
Abşeron rayonunun Masazır qəsəbəsindəki "Bağçalı Evlər MTK" tərəfindən ərsəyə gətirilən “Qurtuluş-93” Yaşayış Kompleksində binaların zirzəmilərinin, birinci mərtəbələrinin qeyri-yaşayış obyektlərinə çevrilməsindən gedirdi. Birinci mərtəbələrdəki mənzilləri, otaqları bir-birindən ayıran divarların, sütunların, dəmir-beton konstruksiyaların sökülərək, məkan qeyri-yaşayış obyektinin təyinatına uyğunlaşdırılmasının binanın özünə, üst mərtəbələrdə yaşayan sakinlərə vəd etdiyi təhlükə barədə xəbərdarlıq edilir, konkret ünvanlar göstərilirdi: “Hal-hazırda sözügedən massivdəki 12 A saylı bina qeyd olunan səbəbdən qəzalı vəziyyətə düşüb. Binanın sakinlərinin “Nyus.az” saytının redaksiyasına verdikləri şikayət xarakterli məlumatı dəqiqləşdirmək məqsədilə əməkdaşlarımız həmin ünvana yollanıb yerində video-çəkiliş aparıblar."
Yazıda həmçinin M.Novruzovun adının əvvəllər də bir sıra qalmaqallarda hallandığı, on un inşa etdirdiyi binalarda pulun tam ödəməsinə baxmayaraq, yüzlərlə sakinin hələ də tam əmlak sahibi hüququnu təsdiq edən "çıxarış" ala bilmədiyi, eyni zamanda uzun illər tikinti şirkətinin söz verməsinə baxmayaraq, binaların qazlaşdırılmadığı yada salınırdı.
Bu günlərdə sorğumuza cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətindən redaksiyamızın e-mail poçtuna göndərilən cavab məktubunda bildirilir ki, RİH-nin əməkdaşları Masazır kəndi ərazisində monitorinqlər keçiriblər və “Qurtuluş-93” MMC-nin rəhbərliyi tərəfindən 12 A, 23 A, 29 A saylı binaların zirzəmisində qeyri-qanuni olaraq qazıntı işlərinin aparılması və şəhərsalma norma və qaydalarının kobud şəkildə pozulması faktı aşkar olunmuşdur.
Maraqlıdır, fərdi evi olan sakin həyətində bir əldamı tikəndə RİH-nin əməkdaşları monitorinq aparmasalar belə dərhal xəbər tutur, peyda olub tikilini dərhal sökdürə bilirlər. Amma Hacı Məhərrəmin miqyasca nəhəng olan qanunsuz əməlini yalnız “aşkar etməklə” kifayətlənirlər. Yaxşı bilirlər ki, M.Novruzov öz xoşu ilə, eşitdiyi xəbərdarlıqlara məhəl qoyan deyil, qanunsuz tikintiləri davam etdirməkdədir. RİH və digər aidiyyəti qurumlar niyə nəzərə almırlar ki, qanunsuz inşaat işləri nə qədər tez dayandırılsa, söküntüyə və binanın əvvəlki vəziyyətinin bərpasına da bir o qədər az resurs lazım olar. Əgər məmurlar ziyanın yarısından da qayıtmağın faydasına göz yumurlarsa, belə çıxır ki, M.Novruzova işini başa çatdırması üçün bilərəkdən vaxt qazandırırlar.
Nisa Şirvanlı
Nyus.Az


























