
ABŞ Ukrayna müharibəsini dayandırmaq üçün münaqişə tərəflərinə hələ də siyasi-diplomatik təzyiqlər göstərməyə çalışır... Halbuki, Rusiya və Ukraynanın qarşılıqlı hərbi zərbələri artırmaq niyyətləri danışıqlar prosesinin olduqca mürəkkəb mərhələyə keçdiyini göstərir...
Ukrayna və Rusiya arasındakı müharibənin siyasi-diplomatik yolla dayandırılma perspektivi tədricən arxa plana keçməyə başlayıb. Belə ki, hazırda Ukrayna savaşı yenidən intensivləşərək, daha da kəskinləşir. Ona görə də, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə kompromis axtarışının tamamilə vaxt itkisi olduğunu bildirib. Eyni zamanda, Rusiya da Ukraynaya qarşı hərbi zərbələrin gücləndirəcəyini bəyan edib. Və bütün bunlar müharibənin siyasi nizamlanma deyil, məhz hərbi eskalasiya istiqamətlərinin indi daha ön plana keçdiyini göstərir.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna prezidenti Volodimir Zelenskinin qənaətinə görə, Rusiya qarşı tərəfin güzəştə getməyə hazır olduğunu hiss etdikdə, bunu yalnız zəiflik kimi qiymətləndirir. Belə olduqda isə Rusiya Ukraynaya qarşı daha sərt şərt-tələblər irəli sürməyə üstünlük verir. Və onun fikrincə, Rusiya ilə kompromis axtarmaq hər hansı pozitiv nəticə vermir, əksinə, bu istiqamətdə göstərilən cəhdlər isə yalnız Kremlin təzyiq imkanlarını daha da genişləndirir.
Bununla belə, Ukrayna lideri ABŞ-ın müharibəni dayandırmaq istəyinin səmimi olduğuna inandığını da vurğulayıb. Yəni, rəsmi Kiyev bir tərəfdən, Ağ Evin siyasi-diplomatik cəhdlərinə müsbət yanaşdığını nümayiş etdirir. Digər tərəfdən isə Rusiya ilə birbaşa güzəşt axtarışı prosesinə son dərəcə ehtiyatlı münasibət göstərir. Və bu baxımdan, Ukraynanın mövqeyindəki əsas fərq Kreml ilə sülh danışıqlarından deyil, məhz Rusiyanın irəli sürdüyü neoimperialist şərtlər əsasında kompromisdən imtina etməkdən ibarətdir.
Bütün bunlara paralel olaraq, savaş poliqonunda da hərbi qarşıdurmanın yeni mərhələsinin başlanmaq üzrə olduğu müşahidə edilir. Belə ki, prezident Volodimir Zelenski Ukraynanın Rusiya ərazisindəki enerji infrastrukturuna hərbi zərbələri bundan sonra daha da artıracağını vurğulayıb. Və onun sözlərinə görə, bu, Rusiyanın Ukrayna şəhərlərinə, xüsusilə də, mülki obyektlərə raket zərbələrinin intensivləşməsinə cavab xarakteri daşıyacaq.
Rəsmi Kiyevin iddialarına görə, Rusiyanin enerji və hərbi infrastrukturuna zərbələrin genişləndirilməsi Kremlin savaşı davam etdirmək imkanlarını mümkün qədər məhdudlaşdırmaq məqsədi daşıyır. Bəzi məlumatlara görə, Ukrayna kəşfiyyatı Rusiyanın şaxtalı qış aylarında ölkənin şəhərlərinə qarşı yeni taktika ilə zərbə planı hazırladığı barədə rəsmi Kiyevi xəbərdar edib. Həmin kəşfiyyat məlumatlarına görə, Kremlin əsas məqsədi Ukrayna şəhərlərində əhalinin yaşayış məntəqələrini kütləvi şəkildə tərk etməsinə səbəb ola biləcək dözülməz vəziyyət yaratmaqdır.
Ona görə də, rəsmi Kiyev bunun qarşılığında Rusiyanın hərbi və enerji obyektlərini daha dağıdıcı zərbələrlə hədəfə almağı planlaşdırır. Rəsmi Kiyev Ukraynanın məqsədinin mülki əhalini deyil, məhz Rusiyanın hərbi potensialını və enerji infrastrukturunu sıradan çıxartmaq olduğunu vurğulayıb. Və bu baxımdan, hər iki qarşıduran tərəfin yaxın aylarda daha dağıdıcı savaş modelinə keçməyə hazırlaşdığı artıq qətiyyən istisna edilmir.
Maraqlıdır ki, rəsmi Kiyevin son dağıdıcı zərbə planları barədə mesajlarına Kremlin reaksiyası isə gözlənildiyindən daha sərt olub. Belə ki, Rusiya Müdafiə Nazirliyi prezident Volodimir Zelenskinin son açıqlamalarına təhdidkar ritorika ilə qarşılıq verib. Yəni, Ukraynanın hərbi və hərbi-sənaye obyektlərinə, eləcə də onlarla əlaqəli infrastruktura zərbələrin artırılacağını bildirib. Bu isə müharibədə qarşılıqlı zərbələrin daha genişmiqyaslı xarakter ala biləcəyi ilə bağlı ehtimalları gücləndirir.
Belə görünür ki, qarşıduran tərəflər hazırda bir-birinə yönəlik yalnız hərbi deyil, həm də siyasi-psixoloji təzyiq məqsədi daşıyan təhdidkar mesajlar da göndərirlər. Rəsmi Kiyev Rusiyanın enerji gəlirlərinə və hərbi-sənaye imkanlarına zərbə vurmaqla, Kremlin savaşı əvvəlki intensivliklə davam etdirmək qabiliyyətini zəiflətməyə çalışır. Kreml isə bunun qarşılığında Ukraynanın hərbi infrastrukturu ilə yanaşı, ölkənin strateji və əlaqəli obyektlərinə daha intensiv zərbələr endirməklə, cavab verməyə hazır olduğunu qabardır.
Eyni zamanda, Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın son xəbərdarlığı da qarşıdurmanın genişlənmə riskinin Kreml tərəfindən açıq şəkildə ön plana çəkildiyini göstərir. Belə ki, o, xarici ölkə vətəndaşlarını, eləcə də, diplomatik nümayəndəliklərin əməkdaşlarını Ukraynaya səfərdən imtinaya və bu ölkənin ərazisini dərhal tərk etməyə çağırıb. Kreml təmsilçisi onu da bildirib ki, Rusiyanın bu xəbərdarlıqlarına məhəl qoymayan bütün şəxslər öz həyatlarını ciddi təhlükəyə atmış olurlar. Çünki Rusiya Ukraynaya qarşı “daha kütləvi cavab zərbələri” endirməyə davam edəcək.
Bu baxımdan, bir müddət öncə siyasi-diplomatik nizamlanma axtarışlarına israrlı cəhdlər edildiyi halda, indi birdən-birə hərbi təhdid ritorikasının daha da sərtləşdirilməsi ciddi ziddiyyətlər yaradır. Belə ki, ABŞ müharibəni dayandırmaq üçün münaqişə tərəflərinə hələ də siyasi-diplomatik təzyiqlər göstərməyə çalışır. Halbuki, Rusiya və Ukraynanın qarşılıqlı hərbi zərbələri artırmaq barədə mesajları danışıqlar prosesinin olduqca mürəkkəb mərhələyə keçdiyini göstərir.
Belə anlaşılır ki, Ukrayna savaşı ətrafında indi bir-birinə paralel iki prosesin toqquşması qaçılmaz xarakter daşıyır. Əgər, bu iki ziddiyyətli xətt arasında hərbi-siyasi balansın yaradılması mümkün olmasa, Rusiya və Ukraynanın qarşılıqlı dağıdıcı zərbələri qış aylarında daha amansız xarakter ala bilər. Və bu haldasa, Ukrayna müharibəsinin daha təhlükəli mərhələyə keçə biləcəyi qətiyyən istisna deyil. "Yeni Müsavat"
Nyus.Az

























