
Paytaxtın Xətai rayonunda top mərmisi tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) virtualaz.org-a verilən məlumata görə, martın 26-da saat 16:13-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 7 ünvanında 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Xətai Rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Yuxarıda adı qeyd olunan əraziyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssislərinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə həyata keçirdiyi təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Zenit top mərmisi ətrafında 2,500 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Nyus.Az

























