
Avropa İttifaqı Rusiyanın blok ölkələrindəki hərəkətlərinə qarşı yeni cavab tədbirləri hazırlayır.
Nyus.Az Bloomberg-ə istinadən xəbər verir ki, üzv dövlətlərin nümayəndələri qarşıdakı həftələrdə həm Rusiya vətəndaşlarının Aİ ərazisində hərəkətinə, həm də Rusiya diplomatik korpusunun işinə təsir göstərə biləcək mümkün məhdudiyyətləri müzakirə edəcəklər.
Agentliyin qapalı danışıqlardan xəbərdar mənbələrinə görə, Aİ ölkələrinin nümayəndələri qarşıdakı həftələrdə mümkün təklifləri müzakirə etmək üçün görüşəcəklər.
Mümkün addımlar arasında Rusiya vətəndaşları üçün turist vizalarına qoyulan məhdudiyyətlərin sərtləşdirilməsi də var. Aİ ölkələri həmçinin Rusiya diplomatlarının blok daxilində hərəkətini məhdudlaşdıra bilər. Başqa bir seçim isə "kölgə donanmasına" aid gəmilərə qarşı sanksiyaların genişləndirilməsidir. Söhbət Qərb məhdudiyyətlərini aşaraq Rusiya neftinin daşınması üçün istifadə edilən tankerlərdən gedir.
Bloomberg mənbələrinə görə, konkret təkliflər hələlik müzakirə mərhələsindədir.
Leypsiqdəki dron hadisəsi Avropa liderlərinin Rusiya hibrid fəaliyyətinin intensivləşməsi ilə bağlı yeni xəbərdarlıqlarına səbəb olub. Moskva bu yaxınlarda Polşada dəmir yolu və zavod partlayışı, eləcə də İtaliya zavodunu sabotaj etmək üçün mümkün sui-qəsdlə əlaqələndirilib. (Musavat.com)
Nyus.Az

























