Ölkəmizdə arıçılığın ənənələri çox qədimdir. Respublikamızın elə bir bölgəsi tapılmaz ki, orada arı ailələri olmasın. Bu təsərrüfatlar hesabına ölkəmizdə tam ekoloji təmiz bal istehsal edilir. Arıçılıq sahəsi ilə daha çox kişilər məşğul olsa da, qadınlarımızın da sayı az deyil. Belə arıçı xanımlarımızdan biri Qönçə Quliyevadır.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, Masallının Ərkivan qəsəbəsində yaşayan Qönçə Quliyeva arıçılıqla uşaq yaşlarından məşğul olur və bu sənətin sirlərini atasından öyrənib. Hazırda Qönçə xanımın təsərrüfatında 100-dən çox arı ailəsi var. Atasının yolunu davam etdirən arıçı fermer məşğul olduğu sahədən zövq aldığını deyir: "Mən arılarla nəfəs alıram. 41 ildir arı saxlayıram. Atamın əlinə baxa-baxa öyrənmişəm bu işi. Ailə həyatı qurandan sonra atam evimizə arı yeşiyi gətirdi. İki arı pətəyi ilə şəxsi təsərrüfatımı yaratmağa başladım. Gördüyünüz kimi arı pətəklərinin sayı 100-dən çoxdur və çalışacağam ki, onları 200-ə çatdırım".
Qadın fermer təsərrüfatında daha çox çiçək balı istehsalına üstünlük verir. Qönçə Quliyeva 19 ildir respublikamızda keçirilən bal sərgi-satış yarmarkalarında iştirak edir. Onun son vaxtlar bu sahəyə marağının daha da artmasına səbəb arıçılara dövlət tərəfindən göstərilən diqqətdir. "Əvvəllər belə dəstək olmayıb. İndi sağ olsun dövlətimiz, arıçılığa dəstək verir, fermerlərdə də bu işə həvəs artıb. Hər pətəyə görə aldığım 10 manat subsidiya təsərrüfatımdakı çətinlikləri aradan qaldırıb. 130 pətək almışıq, çərçivələr düzəltdirmişik, digər işləri görmüşük. Bu da gələcəkdə təsərrüfatımızı daha da genişləndirməyə imkan verir", - deyə o bildirib.
Hazırda balın 1 kiloqramını 20 manata satdığını deyən fermer havaların bu il onlar üçün əlverişli keçdiyini söyləyir: "Hər yeşikdən ötən illərdən fərqli olaraq 15 kiloqram təbii bal yığmağı planlaşdırırıq. Bu il havaların əlverişli keçməsi məhsuldarlığı daha da artıracaq. Hətta elə yeşiklərimiz var ki, oradan 25 kiloqrama qədər bal gözləyirik. Çünki sahələrimizdə çiçək çoxdur".
Qönçə xanım arıçılıqda stereotipləri qırmağa çalışır. Bu sahənin nümayəndələrinin həmişə kişilər olması fikri ilə razılaşmır. Kişi sənəti kimi tanınan arıçılıq haqqında xanım arıçının bu sahədə illərdir göstərdiyi işgüzarlıq və fəaliyyət hər kəsi təəccübləndirsə də, o, arıçı qadınların bölgədə sayının çox olmasını istəyir. Qönçə xanım 41 illik təcrübəsini onlarla bölüşmək həvəsindədir. Ən böyük arzusu isə ABAD-la (Ailə Biznesinə Asan Dəstək) əməkdaşlıq edib, balının daha yüksək səviyyədə satışının təmin olunmasıdır.
Nyus.Az