
Əslən Monqolustandan olan ən böyük sumo çempionu yokozuna Hakuho Yaponiya vətəndaşlığı alıb.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat sentyabrın 3-də hökumət mənbələrində yayılıb.
Sumo aləmində böyük çempion yokozuna Hakuho kimi tanınan monqol idmançı pensiyaya çıxdıqdan sonra bu sahədə usta məşqçi kimi qalaraq gənc idmançılar yetişdirməyi planlaşdırır. 34 yaşlı bu idmançı sumo üzrə rekord sayda - 42 böyük turnirin qalibi olub.
Qeyd edək ki, Yaponiya Sumo Assosiasiyasının qaydalarına əsasən, bu gündoğar ölkədə məşqçi kimi qalmaq istəyən bütün əcnəbi idmançılar Yaponiya vətəndaşlığı almalıdırlar.
Hakuho iyunda vətəndaşlıqdan imtina barədə Monqolustan hökumətinin razılığını aldığını bildirib.
Əvvəllər ABŞ-ın Havay ştatından olan böyük çempion Musaşimoru və sumo aləmində şkivake dərəcəsi almış monqol Kiokutenho da məşqçi kimi Yaponiyada qalmaq üçün bu ölkənin vətəndaşlığını alıblar.
Nyus.Az

























