
Ermənistanın Dövlət Gəlirləri Komitəsinin əməkdaşlarından 3-ü külli miqdarda rüşvəti qəbul edərkən yaxalanıblar.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Komitənin 10-cu bölməsinin rəis müavini Samson Arakelyan 1 milyon dram məbləğində rüşvət alarkən cinayət başında həbs olunub.
Eyni zamanda, həmin bölmənin digər iki müfəttişi - Suren Eloyan və Vaqarşak Lalayan da şantajla məşğul olmaqda və rüşvət qəbul etməkdə şübhəli bilinərək həbs ediliblər.
Qeyd olunur ki, Komitənin əməkdaşları nüfuzlu şirkətlərdən birinin direktorunun ötürdüyü məlumat əsasında ələ keçiriliblər. Belə ki, Dövlət Gəlirləri Komitəsinin işçiləri həmin şirkətdə yoxlamalar zamanı süni maneələr ortaya çıxmaması qarşılığında direktordan pul tələb ediblər.
Hazırda faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
Nyus.Az

























