən yapışdı, özünə sarı çəkdi. Bu gözlənilməz hərəkətinə bir anlam verməyən yoldaşları yarıəsəbi:
-Sadıq,neynirsən onu? Rədd elə, küy salacan, bəri gəl.- pıçıldadılar. O isə çaydan zorla çıxardığı bu əzik, pas tutmuş vedrənin arxasını çevirdi. Diqqətlə baxıb fikrə getdi.
Bir yol Qarqarçayın sahilindəydilər. Yaxında Ruhi-əsəb xəstəlikləri dispanseri yerləşirdi. El arasında “Dəlixana” deyilən bu xəstəxananı qaynar günlərin od-alovunda belə təxliyə etməmişdilər. Həm də nəzarətsiz qaldığı hiss olunurdu. Dəli çağırılan xəstələrdən bir-ikisi əbəs yerə tez-tez “dəlixananın” həyətini aşıb, onların düşərgəsi ətrafında veyillənmirdi. Bəzisi qorxmadan silahlılara yaxınlaşır, tükənməyən enerjiylə suallar yağdırırdı. Komandirləri bir gün “dəlinin” birini səslədi: -Qoçaq, adın nədir? Xəstə barmaqlarını irəli-geri oynada-oynada boynunu əydi. Gözünün ucuyla bir-bir hamını süzüb komandirə baxmadan, -Məmməd dedi. -Ay "malades", adını unutmursansa çox ağıllısan.
Bu tərifdən xoşallanan xəstə yerində "şaqat" döyməyini kəsmədən qəribə hırıldadı. Çirkli, mırıq dişləri göründü.
-Həə, Məmməd, bizə çaydan su gətirərsən?
-Həəə, gəti...gətirərəm.-sevinən Məmməd gözüylə yan-yörəni axtardı. Komandir 10-15 metr aralıdakı tullanqac vedrəni nişan verdi:
-Bax orada, vedrəni görürsən? Di başla!
Uzağı 40 yaşlarında olan bu cəlimsiz Məmməd saf həyəcanla vedrəyə yüyürdü. Sadıq narazı ifadəylə donquldandı:
-Komandir, axı o vedrənın altında yefyekə deşik var, həm mən gətirim də.
-İşin olmasın.-komandirin bu qəti sözünə uşaqlar da etiraz etdi:
-Axı yazıqdır, onun nə canı var!?
-İlınır əlində...
Komandir ləngər vura-vura çaydan su götürən Məmməddən gözünü çəkməyib cavab verdi:
-Görmürsünüz həyəcanlanıb, dayana bilmir? Yəqin dərmanlarının vaxtıdır, başlı-başına qoyanların isə vecinə deyil. Özünə, kiməsə bir xəsarət yetirər. Tutması tutar. Başı qarışsın.
-Axı vedrə ...
Komandir əsgərin sözünü kəsib məzəmmət etdi:
-Nədir, yoxsa Cırtdanın nağılını oxumamısınız? Div yorulanacan aşsüzənlə su daşıyar. Bizə su lazım deyil. Həm də nə canı var, vedrə boş gedib-gəlsə yaxşıdır. Komandirin bu izahından sonra hamısı susmuşdu. İndi Sadiq çayın içində , həmin ərazidən bir xeyli uzaqda vedrəni görüncə xatırlamış, onun məhz o vedrə olub-olmadığını bilmək istəmişdi. İllərlə qala bilərdimi bu vedrə? Oxşayırdı da...
Yubanmadan özlərini Nərimanın gözü aldığı yerə yetirdilər. Bura çayın ən dayaz yeri olmaqla, həm də dərin dərə ilə iri sal daşın ayırıcında bir əraziydi. Yandakı təpənin bir hissəsi sanki lağım atıldığından orada da rahat gizlənmək olardı. Nərimanın dediyinə görə yenə bir tula azmazsa bu yanda dığaların onsuz da işləri yoxdur. Doğrudan da hansı kəndin ərazisində olduqlarını kəsdirəmməyən Sadıq yan-yörədə bir insan nəfəsi dəyən yer sezmədi. Uzaqlarda başdaşına oxşayan tənha evlərin xarabalıqları olmasaydı, inanmazdılar ki, bu yerlərdə nə vaxtsa yaşayış olub. Çayın sahili boyu tək-tək qalan ağaclardan başqa bir yaşıllıq da gözə dəymirdi. Qurumuş, seyrək ağacların başından ara-sıra uçan qara qarğalar sahiblənmişdi buraları. Utandı soruşa ki: “haradayıq”. İnsanın öz el-obasını tanımaması nə böyük xəcalətmiş.
Yorğun halda arxası üstə yanaşı uzandılar. Başları üzərində, guya onları gizləyən ağacın yarımkölgəsinə zillənib nəfəslərini dərdilər. Nofəlin səsi arı kimi vızıldadı:
-Yenə Vətəndəyik.
Heç kim danışmadı. Çayın həzin səsinə dalıb daş kimi qaldılar. Bu səsdə Sadıq özünü qarışıq hisslərə qapdırmışdı. Doğma kəndlərinə yaxınlaşmaqları onu həm səbirsiz edir, həm boğurdu. Sinəsinin üstünə ağır daş qoyulmuş kimi güclə nəfəs alırdı.Qarnına sıxılan sancının hönkürtüyə çevrilməsini bir-iki dəfə uddu. Sol böyrü üstə çevrilib üzünü otu səhərin şehiylə nəmlənmiş torpağa basdı. İçini bu dəfə uzun çəkdi. Daha özünü tutammadı. Yoldaşları onun torpağa sıxılmış hıçqırtısını hənirti çıxarmadan dinlədilər. Bir qədər sonra kirimədiyini görən Nəriman Sadığın üzərinə əyilib başını başına söykədi. “Toxta...” desə də özü də yoluxdu. Ovuclarını dişlərinə dirəyib boğuq səslə hönkürdü.
Saat 5-ə qalırdı. Havanın qaralmasına hələ vardı. Acdıqlarını indi hiss edib çantalarından azuqə çıxartdılar. Torbanı dizlərinə qoyub yeməyə girişdilər. İlk loxmanı çeynəyəndə Sadığın yadına anasının sözləri düşdü. Bir dəfə onu televizora baxdığı yerdə çörəyi dizinə qoyub yemək yediyini görmüşdü. Tərsləmişdi: “Bala, günahdır, çörəyi dizə qoymazlar, gözünü tutar. Eşitməmisən namərd adamlara atalarımız nə deyir?” Sadıq maraqla soruşmuşdu: “Nə deyir ki?” “Deyir, filankəsin çörəyi dizi üstündədir, ona etibar etmək olmaz.” O gündən bəri ilk dəfəydi ki, çörəyi diz üstündə tutmuşdu. Ehmalca yumurta, kolbasa-çörək qoyduğu torbanı dizindən qaldırdı, çantasını daşın böyründən qarşısına çəkib, torbanı onun üstünə qoydu.
Qarınlarını doyurduqdan sonra siqaret alışdırdılar. Sadıq siqareti atandan bəri üçüncü dəfəydi ki, onu damağına qoyurdu. Qarqarın günəşin solğun şəfəqində parıldayan qırçınları, yatağındakı daşlardan qayğısızca atlanıb keçirdi. Hər biri fikirlərini püflədikləri zəif dumanın arxasından bu sulara cəmləmişdi. Nofəl birdən qımışdı. Səsindəki nisgillə Nərimana müraciət etdi:
-Qızmar yayın günündə çayın sahilində çimişirdik haa...
Nəriman ona baxmadan:
-Ehh!-deyib, qısa güldü.- Beş saat dayanmadan məsafə qət etmişdik axı. Ayağımız bişib, tər dabanımızdan çəkmənin içinə süzülürdü. Çimmək cənnət kimi gəlmişdi.
-Biz çıxdıq, o sarıyanız, hündür oğlan qaldı ki, mən bir az da çiməcəm.
Bu dəfə hər ikisi güldü. Nofəl , onların batalyonunda olmadığından bu hadisəni bilməyən Sadığa tutdu üzünü:
-Təsəvvür et, biz qurulanıb geyindik, silahlarımızı götürüb oğlanı gözləyirik. Olsun ki, adı Ruhid idi, hə, Nəriman?
-Deyəsən, elə bir şey idi. Tam xatırlamıram.
-Nə isə, yaxşı da cəsur oğlan idi. Bu çıxmaq bilmir sudan. Bu halətdə gurultu qopmazmı. Dığalar qəfil hücum edib, aldılar başımızın üstünü. O vur-həşirdə heç yadımıza düşmədi Ruhid. Paltarları da hücum olan tərəfdəydi deyə o istiqamətə çıxa bilməyib. Elə lüt-üryan götürülüb qonşu kəndə. Gizlənə-hərlənə bir həyətdə ipdən kişi paltarı oğurlayıb, geyinib, elə gəlmişdi. Elə hey danışıb məzələnərdik. İnciyib bizim batalyonu tərk etdi. Daha sonralar xəbər-ətər bilmədik.
Qaqqıldaşıb birdən də susdular. Yarım saat keçməmiş Nəriman:
-Tərpənək!- dedi.
Sadıq ayağının dincəldiyini düşünsə də iki-üç addım sonra həminki ağrılar baş qaldırdı. Amma buna baş qoşmağa nə halı vardı, nə zamanı. Xeyli məsafə qət edib, nəhayət, çayı keçdilər.
Səntirləyə-səntirləyə yeriyirdi. Yox, yerimirdi, ayaqları yerdən üzülmüşdü. İnsanın gözünə uzaqda görünən ilğımın dalğası kimi axırdı kələ-kötürün üzərindən. Ürəyinin başı sancdı: "Kəndim. Uşaqlığım. Bütün səadətimi qoyub qaçdığım yerlər. Qoynuna gəldim , ana. Gəldim, mənim balaca qardaşlarım, Aslanım, Şahidim. Tikəsi ələ gəlməyən, şəhid atam. Xaraba yurdumuza gəldim." Hönkürdü. Dayanmayan göz yaşları ilə kimsəsiz yurdun istənilən istiqamətinə yayxanmış yabanı böyürtkən kollarını ötdü. Uşaqlığını dirədöymə oynamaqla keçirdiyi “Aşağı bağın” yanında ayaq saxladı. Nə o avtobus dayanacağı vardı, nə yaxındakı buz bulaq. Təkcə qurumuş qoz ağacının yarıkötük gövdəsi qaramat-qaramat baxırdı. Darmadağın binaların, yerdən heç bir metrlik qalmayan qalıqları üstündə bitən kalış bütöv kəndi məzarlığa oxşatmışdı. Nərimanı eşidib asfaltı dağılmış əsas yola çıxmadı. Ermənilər ən çox yolları minalayırlar deyə. Evini axtarırdı. Amma nə küçəni tapırdı, nə evi. Hara haradı bilmədən axsaya-axsaya şütüyürdü. Fikrində etdiyi çək-çevirlərlə, xəyalında gah özüylə, gah doğmalarla qurduğu söhbətlərlə şütüyürdü. Tanış gələn hansısa xarabalıqda nəfəsini dərirdi. Qolu ilə yaşdan toranlaşan gözlərini silib uzun-uzun baxırdı. Qurumuş alma, alça, gilas ağaclarını sayırdı. Bir, iki...beş. Seyid Lazım ağanın ocağını gəzdi gözü. Nə yerini xatırlaya bildi, nə nişanə gördü. Bir də baxdı körpünün üstünə çıxır. Dayandı. O körpü ki, kəndin bütün ağsaqqalı, qarasaqqalı "xalq yığıncağına" toplaşan təki daim toplaşardı. Ən gözəl söhbətlərini burada xırdalayar, vaxtlarını öldürərdi. Xatın arxı çayının altından keçdiyi , körpüyə oxşamayan bu yol çox iri su borusunun üstündən salındığından adı körpü qalmışdı. Təkcə axar su boyu qalan ağaclar salamatıydı kənddə. Başqa heç nə. Qanrılıb gözünü kəndin qurtaracağı istiqamətinə zillədi. Qaranlıqda heç nə görünəsi deyilsə də görürmüş təsəvvürünə yenildi. Sovet qoşunlarının hərbi hissəsi. Sonradan Milli qoşunların məskəni olan kənd ərazisində kiçik kənd. Tikanlı məftillər boyu qaçıb, uşaq ağıllarıyla əsgərlərlə dostlaşırdılar. Evdən əllərinə nə keçsə aparırdılar hərbi hissəyə. Qarşılığında ruslardan silah söküb-yığmağı minbir həvəslə öyrənirdilər. O ruslar ki, bu gün bu kəndlərin xaraba qalmasında əl payı vardı. İlk dəfə uşaqlığından bir xatirəni nifrətlə anırdı. Yenə yeridi. Əvvəl məscid, sonra məktəb olmuş binaya sarı yeridi. Yaxınlaşanda ürkdü. İnanmadı gözlərinə. Bu xarabalığın içində babat qalan tikili məktəb idi. Çəpəri adda-budda yerə yatmış, dəmir qapısının yeganə tayı sallanmışdı. Qorxu filmlərindəki içi qaranlığa qərq olmuş, ətrafını qamış basmış qəsri xatırladırdı. Bu qorxu onun qarşısına sədd çəkdi. Həyəti daim şagirdlərin şən səsləriylə, hay-küyləriylə coşan məktəb deyildi bura. Arxasınca oğrun-oğrun yeridiyi Əsmayənin-uşaqlıq məhəbbətinin müəllimi olmaq istədiyi təhsil ocağı yox idi. Bu kənd, taleyi dünyanı maraqlandırmayan guşədə dara çəkilmiş əsiriydi indi. Döndü. Boyunlarını bükmüş yoldaşlarını görüb bir söz demədən aralarından keçdi. İndi daha yaxşı tanımağa başladı kəndi.Üzüyuxarı, dağıdılmış “Qaratəpə”nin yanından burulub məzarlığa dəymək istədi. Amma izn vermədilər. Dedilər ki, ermənilər məzarlığı çox minalayıb. Partlamamış bir mərminin olmadığına əmin deyillər. Daha söz güləşdirməyib tanış məhlələri ötdü. Hasarından qalıq qalmayan dörd otaqlı evin həndəvərinə gəldi. Heyi kəsildi, dizi üstə düşdü. Nəriman gözünü sıxıb aralandı. Nofəl güclü dayanıb əlini onun çiyninə qoydu, ürək-dirək vermək istədi. Amma bir şey hiss etməyən Sadıq başını əlləri arasına alıb ağlayır, yanmış, bir əsər qalmayan evlərinin olmayan qapısına baxırdı.
Özündə güc tapıb ev olmayan evə girdi. Gəzdi bir-bir otaqları, xəyalında əşyaları yerbəyer edərək. Divarın dibində qəhvəyi örtüklü divan, qarşıda dördayaqlı “Ladoqa” televizoru. Başda stol və stullar. Üstündə çiyələk mürəbbəsiylə dolu büllur qab. Oğurlanıb o qabdan çiyələk qaşıqladığını , anasının səsini eşidəndə süfrəyə şirə damcılatdığının fərqində olmadan qaçdığını xatırladı. Arxasınca söylənirdi anası: -ay əlin qurumasın, yenicə salmışdım axı süfrəni, adam balası kimi yeyəmmirsən? Özü də ümumi qabdan yeyib e. Dilin yansın elə.” Köksünü ötürdü. Yan otağa keçdi. Atası ilə anasının metal torlu, başında irili-xırdalı parlaq dəmirdən toppuz bəzəkləri olan çarpayıları. Təkadamlıq olsa da yanaşı qoyulmuşdu. Pəncərəylə üzbəüz iri paltar dolabı, yanında güzgü. Növbəti otaqda üç yataq, bir dolab. Pəncərənin altında isə bir küncünə kitab-dəftər “qalanmış” yazı masası. Yaxınlaşıb divarın dibində dayandı. Bu otaq o illərdə yeni tikildiyindən döşəməsi taxta ilə deyil, tol ilə örtülmüşdü. Bəzi yerlərdə tolun tikələri qalmaqdaydıı, eləcə də onun yeri görünən çarpayısının altında.Susmuşdu. Nəmli gözlərinə ağır yuxu gəlmişdi. Tərəddüd etmədən yerə çökdü. Çantasını kürəyindən çıxardı, başının altına qoyub yumaq kimi büzüşdü. Özünü indiki kimi zəif hiss etməmişdi.
“Anası heç belə etməzdi. Çiynindən yapışıb var qüvvəsi ilə silkələyirdi:
-Sadıq, dur, dur ay bala.
Zarıdı:
-Eee, qoy bir cıqqılı da yatım.
-Bax bunu atana deyə biləcəksən? “
Ata kəlməsi eşitcək gözlərini açdı, yuxulu vəziyyətdə oturdu. Qaranlığa zillənmiş gözü bir müddət nə bir şey gördü, nə ağlı dərk etdi. Kimsə, bir kişi səsi lap yanında dilləndi:
-Saat 11-ə qalıb. Yubanmalıyıq.
Yalnız bu sözdən sonra baş verənləri qavrayıb, olduğu yeri, Nofəli tanıdı. Yuxunun tənbəllik gətirən təsirindən çıxmağa çalışdı. Çantasının tozunu çırpıb qollarını geyindi. Əllərini yerə dayaq verib qalxmaq istəyəndə ovcu soyuq, bərk bir cismin üstündən basdı. Hamar olduğundan daşa oxşamırdı. Götürdü. Torpaq tutan hissələri ovuşdudu. Bir dəfə alışqanın zəif işığını yandırdı. Bu, qardaşı Aslanın atasının çarpayısının başından sökdüyü iri "şarik" idi. Birini də Şahid sökmüşdü. Anası xeyli deyinmişdi: " Oğul, onları yerinə bağlayın, elə-belə bəzək deyil e, hamısı bir-birinə calanmış dayaqlardı. Siz bizi yıxacaqsınız, axır." Atası da gülmüşdü: "İki "şariklə" aşasıydıqmı? Denən cehizimi sökürlər, ürəyim götürmür." Anası gəc-gəc baxmışdı: "gör heç dəxli var? Çarpayı çökəndə deyəcəm sənə. Həm neynirlər axı o "toppuzları", topları yoxdur?" 11 yaşlı Şahid hazırcavablıqla dillənmişdi: "Dığırlayacağıq, qoz kimi. Kimin "şariki" düz və uzaq getsə o qalıbdir."
Bütöv bir evdən salamat qalan bu əşyanı ovcunda möhkəm sıxdı.
Bir azdan çayın dərəsinə endilər. Sadıq çayı keçməmiş arxaya çevrildi. Elə bil kiminsə səsi çağırırdı Şıxbabalıdan.
-Gələcəyəm, ana. Bu bozarmış yurdun göyərən daşı kimi gələcəyəm.-qaranlığın qulağına pıçıldadığı sözləri çayın şırıltısı uddu. Sadıq əyildi. Bir ovuc torpağı xışmalayıb bayrağı öpüb and içən əsgər kimi öpdü. Gözündən süzülən iki damla torpağa düşdü. Muğam zümzüməsi fikrini dağıtdı:
-Qarabağda talan var, heey.
Zülfün üzə salan var, heyy.
Gedirsən, tez qayıt gəl,
Gözü yolda qalan var, heyy. - Nofəl pəsdən oxuyurdu.

Səbinə Tağıyeva

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az