
“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi tərəfindən işıqlandırma üçün lazımi mal-materialın satınalınması üzrə 10.04.2026-cı ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “İNTERKABEL” FİRMASI seçilib və tərəflər arasında 5.298.259,73 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 11.09.2026-cı ildə dərc edilib.
Maraqlıdır ki, portalda müqavilənin icrasına başlama tarixi də bitmə tarixi də 11.09.2026-cı il göstərilib.
Qeyd edək ki, bu “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi ilə “İNTERKABEL” firması arasında bağlanan ilk satınalma müqaviləsi deyil.
İşıqlandırma üçün materialların satınalınması üzrə bir müqavilə də tərəflər arasında 16.05.2025-ci ildə bağlanılıb. Bu müqavilənin dəyəri 2.670.677,83 manat təşkil edib.
Ümumiyyətlə isə “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi ilə “İNTERKABEL” firması arasında 22.05.2020-ci ildən bu yana ümumi dəyəri 21 082 579 manat olan 10 satınalma müqaviləsi bağlanılıb.
Rəsmi saytında yerləşdirilmiş məlumata görə “İnterkabel” firması 25 ildən çoxdur ki, Azərbaycan Respublikasının elektrotexniki bazarında fəaliyyət göstərir. Artıq respublika satış bazarında özünü tanıdan, müxtəlif sahələr üçün kabel və məftil, transformator və elektrik məhsullarının topdan və pərakəndə satışında ixtisaslaşmış fəal inkişaf edən bir şirkətdir.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə “İNTERKABEL” (VÖEN:1400410421) Firması 16.09.1997-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan firmanın hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, NƏCƏF NƏRİMANOV, ev.5A-da yerləşir. Qanuni təmsilçisi Babayev Ramil Arif oğludur.
Firmanın təsisçisi və ilk qanuni təmsilçisi Molanov Yasin Xanoğlan oğlu olub. Manafov Rafiq Hidayət oğlu da firmanın qanuni təmsilçisi olub. Yalnız elan saytlarının birində MMC nin rəhbəri Fəxrəddin Ələkbərov göstərilib.
Qeyd edək ki, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi Bakı şəhər İcra Hakimiyyətinə tabe olan, əsasnaməsinə görə məhəllədaxili yolların və həyətlərin, həmçinin yaşayış binalarının giriş qapılarının işıqlandırılmasına nəzarət funksiyasını yerinə yetirən bir qurumdur. İdarənin rəisi Eldar Eldarovdur.
Məlumatlara görə Eldar Əzizovun 2018-ci ilin noyabrında Bakı şəhər İcra Hakimiyyıtinin başçısı təyin edilməsindən az sonra Eldar Eldarov “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin direktor təyin etmişdir. Məlumatlara görə milliyətcə ləzgi olan Eldar Eldarov başçı adaşından başqa Bakı şəhər İcra Hakimiyyıtində heç kimi saymır.
Onu da qeyd edək ki, sözügedən qurum həm də Bakı şəhər İcra Hakimiyyətində ən çox dövlət vəsaiti ayrılan və ən çox da dövlət vəsaitinin mənimsənildiyi bir yerdir. Məlumatlara görə idarənin balansında xeyli sayda nəqliyyat vasitəsi var. İdarənin rəisi Eldar Eldarov avtonəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınmasından da kifayət qədər gəlir əldə edir. Bundan əlavə Eldar Eldarov aylarla dayanan nasaz avtomobillərə də iş vərəqi yazaraq yanacaq silir.
Bir sözlə Bakı şəhər İcra Hakimiyyıtinin başçısı adaşına arxayın olan Eldar Eldarov “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsini istədiyi kimi idarə edir, istəmədiyini işdən çıxarır, istədiyini isə yüksək maaşla işə qəbul edir.
Məsələn Eldar Eldarov vəzifə başına keçən kimi “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi bir gün ərzində “Xəzər Elektrik” MMC ilə 1 400 357,92 manat məbləğində, “Aktif Elektrik” MMC ilə 1 862 942.70 manat məbləğində müqvilə bağlanmışdır.
Adıçəkilən “Aktif Elektrik” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 05.06.2017 ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Hüseynov Mahir Ədalət oğlu olan MMC-nin nizamnamə kapitalı 1 672 500.00 manat,hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, NƏCƏF NƏRİMANOV, ev 5A, mənzil 25 göstərilib.
Göründüyü kimi “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin milyon manat dəyərində müqavilə bağladığı “Aktif Elektrik” MMC-də, “İnterkabel” firması da eyni ünvanda yerləşir. Bu isə şirkətlərin tender prosedurlarına bir nəfər tərəfindən cəlb edildiyini və idarə olunmasını deməyə əsaslar verir.
Satınalmaların portalından əldə etdiyimiz rəqəmlərdən də göründüyü kimi Eldar Eldarov “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin başına rəhbər təyin edildikdən sonra, yəni son altı ildə Bakı şəhərində işıqlandırma üçün lazımi mal-materialın satın alınmasına 25 milyon manatdan çox dövlət vəsaiti xərclənib. Əsasnaməsinə görə məhəllədaxili yolların və həyətlərin, həmçinin yaşayış binalarının giriş qapılarının işıqlandırılmasına nəzarət edən bu qurumun gördüyü işlər də göz qabağındadır. Paytaxtın mərkəzi küçələrindən başqa ətraf ərazilərdə küçə və məhəllədaxili işıqlandırma bərbad vəziyyətdədir.
(Aktualinfo.net)
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Nyus.Az

























