
Rusiya Ordusu Kiyev vilayətinə ballistik və hipersəs raketləri ilə kütləvi zərbələr endirib.
Nyus.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri və monitorinq kanalları məlumat yayıb.
Saat 05:03-ə olan məlumata görə, Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko zərbələrin fəsadları barədə açıqlama verib.
Vışqorodda xilasedicilər dağılmış fərdi yaşayış evinin dağıntıları altından üç nəfəri, o cümlədən bir uşağı xilas ediblər.
Təəssüf ki, dağıntılar altından daha bir uşağın meyiti aşkarlanıb və xilasedicilər onun çıxarılması istiqamətində işləri davam etdirirlər. Vışqorod rayonunda fərdi evlərə ciddi ziyan dəyib, yanğınlar baş verib.
Buça rayonunda isə 3 fərdi ev, 11 avtomobil və 2 anbar binası zədələnib, yanğın qeydə alınıb.
Eyni zamanda Buça, Vışqorod və Obuxov rayonlarında infrastruktur obyektlərinə dəymiş zərər müəyyənləşdirilib. Kiyevdə zərbələr nəticəsində iki nəfərin xəsarət aldığı, yaralanan bir qadının xəstəxanaya yerləşdirildiyi bildirilir.
Məlumata əsasən, hücum zamanı Kursk, Voronej və Bryansk vilayətlərindən müxtəlif tipli 20-yə yaxın raketdən ("Tsirkon", KN-23, S-400, "İskəndər-M") istifadə olunub.
Zərbələr əsasən energetika infrastrukturuna yönəlib. Sosial şəbəkələrdə paytaxtın bəzi ərazilərində elektrik enerjisinin kəsildiyi və su təchizatında fasilələr yarandığı qeyd edilir.
Kiyev meri Vitali Kliçko Svyatoşino rayonundakı fərdi sektorda yanğın baş verdiyini açıqlayıb. Kiyev Şəhər Hərbi Administrasiyası (KMVA) isə Qoloseyevo rayonunda anbar binasında, Obolon rayonunda isə bir mağazada yanğın qeydə alındığını diqqətə çatdırıb.
Xatırladaq ki, "The Guardian" nəşri təkcə ötən həftə ərzində Rusiya raketləri və PUA-larının Kiyevdə yaşayış binalarını, ofisləri, anbarları və məlumatların emalı mərkəzlərini hədəf aldığını yazıb.
Ukrayna paytaxtına demək olar hər gün endirilən zərbələr mülki şəxslərin həlak olmasına və ya yaralanmasına səbəb olur. Bu da Kiyevin 2022-ci ildə başlanan genişmiqyaslı işğaldan bəri ən kütləvi hücumlara məruz qalan cəbhəboyu şəhərlərdən birinə çevrildiyi reallığını daha da gücləndirir. (Musavat.com)
Nyus.Az

























