
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv Kosovo yığmasının qonağı olub.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarlı hava şəraitində keçən qarşılaşmada hər iki qol ikinci hissədə vurulub. 54-cü dəqiqədə Florent Hasani, 61-ci dəqiqədə isə Besfort Kölgeci fərqlənib. Bununla da Sadıqov U-21 yığmasındakı ilk rəsmi sınağında məğlubiyyətlə üzləşib.
Beləliklə, 5-ci qrupda 7 oyundan sonra xallarını 10-a çatdıran Kosovo ikinci pilləyə yüksəlib. Azərbaycan yığması isə 6 oyundan 1 xalla sonuncudur. Sadıqovun komandası növbəti oyununu martın 27-də səfərdə İrlandiyaya qarşı keçirəcək.

























