
Ermənistanda Azərbaycanla bağlı növbəti sərt açıqlama gündəmə gəlib.
Nyus.Az xəbər verir ki, Azərbaycan məsələləri üzrə ixtisaslaşan, Azərbaycan dilini mükəmməl bilən erməni qadın ekspert Tatev Hayrapetyan ölkəsinin hakimiyyətini Bakıya qarşı daha fəal siyasi, diplomatik və informasiya tədbirləri görməyə çağırıb.
Tatev Hayrapetyan iddia edib ki, son dörd il ərzində Azərbaycanın Ermənistan Respublikasına qarşı təhlükəli ekspansionist konsepsiya formalaşdırdığını faktlar əsasında sübut etməyə çalışıb.
Onun sözlərinə görə, bu müddətdə hakimiyyətyönlü müxtəlif qruplar belə bir təhlükənin mövcud olmadığını bildirərək onu dəfələrlə tənqid ediblər.
Lakin ekspert iddia edir ki, indi həmin dairələr də bu məsələni milli təhlükəsizlik problemi kimi qəbul etməyə başlayıblar.
O, Azərbaycan rəsmilərinin bəyanatlarının artıq Ermənistan hakimiyyətinə yaxın informasiya kanallarında da təhlükə kimi təqdim edildiyini bildirib.
Tatev Hayrapetyan Bakının informasiya resurslarından birində onun məqaləsinə cavab dərc olunduğunu da açıqlayıb. İddiasına görə, həmin materialda irəli sürdüyü nəticələri təkzib edən heç bir arqument göstərilməyib.
Ekspert daha sonra Azərbaycan əleyhinə çağırış edib:
“Bir daha əminliklə bildirirəm: bunu Azərbaycanın ən böyük başağrısına çevirmək olar. Amma ilk addım bu təhlükəni öz adı ilə adlandırmaq olmalıdır – EKSPANSİONİST proqram”.
O, Ermənistan hakimiyyətinə müraciət edərək bildirib:
“Əgər bunun milli təhlükəsizlik məsələsi olduğunu başa düşmək üçün dörd il sərf etmisinizsə, onda bu təhlükənin qarşısının alınmasının zəruriliyini anlamaq üçün sizə daha neçə il lazım olacaq?” (Musavat.com)
Nyus.Az

























