
Bakıda qanunsuz tikinti özbaşınalıqları səngimək bilmir. Paytaxtın arxitektura simasının qorunması, şəhərsalma normalarına riayət olunması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi fəaliyyət göstərsə də, təəssüf ki, bəzi icra strukturlarının fəaliyyətsizliyi və ya laqeydliyi ucbatından qanunsuz tikintilər göbələk kimi artmaqdadır.
Məsələ ilə bağlı diqqətçəkən növbəti ünvan Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 5 ünvanıdır. Burada həm yaşıllıqların məhv edilməsi, həm də heç bir qanuni çərçivəyə sığmayan tikinti işlərinin aparılması sakinlərin və ictimaiyyətin ciddi narazılığına sabəb olub.
Rəsmi cavab: "Tikinti dayandırılıb"
Xatırladaq ki, cari ilin 1 sentyabr tarixində Nyus.az saytında "Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikiliyə niyə göz yumur?" başlıqlı geniş video-hesabat dərc olunmuş, aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanmışdı.
Üstündən bir ay keçdikdən sonra Yasamal Rayon İcra Hakimiyyətindən redaksiyaya rəsmi cavab məktubu daxil oldu. İcra hakimiyyətinin məktubunda iddia olunurdu ki, sözügedən obyektin sənədlərində uyğunsuzluqlar və qanunsuzluqlar aşkar edildiyi üçün tikinti işləri rəsmi olaraq dayandırılıb.
Bəs reallıq nə deyir?
Lakin göndərilən bu "sakitləşdirici" cavabın ömrü çox çəkmədi. Çəkiliş heyətimiz və əməkdaşlarımız yenidən həmin ünvana — Dadaş Bünyadzadə 5-ə baş çəkərkən tamamilə fərqli bir mənzərə ilə qarşılaşdılar.
Rəsmi məktubda "dayandırıldığı" iddia edilən, ağacların kəsilməsi hesabına başa gələn həmin qanunsuz obyektin tikintisi nəinki dayandırılıb, əksinə, tam başa çatdırılıb!
Bununla da ortaya çox ciddi və cavabsız suallar çıxır:
Yasamal Rayon İcra Hakimiyyəti kimin gözünə pərdə asmağa çalışır?
İcra hakimiyyətinin memarlıq şöbəsi və ya məsul şəxsləri rayon başçısı Elşad Həsənovu aldadır, yoxsa başçının özü baş verənlərdən xəbərdardır?
Kağız üzərində "qadağan edilən" tikinti hansı gizli mexanizmlərlə və kimlərin dəstəyi ilə yekunlaşdırıldı?
Acizlik, yoxsa maraq toqquşması?
Son zamanlar Yasamal rayonu ərazisində qanunsuz tikintilərin və yaşıllıq soyqırımının artması artıq adi hala çevrilməkdədir. Əgər rayon rəhbərliyi və şəxsən icra başçısı Elşad Həsənov göz önündə ucalan bu cür qanunsuz tikintilərin qarşısını ala bilmirsə, deməli, ya rayon rəhbərliyi bu "himayədarların" qarşısında acizdir, ya da proseslər onların birbaşa nəzarəti və razılığı ilə həyata keçirilir.
Dövlət başçısının şəhərsalma və yaşıllıqların qorunması ilə bağlı dəfələrlə verdiyi kəskin tapşırıqlara rəğmən, Yasamaldakı bu mənzərə yerli icra hakimiyyətinin qanunlara və ictimai rəyə necə "hörmətlə" yanaşdığının bariz nümunəsidir.
Məsələ diqqətimizdədi
Nyus.Az

























