
Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu oktyabrın 5-də ər-Riyadda Birgə Müdafiə üzrə Məkkə Razılaşması çərçivəsində yaradılmış Strateji Siyasi və Müdafiə Komitəsinin iclasında iştirak edəcəklər.
Nyus.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Türkiyə XİN rəhbərinin müttəfiqlərin ümumi təhlükəsizliyinə toxunan regional proseslərlə bağlı Ankaranın qətiyyətli mövqeyini diqqətə çatdıracağı gözlənilir.
Fidan husilərin hücumları fonunda Türkiyənin Səudiyyə Ərəbistanı ilə həmrəyliyini və dəstəyini bir daha təsdiqləyərək, müqəddəs məkanlara qarşı təxribatçı əməllərin yolverilməzliyini vurğulayacaq.
Türkiyənin xarici işlər naziri alyansın mövcud təhdidlərə birgə və effektiv cavab vermək, regional böhranların qarşısını almaq imkanlarının vacibliyini qeyd edəcək. O, regiondakı münaqişələrin dinc yolla həllinin prioritetliyini və gərginliyi artıracaq addımlardan çəkinməyin vacibliyini xüsusi olaraq diqqətə çatdıracaq.
Qeyd edək ki, bundan əvvəl Pakistanın xarici işlər naziri İshaq Dar gələn həftə saziş çərçivəsində Səudiyyə Ərəbistanındakı son vəziyyəti müzakirə etmək üçün təcili iclasın keçiriləcəyini bildirib.
NATO Müqaviləsinin 5-ci maddəsinə istinad edən Pakistan XİN rəhbəri Məkkə Razılaşmasına əsasən, üç ölkədən birinə ehtimal olunan hücumun bütün iştirakçılara edilmiş hücum kimi qiymətləndiriləcəyini bəyan edib:
"Biz Səudiyyə Ərəbistanını müdafiə etməyə borcluyuq".
İshaq Dar həmçinin 6-dan çox dövlətin bu hərbi-siyasi sazişə qoşulmaqda maraqlı olduğunu vurğulayıb. (Musavat.com)
Nyus.Az

























