
Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmətdə olan əsgəri Nəsimi Musayev Ermənistanda saxlanılmazdan bir gün əvvəl ailəsi ilə danışıbmış.
[/b]
Nyus.Az xəbər verir ki, bu barədə Modern.az-a hərbçinin atası Rasim Musayev və bacısı Şəlalə Alıyeva məlumat veriblər.
Onlar Nəsiminin sonuncu telefon danışıqlarında hər hansı narahatlıq ifadə etmədiyini bildiriblər.
Nəsimi Musayevin bacısı Şəlalə Alıyeva deyib ki, qardaşı ilə həmin vaxta qədər telefon danışıqları normal keçib. Onun sözlərinə görə, Nəsimi hər zəngində heç bir problemin olmadığını, hər şeyin yaxşı olduğunu vurğulayıb.
Hərbçinin atası Rasim Musayev isə oğlu ilə sonuncu dəfə sentyabrın 25-də, xidmət yerində olmamasının müəyyən edilməsindən bir gün əvvəl danışdığını bildirib:
"Hər dəfə necə danışırdısa, elə də danışdı. Dedi ki, hər şey yaxşıdır burada. Heç bir narahatlığının olmadığını bildirdi. Soruşduqda hər şeyin normal olduğunu deyirdi".
Oğlunun taleyindən narahat olan ata məsələnin həllini gözlədiklərini və dövlətə güvəndiklərini də vurğulayıb:
"Biz müraciətlərimizi etmişik, nəticələri gözləyirik. Mənim Prezidentimizə, dövlətimizə güvənim tamdır. İndiyə qədər heç bir vətəndaş, əsgər darda qoyulmayıb. Ona görə də mən inanıram ki, məsələ qısa vaxtda həllini tapacaq".
Xatırladaq ki, Nəsimi Musayevin sentyabrın 26-da Laçın rayonu istiqamətində xidmət yerində olmaması müəyyən edildikdən sonra onun axtarışına başlanılıb. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.
Oktyabrın 1-də Nəsimi Musayev Ermənistanın Zəngəzur vilayətinin Şəki kəndində saxlanılıb. Ermənistan məhkəməsi istintaq altında olan əsgər barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
[b]Nyus.Az

























