
Böyük Britaniya parlamenti 2009-cu il yanvarın 1-dən sonra doğulan şəxslərə tütün məmulatlarının satışını qadağan edən qanunu qəbul edib.
Nyus.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
"Tütün və Veyplər haqqında" qanun layihəsi (Tobacco and Vapes Bill) parlamentin hər iki palatasında bütün mərhələləri keçib. Gələn həftə kralın razılığı alındıqdan sonra sənəd rəsmən qüvvəyə minəcək. Sənədə əsasən, 2009-cu il yanvarın 1-i və ya ondan sonra doğulan heç kəs Böyük Britaniya ərazisində qanuni yolla tütün məmulatları ala bilməyəcək.
Səhiyyə naziri Ues Stritinq bu qərarı "millətin sağlamlığı üçün tarixi an" adlandırıb:
"Britaniyadakı uşaqlar ömürlük asılılıqdan və zərərdən qorunan ilk tüstüsüz nəslin bir hissəsi olacaqlar".
Yeni qanun həmçinin nazirlərə ictimai yerlərdə mövcud siqaret çəkmə qadağasını gücləndirmək səlahiyyəti verir. Artıq bu qadağa uşaq meydançalarını, məktəb və xəstəxana ətrafındakı əraziləri də əhatə edəcək.
Bununla yanaşı, qanun elektron siqaretlərin (veyplərin) və nikotin məhsullarının uşaqlar üçün markalanmasını, təşviqini və reklamını da qadağan edir.
"Action on Smoking and Health" (ASH) və "Asthma and Lung UK" kimi nüfuzlu təşkilatlar bu addımı ictimai səhiyyə üçün "həlledici dönüş nöqtəsi" kimi qiymətləndiriblər.
Tütünlə mübarizə bütün Avropada sürətlənir. Məsələn, 2025-ci ilin iyul ayından etibarən Fransada çimərliklərdə, parklarda, məktəb və kitabxana yaxınlığında siqaret çəkmək qadağan edilib və qayda pozanları 700 avroya qədər cərimə gözləyir. (Musavat.com)
Nyus.Az

























