
Yəməndəki “Ənsarullah” qüvvələri Səudiyyə Ərəbistanının dərinliklərinə qarşı genişmiqyaslı raket və pilotsuz uçuş aparatı əməliyyatları həyata keçirib.
Nyus.Az xəbər verir ki, əməliyyatların Səudiyyə Ərəbistanının son 24 saat ərzində Yəmən ərazisinə endirdiyi 60-a yaxın hava və raket zərbəsinə cavab olaraq həyata keçirildiyi bildirilir.
“Ənsarullah” üç iri əməliyyat keçirdiyini açıqlayıb.
İlk əməliyyatın əsas hədəfi paytaxt Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı olub. Ər-Riyadın şimalında güclü partlayışların eşidilməsi barədə məlumatlar yayılıb. Hücum nəticəsində hava əlaqəsinin pozulduğu bildirilir.
İkinci böyük zərbə Səudiyyə Ərəbistanının enerji infrastrukturu istiqamətində endirilib. Rabiqdə yerləşən Saudi Aramco neft emalı kompleksi hədəfə alınıb. Obyektdə yanğın baş verdiyi barədə məlumat yayılıb.
Üçüncü əməliyyat isə daha geniş ərazini əhatə edib. Abha hava limanı, Xamis-Müşeyt aviabazası, Əsir bölgəsindəki Akafa düşərgəsi, eləcə də Nəcran və Cizandakı digər obyektlər raket və pilotsuz uçuş aparatlarının hədəfinə çevrilib.
Diqqətçəkən məqam hücumların 5 oktyabrda Ər-Riyadda keçirilən Məkkə Müdafiə İttifaqının fövqəladə toplantısının dərhal ardınca baş verməsidir. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan həmin toplantıda kollektiv müdafiə öhdəliklərinin praktiki icrasına dərhal başlanması və razılaşdırılmış hərbi qüvvə və imkanların Səudiyyə Ərəbistanına sürətlə yerləşdirilməsi barədə qərar qəbul edib.
Faktiki olaraq, üç ölkənin müdafiə qərarının mürəkkəbi qurumamış Səudiyyə Ərəbistanının paytaxtı, beynəlxalq hava limanı, enerji və hərbi infrastrukturu yeni raket-dron hücumlarının hədəfinə çevrilib. Hadisələrin bu ardıcıllığı Yəməndəki qarşıdurmanın Türkiyə və Pakistanın da daxil olduğu kollektiv müdafiə mexanizminin işə salındığı daha geniş regional hərbi gərginlik mərhələsinə keçdiyini göstərir.
“Ənsarullah” bununla yanaşı beynəlxalq aviaşirkətlərə Səudiyyə Ərəbistanının hava məkanından istifadəni dayandırmaq barədə xəbərdarlıq edib və həmin hava məkanını öz qüvvələrinin əməliyyat zonası elan etdiyini bildirib.
Məkkə və Mədinə üzərindəki hava məkanı isə bu xəbərdarlığın əhatə dairəsindən çıxarılıb.(Musavat.com)
Nyus.Az

























