
ABŞ-ın xarici ölkəyə ilk rəsmi səfərə yola düşən vitse-prezidenti Kamala Harrisin təyyarəsində uçuşdan bir neçə dəqiqə sonra texniki nasazlıq yaranıb.
Bu barədə vitse-prezidentin baş məsləhətçisi və mətbuat katibi Simona Sanders məlumat verib.
O bildirib ki, təyyarə Endryus hərbi bazasına qayıdıb. Simona Sandersin sözlərinə görə, vitse-prezident təyyarəni dəyişəcək və Qvatemalaya uçuşunu davam etdirəcək: “Bu, texniki problemdir. Təhlükəsizlik üçün ciddi narahatlıq yoxdur".
Harrislə birlikdə xarici səfərə yola düşən jurnalistlər isə bildiriblər ki, təyyarə yerli vaxtla saat 14:22-də (Bakı vaxtı ilə saat 22:22) bazadan uçub, amma saat 14:53-də (Bakı vaxtı ilə saat 22:53) geri qayıdıb. Onlar qeyd ediblər ki, uçuş vaxtı şassidə qeyri-adi səs-küy eşidilib, ancaq enmə tamamilə normal olub.
Harris 7-8 iyun tarixində Meksika və Qvatemala səfər edəcək. O, Amerika-Meksika sərhədi vasitəsilə ABŞ-a kütləvi mühacirət problemini müzakirə etmək niyyətindədir.
Virtualaz.org

























