
Üç liderin görüşü, dəyişən beynəlxalq şəraitdə strateji maraqları uzlaşdırmaq, nüvə təhlükəsizliyi ilə bağlı dialoq yaratmaq və qlobal rəqabətin gələcək sərhədlərini müəyyən etmək cəhdidir... Ancaq bununla belə, həmin görüşdə yeni dünya düzəninin formalaşdırılması ilə bağlı razılaşmanın əldə olunma ehtimalı hələlik o qədər də inandırıcı görünmür...
Dünyanın siyasət məkanında geopolitik qarşıdurmalar dərinləşir və beynəlxalq təhlükəsizlik sistemi son vaxtlar ciddi sınaqlarla üzləşir. Məhz bir vaxtda ABŞ, Rusiya və Çin liderlərinin üçtərəfli görüş keçirmək barədə razılığa gəlməsi xüsusilə diqqəti çəkir. Və bu önəmli görüşün noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilməsi planlaşdırılır.
Onu da qeyd etmək lazımdır ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da üç lider arasında görüşün artıq razılaşdırıldığını təsdiqləyib. Onun sözlərinə görə, danışıqlar Şençjendə APEC sammitinin proqramı çərçivəsində keçiriləcək. Bu görüşün əhəmiyyəti dünyanın üç böyük dövlətinin liderlərinin eyni masa arxasında əyləşməsi ilə məhdudlaşmır. Çünki onların qlobal təhlükəsizlik arxitekturasının gələcəyini, böyük güclər arasında strateji rəqabəti və beynəlxalq münaqişələrin tənzimlənməsi imkanlarını müzakirə edəcəkləri bildirilir.

Bəzi məlumatlara görə, liderlərin danışıqlarında əsas mövzu nüvə silahlarının məhdudlaşdırılması və üç ölkənin strateji arsenalına nəzarət mexanizmlərinin müzakirəsi olacaq. Tramp administrasiyası ABŞ, Rusiya və Çinin iştirakı ilə yeni nüvə razılaşmasının əldə olunmasında maraqlıdır. Bu məsələnin aktuallaşmasının əsas səbəblərindən biri də ABŞ-Rusiya münasibətlərində strateji silahlanmaya nəzarət mexanizmlərinin zəifləməsidir.
Məsələ ondadır ki, yeni START müqaviləsinin 2026-cı ilin fevralında qüvvədən düşməsi iki ən böyük nüvə arsenalına malik dövlət arasında əvvəlki məhdudiyyətlərin aradan qalxmasına səbəb olub. Ağ Ev yeni nüvə razılaşmasına Çinin də daxil edilməsini istəyir. Ancaq rəsmi Pekin Ağ Evin bu təşəbbüsünə ehtiyatlı yanaşmağa üstünlük verir. Çünki Çinin nüvə arsenalı ABŞ və Rusiyanın arsenalından xeyli zəifdir.
Maraqlıdır ki, rəsmi Pekin nüvə silahlarının azaldılması prosesində ilk növbədə ABŞ və Rusiyanın daha böyük arsenallarını ixtisar etməli olduğunu düşünür. Bu səbəbdən də, üç liderin görüşündə konkret nüvə sazişinin imzalanması gözlənilmir. Yəni, bu görüşdə daha çox, gələcək danışıqların siyasi əsaslarının müəyyənləşdirilməsi və tərəflərin mövqelərinin uzlaşdırılması gündəmə gələ bilər.
Eyni zamanda, üçtərəfli görüşün digər mümkün mövzuları sırasında Yaxın Şərqdəki vəziyyət və Şimali Koreyanın nüvə proqramının olacağı gözlənilir. Rusiya və Çin hazırda İranla siyasi, iqtisadi və strateji əlaqələrə malikdir. Ağ Ev isə rəsmi Tehranın regional təsir imkanlarının məhdudlaşdırılmasını və nüvə proqramına nəzarəti ABŞ-ın Yaxın Şərq siyasətinin prioritetləri sırasına daxil edib. Ona görə də, Yaxın Şərqdəki hərbi-siyasi böhran ABŞ, Rusiya və Çinin maraqlarının kəskin kəsişdiyi önəmli istiqamətlərdən biri sayılır.

Digər tərəfdən, Şimali Koreyanın nüvə proqramı ilə yanaşı, Şərqi Asiyada təhlükəsizlik balansı da üç dövlət liderinin ortaq müzakirə mövzusu ola bilər. Bununla belə, bu məsələlər üzrə konkret razılaşmanın əldə ediləcəyini indidən söyləmək qətiyyən mümkün deyil. Və bu baxımdan, həmin mövzularla bağlı ümumi mövqenin uzlaşdırılması böyük ehtimalla hələ xeyli zaman ala bilər.
Təbii ki, üç liderin görüşünün geopolitik əhəmiyyətini artıran digər önəmli amil də Rusiya-Ukrayna müharibəsi hesab olunur. Halbuki, görüşün ilkin gündəliyində Ukrayna məsələsinin birbaşa yer alması hələ təsdiqlənməyib. Ancaq ABŞ və Rusiya arasında münasibətlərin gələcək inkişaf istiqamətləri və Avropa qitəsinin təhlükəsizlik arxitekturası müzakirələrin ümumi siyasi kontekstindən qətiyyən kənarda qala bilməz.
Onu da qeyd etmək lazımdır ki, Ukraynanın gələcəyinə dair mümkün razılaşmaların rəsmi Kiyevin iştirakı olmadan böyük dövlətlər arasında müzakirə edilmə ehtimalı Avropa ölkələrində ciddi narahatlıq doğurur. Ancaq müasir dünyada regional güc mərkəzlərinin rolu artıb. Və böyük dövlətlərin digər ölkələrin maraqlarını nəzərə almadan qlobal qərarlar vermək imkanları nisbətən məhdudlaşıb.
Buna baxmayaraq, Ağ Ev üçün üç liderin görüşü ABŞ-ın qlobal liderlik mövqeyini nümayiş etdirmək, nüvə silahlanmasına nəzarət mexanizmi yaratmaq və Rusiya-Çin rəqabətinin yaratdığı geopolitik riskləri idarə etmək baxımından, olduqca əhəmiyyətlidir. Kreml isə bu formatdan Rusiyanın beynəlxalq sistemdə böyük güc mərkəzi statusunu qoruduğunu nümayiş etdirmək üçün istifadə edə bilər. Belə ki, Kreml ABŞ və Çinlə birbaşa danışıqlar vasitəsilə Rusiyanın təhlükəsizlik tələblərini və qlobal münasibətlərin yenidən qurulmasına dair mövqeyini gündəmə gətirməkdə maraqlıdır.

Rəsmi Pekin üçün isə əsas məsələ ABŞ-la strateji rəqabəti idarə etmək, Rusiyaya münasibətdə mövcud tərəfdaşlığı qorumaq və Çinin nüvə potensialının məhdudlaşdırılmasına yönələn təşəbbüslərin qarşısını almaqdır. Bu baxımdan, hər üç liderin maraqları müəyyən məsələlərdə üst-üstə düşsə də, onların qlobal siyasətlə bağlı strateji prioritetləri tamamilə fərqlidir. Və ona görə də, bu görüşün yeni siyasi ittifaqın yaranmasına gətirib, çıxaracağını gözləmək sadəlövhlük olardı.
Bütün bunları nəzərə aldıqda, üç liderin görüşünün yekun nəticələri Avropa, Yaxın Şərq, Orta Asiya və Cənubi Qafqaz üçün də böyük əhəmiyyət daşıya bilər. Belə ki, ABŞ, Rusiya və Çin arasında münasibətlərin dəyişməsi regional təhlükəsizlik, enerji marşrutları, nəqliyyat-kommunikasiya layihələri və böyük güclərin nüfuz dairələrinə birbaşa təsir göstərə bilər. Xüsusilə də, Cənubi Qafqazın Şərq-Qərb logistika bağlantılarında artan roluna paralel olaraq, üç böyük dövlətin geopolitik prioritetlərinin uzlaşması və ya toqquşması regionun gələcək inkişaf istiqamətlərinə təsirsiz ötüşməyəcək.
Göründüyü kimi, Putin-Tramp-Si Tsinpin görüşü sadəcə, siyasi-diplomatik protokol hadisəsi deyil. Bu, dünyanın üç əsas güc mərkəzinin dəyişən beynəlxalq şəraitdə strateji maraqlarını uzlaşdırmaq, nüvə təhlükəsizliyi ilə bağlı dialoq yaratmaq və qlobal rəqabətin gələcək sərhədlərini müəyyənləşdirmək cəhdidir. Ancaq bununla belə, həmin görüşdə yeni dünya düzəninin formalaşdırılması ilə bağlı razılaşmanın əldə olunma ehtimalı hələlik o qədər də inandırıcı görünmür. "Yeni Müsavat"
Nyus.Az

























