[/center]“Bakıda karxana fəhləsinin müəmmalı ölümü” (14.01.2026), “Qəbələdə daş karxanasında fəhlə faciəli şəkildə ölüb” (26.01.2026), “Daş karxanasının rəhbərinə hökm oxundu” (19.11.2025), “İmişlidə karxanada bədbəxt hadisə: Ölən var” (15.11.2025)...
İnternet resurslarında daş karxanaları ilə bağlı məlumat axtaranda qarşımıza bədbəxt hadisələr, ətraf mühitə vurulan ziyan, torpaqdan, yerin təkindən qanunsuz istifadə və s. neqativ informasiyalar çıxır. Hətta bəzi karxanaların fəaliyyəti kurqanlarda qədim yaşayış məskənlərinin izlərini itirərək arxeoloqları da məyus edib.
Doğrudur, son illər Bakıətrafı kəndlərdə daş karxanalarının çoxunun fəaliyyəti ya dayandırılıb, ya da tələblərə uyğun olmadıqlarına görə özləri imtina ediblər. O da danılmazdır ki, daş karxanaların fəaliyyəti ölkənin tikinti sektoruna birbaşa təsir edən əsas fəaliyyət sahələrindən biridir və hamısını bağlamaq böyük faciəyə səbəb ola, tikinti bazarında qiymətlər çox yüksələ bilər. Problem budur ki, işləməkdə davam edənlər də qanunlarla hesablaşmaq istəmirlər. Müşahidələr göstərir ki, belə özündənrazı sahibkarların arxasında yüksək vəzifəli məmurlar, ictimai və dövlət xadimləri, deputatlar dururlar.
Paytaxtın Suraxanı rayonunun Hövsan kəndi ərazisində istismar olunan daş karxanası əsasən axşamüstü saat 17:00-dan sonra işləyir. Belə reqlament havanın isti keçdiyi yay vaxtı daş daaşımağın ağır olması ilə əlaqələndirilsə də, digər tərəfdən nəarətedici qurumların əməkdaşlarının, sahibkarın “mərdimazar”, “bədnəzər” hesab etdiyi başqa şəxslərin gözündən uzaq olmağa hesablanmışdır desək, yanılmarıq. Çünki karxanada xeyli sayda qeyri-leqal muzdlu fəhlələr işlədir. Redaksiyamıza daxil olan məlumatlara görə, karxananın sahibkarı Siyasət bəyin gizlətdiyi xeyli nəsnələr vardır. Bildirilir ki, karxanada əməyin təhlükəsizliyi qənaətbəxş səviyyədə təmin olunmur.
Qorxulu burasıdır ki, sözügedən karxanada istehsalatda bədbəxt hadisə baş verərsə, ağır xəsarət alacaq işçilərin özlərinin, həyatlarını itirəcəkləri halda ailələrinin müavinət almaq üçün hüquqi mexanizmlər olmayacaq. Çünki onlarla əmək müqavilələri bağlanılmır, əmək haqlarına sosial sığorta hesablanmır, vergi tutulmur.
Bu və digər məsələlərlə bağlı suallarımızı cavablandırması üçün əvvəlcə iş icraçısı ilə telefon əlaqəsi saxladıq. Həmin şəxs qeyd etdiyimiz məsələlərə aydınlıq gətirmək əvəzinə dedi ki, guya karxana Prezident Administrasiyasında işləyən hansısa vəzifəli şəxsə məxsusdur. Daha sonra Siyasət bəyin özünə zəng etdik. Özümüzü təqdim edən kimi Siyasət bəy (əgər ona “bəy” demək məqbuldursa) dəstəyin o başından acıqlı tərzdə ifadələr işlətdi: “...gedin, tullanın!”
Əldə etdiyimiz başqa məlumata görə, Siyasət bəyə və karxanasına mərhum millət vəkili Qənirə Paşayevanın xalası oğlu himayədarlıq edir. Canında, qanında “vətən daşı” olan Qənirə xanıma rəhmət qazandıran savab işləri, dövlət, xalq qarşısında xidmətləri çoxdur. Amma bu daş o daşdan deyil.
Nisa Şirvanlı.
Nyus.Az

























