
Vaşinqton administrasiyası Venesuelanın mülki təhlükəsizlik üzrə vitse-prezidenti və daxili işlər, ədliyyə və sülh naziri Diosdado Kabellonu öldürməklə və ya qaçırmaqla hədələyib.
Nyus.Az Reuters-ə istinadən xəbər verir ki, ABŞ hakimiyyəti Kabelloya fəaliyyətdə olan Venesuela prezidenti Delsi Rodrigezin ABŞ-ın tələblərini yerinə yetirməsinə və asayişi qorumasına kömək etməsə, hədəf siyahısının başında ola biləcəyinə dair xəbərdarlıq çatdırıb.
Reuters-in məlumatına görə, Vaşinqton administrasiyası Kabellonun ABŞ tərəfindən qaçırılan Venesuela prezidenti Nikolas Maduroya sadiq qaldığına inanır. ABŞ keçid dövründə "Kabellonu əməkdaşlığa məcbur etmək" və sonra isə "onu hakimiyyətdən uzaqlaşdırmaq və sürgünə göndərmək" ümidindədir.
Agentliyin məlumatına görə, ABŞ tərəfi "vasitəçilər vasitəsilə Kabelloya məlumat verib ki, əgər o, inadkarlıq göstərərsə, Maduro ilə eyni aqibətlə üzləşə" və ya "həyatı təhlükədə ola bilər". Eyni zamanda nəşr qeyd edir ki, ABŞ tərəfi Kabelloya qarşı sui-qəsdin Venesuelada xaosa səbəb ola biləcəyindən qorxur.
Mənbələr əlavə ediblər ki, ABŞ hökumətinin nöqteyi-nəzərindən Venesuela müdafiə naziri Padrino Lopes də "hədəf siyahısındadır". Agentliyin məlumatına görə, Vaşinqton bu nazirdən də əməkdaşlıq istəyir.
Məlumata görə, Vaşinqton administrasiyası hesab edir ki, keçmiş parlament üzvü və Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçadonun rəhbərlik etdiyi Venesuela müxalifəti bu mərhələdə ölkədə "sülhü qoruya bilməyəcək". ABŞ hesab edir ki, Rodrigezin müvəqqəti olaraq rəhbərlikdə olması onlar üçün daha sərfəlidir. Vaşinqton digər məsələlərlə yanaşı, Rodrigezdən narkotik qaçaqmalçılığı ilə mübarizə aparmağı, "Kuba təhlükəsizlik mütəxəssislərini" ölkədən çıxarmağı və "Venesuelanın İranla əməkdaşlığına son qoymağı" tələb edir.//Musavat.com//
Nyus.Az

























