
Tanınmış türk qəzetçi Adnan Bulut Türkiyə və Azərbaycan sosial şəbəkələrində son günlər yaşanan gərginliklə bağlı yazı qələmə alıb. O, Azərbaycanı hədəfə alanların ölkənin ictimai və mədəni quruluşunu, bölgədəki həssas tarazlığı bilmədiklərini vurğulayıb, hər iki tərəfi soyuqqanlı olmağa çağırıb.
Musavat.com xəbər verir ki, Bulut yazısında 13 il əvvəl “Balyoz” işi üzrə məhkəmə prosesini izlədikdən sonra Silivridən qayıdarkən taksidə eşitdiyi söhbəti xatırladıb. Həmin vaxt Türkiyə ordusunun mühakimə olunduğu məhkəməni izlədiyini öyrənən taksi sürücüsü “Müsəlmanlara zülm etdilər, qoy içəridə çürüsünlər” deyib.
Bulut sürücüyə Türkiyə ordusunun mühakimə olunduğunu söyləyəndə isə o, belə cavab verib: “Mən türk-filan vecimə almıram. Mənə müsəlman ümmətindəndir, ya yox, o maraqlıdır. Türkdən mənə nə? Orta Asiyadakı türklər də, Azərbaycan da vecimə deyil. Mənim qardaşlarım müsəlman ərəblərdir”.
Qəzetçi yazır ki, bu sözlərdən sonra taksini saxlatdırıb və avtomobildən düşüb.
Bulutun sözlərinə görə, son bir neçə gündə nə Azərbaycanda, nə Orta Asiyanın türk coğrafiyasında olmuş, nə də oradakı soydaşlarla ünsiyyət və dostluq qurmuş, özünü ümmətçi sayan bir qrup cahil Türkiyə vətəndaşı Azərbaycana hücum edir. Onlar nə Azərbaycanın sosial-mədəni quruluşunu, nə də ölkədəki həssas tarazlığı tanıyırlar.

Qəzetçi hesab edir ki, bu hücumların səbəbi bəllidir: Azərbaycanda ümumtəhsil məktəblərinin ibtidai və orta pillələrində hicabın qadağan olunması və ölkənin İsraillə ticarət əlaqələri.
“Bundan sənə nə, ay adam? Azərbaycan başqa ölkədir. Öz bayrağı, parlamenti olan müstəqil dövlətdir. Sənin arxa bağçan deyil, kiçik qardaşın da deyil”, – deyə Bulut yazıb.
O, Türkiyənin İsraillə ticarətini dayandırmadığı halda Azərbaycanın bu ölkə ilə ticarətinə görə Bakını tənqid etməyin ziddiyyətli olduğunu bildirir. Bulut həmçinin hücum edənləri Qafqaz yəhudiləri barədə məlumatlı olub-olmadıqları barədə düşünməyə çağırır: “Qubada yəhudilərin yaşadığını bilirsənmi? Bakıda nə qədər Qafqaz yəhudisəninin məskunlaşdığından xəbərdarsanmı, ay cahil adam?”
Adnan Bulut Azərbaycanın da səbrini itirən və qəzəbini ağlından üstün tutan şəxslərinin olduğunu qeyd edib. Onun sözlərinə görə, onlar da bu cahil hücumlara Türkiyəni hədəfə almaqla cavab verməyə başlayıblar və sosial şəbəkələrdə “axmaqlıq yarışı” gedir.
Qəzetçi hər iki tərəfi ağıllı davranmağa çağıraraq yazıb: “Hər kəs ağlını başına toplasın. Sabah başımız dara düşsə, yenə bir-birimizə əl uzadacağıq. Bizə bizdən başqa heç kimin faydası olmaz. Bir dəli quyuya daş atıb, qırx ağıllı onu çıxara bilmir”.(Musavat.com)
Nyus.Az

























