
Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasına baxmayaraq, Sumqayıt şəhərində özbaşına tikintilər kütləvi xarakter almaqdadır. Nyus.Az-ın redaksiyasına daxil olan yeni məlumatlar və video-görüntülər Sumqayıt şəhəri 13-cü mikrorayon İsmət Qayıbov küçəsində aparılan tikinti işlərinin tamamilə qanunsuz olduğunu ortaya qoyur.
Daxil olan məlumatlara görə, aparılan inşaat işlərinin heç bir rəsmi sənədi yoxdur. İddialara əsasən, Sumqayıt Şəhər İcra Hakimiyyəti bu qanunsuzluğu ört-basdır etmək üçün Birinci Qarabağ müharibəsi iştirakçısından bir vasitə kimi istifadə edir. Qeyd olunur ki, buna bənzər hallar daha əvvəl də yaşanıb: şəhid ailəsi adı altında müxtəlif şəxslər qabağa verilərək qanunsuz obyektlərin inşasına şərait yaradılır.
Videoda özünü qazi kimi təqdim edən şəxsin mövqe bildirməsi, əslində, ictimaiyyət tərəfindən tənqidi qiymətləndirilir. Belə ki, həmin şəxsin ziddiyyətli açıqlamaları və hadisənin fonu, tikintinin icra strukturlarının himayəsi altında aparıldığı ilə bağlı şübhələri daha da gücləndirir.
Sumqayıt şəhər İH-nin rəhbərliyinin şəhərdəki tikinti sektoruna birbaşa təsiri və bu cür sui-istifadə hallarına göz yumması ciddi narazılıq doğurur. Əldə etdiyimiz görüntülərdə də qanunsuzluq və qazi adından istifadə olunması faktları aydın şəkildə əks olunub.
Araşdırmamız davam edir.
Nyus.Az

























